Qarabağ problemi: savaşa doğru, yoxsa danışıqlar?

Qarabağ problemi: savaşa doğru, yoxsa danışıqlar?
17:17 17 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu 2-ci Qareginlə bu yaxınlarda görüşmək niyyətindədir.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə keçiriləcək görüşün Moskvada baş tutacağı gözlənilir.

Görüşün tarixi və müddəti hələlik bəlli olmasa da, müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi, bu konfliktin dinc danışıqlar vasitəsilə nizamlanması olacağı ehtimal edilir.

Görüş Ermənistanın mövqelərinə hər hansı formada təsir edərək rəsmi İrəvanı işğalçılıq və terrorçuluq siyasətinə son qoyaraq ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlarda aqressiv ritorikadan vaz keçməyə sövq edə bilərmi?

Sual maraqlıdır, amma cavabı bəsitdir: çətin ki...

Azərbaycanın, Rusiyanın və Ermənistanın dini liderləri son 20 ildə az qala hər il görüşüblər, bir araya gəliblər, Dağlıq Qarabağ münaqişəsinin çözülməsinə çalışıblar.

Ermənistanın tutduğu aqressiv mövqe, Rusiyanın da İrəvana havadarlıq etməsi nəticəsində situasiya dəyişməyib.

İndisə ümid olduğu vurğulanır və bu görüşə rəsmi Moskva təkan verib.

Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

Rusiya XİN-nin görüşlə bağlı yaydığı rəsmi açıqlamada deyilir: "Tərəflər ötən il Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə olunmuş razılaşmalara riyət olunmasının vacibliyini vurğulayıblar. Azərbaycanın və Ermənistanın XİN başçıları münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində səylərinə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrova minnətdarlıqlarını bildiriblər. Məlum olub ki, Bakının və İrəvanın siyasi iradəsi Dağlıq Qarabağ münaqişəsi zonasında sülhün bərqərar olmasına yönəlib".

Nazirlər Dağlıq Qarabağ münaqişəsindəki situasiyanı Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandla (ABŞ) müzakirə ediblər. 

Lakin görüşün keçirildiyi gün ermənilər yenə atəşkəsi pozublar, Ermənistan ordusu mövqelərimizi atəşə tutub.

Aprelin 28-dən bəri hər gün ermənilər atəş açırlar, son günlərdə isə iri çaplı silahlardan və artilleriyadan daha intensiv istifadə edirlər.

Ermənistanın baş naziri Karen Karapetyan isə ölkəsinin mövqeyini çox konkret açıqlayıb: "Biz sülh istəyirik, amma bu sülhün qəbul edə biləcəyimiz hesabı, qiyməti var".

Yəni K.Karapetyan Dağlıq Qarabağ münaqişəsi ilə danışıqlarda İrəvanın mövqelərində faktiki olaraq heç bir dəyişiklik etməyəcəyini vurğulayıb.

Allahşükür Paşazadə ilə 2-ci Qaregin arasındakı görüşün, aparılacaq müzakirələrin Minsk formatının işlək olması üçün əlavə mexanizm olacağını da vurğulayanlar var.

Biz də buna inanmaq istərdik, amma real olsaq, nikbinlik üçün heç bir əsas yoxdur. Artıq 25 ildir ki, rəsmi Bakı Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırır və belə şəraitdə Azərbaycanın qəflətən, səbəbsiz şəkildə 2-ci Qareginin açıqlamalarının Ermənistan prezidenti Serj Sarkisyanın diktaturasının davranışına təsir edəcəyini düşünmək xam xəyal olardı.

Ən azı ona görə ki, danışıqlarda Ermənistana inanmaq, İrəvanın tələblərini dözümlülüklə qarşılamaq, şərtlərinə etimad göstərmək, istəklərini soyuqqanlıqla dinləmək mümkün deyil.

Üstəlik, siyasi formatda problemlərin ən səthi, üzdə olanları belə, çözülməyib.

Məsələn, Ermənistana atəşkəsi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq olunsa da, ermənilər elə erməni xisləti ilə davranırlar.

Bundan başqa, Azərbaycanın və Ermənistanın dini liderlərinin görüşü format baxımından da yeni deyil. Xatırladaq ki, ilk belə görüş, habelə müzakirələr 1988-ci ilin mayın 4-də, Rusiyanın Rostov-Don şəhərində olmuşdu. Həmin görüşdən sonra şeyxülislam Allahşükür Paşazadə və o dönəmdə ermənilərin katolikosu olan 1-ci Vazgen birgə bəyanat yayaraq Dağlıq Qarabağ münaqişəsindəki tərəfləri sülhə, konfliktin də dinc danışıqlar yolu ilə həllinə çağırmışdılar.

1993-cü ilin fevralında Ümumdünya Kilsələr Şurası və Avropa Kilsələri Konfransının təşəbbüsü ilə İsveçrənin Montre şəhərində şeyxülislamla katolikos ikinci dəvə görüşmüşdülər. Məzkur görüşdən sonra yayılan birgə bəyanatda deyilirdi ki, münaqişənin heç bir dini motivi yoxdur.

1995-ci ildə Rusiyanın həmin dönəmdəki patriarxı 2-ci Aleksinin təşəbbüsü ilə şeyxülislamla katolikos yenə görüşdülər və Dağlıq Qarabağ münaqişəsinin kökündə dini məqamların durmadığını bir daha bəyan etdilər.

2000-ci ildən bəri isə Ermənistan katolikosu 2-ci Qareginlə şeyxülislam Allahşükür Paşazadə Rusiya Pravoslav Kilsəsinin ierarxının təşəbbüsü ilə dəfələrlə görüşüblər.

2010-cu ilin aprelin 26-da isə ermənilərin katolikosu Dağlıq Qarabağ münaqişəsi başlanan gündən sonra ilk dəfə Bakıya ayaq basmışdı. 2-ci Qaregin Bakıda keçirilən Dini Liderlərin Zirvə Toplantısına qatılmışdı. Sammit əsnasında şeyxülislam A.Paşazadə ilə 2-ci Qaregin görüşdülər, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasının labüdlüyünü vurğuladılar.

2011-ci il noyabrın 28-də isə A.Paşazadə erməni katolikosun dəvəti ilə İrəvana, MDB-nin Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasına yollandı.

Daha sonra Moskvada bir neçə görüş oldu.

Hər belə görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsi ilə bağlı standart məzmunlu bəyanatlar səsləndirilib.

Və ən nəhayət - ermənilərin katolikosu 2-ci Qaregin ikiüzlü, məkrli, hiyləgər və siyasi ləyaqətlə məntiq hisslərindən məhrum insandır.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər görüşdə sülhə, danışıqlara, dinc yolla çözümə tərəfdar olduğunu deyir, aqressiyaya və militarist ritorikaya qarşı çıxan dini lider obrazı yaratmağa çalışır.

Lakin İrəvana qayıdan kimi 2-ci Qaregin "Azərbaycan məğlub edilməlidir", "Sizə torpaqlar uğrunda savaş üçün xeyir-dua verirəm" və s. kimi şovinist, dövlət terrorçu ruhlu, ksenofob bəyanatlar verir.

Problem 2-ci Qaregində yox, Ermənistandakı siyasi elitanın formatında, hakimiyyətin doktrinasında, kütləvi psixoza çevrilmiş düşüncə tərzindədir.

2-ci Qaregin sadəcə, S.Sarkisyan rejimində dövlət məmurudur və o, heç bir halda Ermənistanın dini lideri deyil.

Amma nə etməli ki, alternativ olmadığından 2-ci Qaregin kimi marionetka ilə eyni masa arxasına oturmalıyıq.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/545801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR