Azərbaycanda islam bankçılığının tanıdılması üçün memorandum imzalanıb

Azərbaycanda islam bankçılığının tanıdılması üçün memorandum imzalanıb
11:07 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ İslam İnkişaf Bankı (IDB) qrupunun üzvü olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, Islamic Corporation for Development of the Private Sector) və “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, anlaşma memorandumu islam bankçılıq məhsullarının Azərbaycanda tanıdılması və Azərbaycanın bankçılıqla bağlı qanunvericiliyində islam bankçlığının yer alması üçün danışıqları nəzərdə tutur.
Bu memorandumun imzalanması ilə hər iki təşkilat səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə informasiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün əməkdaşlıq edəcək. Əməkdaşlığa birgə investisiya forumları, bazar araşdırmaları, peşəkar proqramlar, seminarlar, nəşrlər, təhsil turlarının təşkili də daxildir.
"Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov bildirib ki, Azərbaycan və ərəb ölkələri arasında son illərdəki yüksək səviyyəli iqtisadi və siyasi əlaqələr, biznes əlaqələrinin genişləndirilməsi, ərəb ölkələrindən Azərbaycana gələnlərin sayının artması əlaqələrin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradır: “Biz İslam İnkişaf Bankını ərəb regionunda strateji tərəfdaş hesab edirik və bu memorandumun imzalanması ilə əlaqələrimizi möhkəmləndirdik. Bu, həmçinin yaxın aylar üçün strategiyamızı müəyyənləşdirməyə kömək edəcək".
Onun sözlərinə görə, hər iki qurum bu ilin oktyabr ayında Bakıda ərəb ölkələrindən olan investorlar üçün ilk investisiya forumu keçirməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-islam-bankciliginin-tanidilmasi-ucun-memorandum-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR