İslamiada: Güləşçilərimizdən 4 medal

İslamiada: Güləşçilərimizdən 4 medal
21:57 17 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçrilən IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. Fanat.Az xəbər verir ki, əvvəlcə yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulub.

 

İlk gündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. 


59 kq

Bu çəkidəki təmsilçimiz Murad Məmmədovun ilk rəqibi Mohammad Nurbaxş (İran) olub. Onu 10:4 hesabı ilə üstələyən idmançımız yarımfinalda qırğızıstanlı Kanıbek Yolçubekova yenilib – 3:5. Məmmədov bürünc medal uğrunda görüşdə İordaniyadan olan Rayek Mustafa Alqade ilə üz-üzə gəlib. Vaxtından əvvəl qələbə qazanan güləşçimiz "bürünc"ə yiyələnib.   

 

71 kq

Olimpiadanın bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev 1/4 finaldakı rəqibi Akrem Bucemlin (Əlcəzair) önündə çətinlik çəkməyib. Vaxtından əvvəl xalçanı qalib tərk edən (8:0) Çunayev yarımfinalda Məhəmmədəli Gerai (İran) ilə qarşılaşıb. Pəhləvanımız 5:0 hesabı ilə önə keçməsinə baxmayaraq, bu üstünlüyü qoruya bilməyib. Nəticədə məğlubiyyətlə üzləşən 26 yaşlı güləşçi “bürünc” üçün yarışıb. Onun yarışdakı son rəqibi türkiyəli İlkər Sönməz olub. Bu görüşdə qələbə qazanan Çunayev aktivinə bürünc medal yazdırıb. 

 

80 kq

Bu çəkidəki idmançımız Rafiq Hüseynov ardıcıl qələbələrlə zala toplaşanları sevindirib. 1/4 finalda qırğızıstanlı Atabek Azisbekova (5:1), yarımfinalda isə əlcəzairli Baçir Sid Azaraya (10:1) qalib gələn Avropa çempionumuz həlledici görüşdə Yusef Qaderiana (İran) ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Son xalı rəqib qazandığından, çempion iranlı güləşçi olub. Hüseynov isə gümüş medalla kifayətlənib.  

 

98 kq

Azərbaycanı bu çəkidə Orxan Nuriyev təmsil edib. 1/4 final mərhələsində Tayab Raza ilə görüşən gənc güləşçimiz pakistanlıya göz açmaq imkanı verməyib – 9:0. 22 yaşlı idmançının final yolundakı son rəqibi Rustam Assakalov (Özbəkistan) olub. Bu dəfə 5:0 hesablı qələbəyə sevinən Nuriyev həlledici görüşdə qırğızıstanlı Uzur Cuzupbekovla qarşılaşıb. İdmançımız yenə rəqibinə aman verməyib. 5:0 hesabı ilə üstün olan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarında güləş yığmamıza ilk qızıl medalı qazandırıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiada-gulcilrimizdn-4-medal-t58155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR