Təhsil haqlarının endirilməsinə səbəb nədir?

Təhsil haqlarının endirilməsinə səbəb nədir?
12:47 18 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir sıra özəl ali məktəblər ölkədə baş vermiş devalvasiyları nəzərə alaraq təhsil haqlarını aşağı salıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özəl universitetlərinin buna getməsinin səbəbi isə ötən ilki qəbul prosesində bir çox plan yerlərinin boş qalması ilə bağlıdır. 

Maraqlıdır ki, həmin proses dövlət ali məktəblərində də baş verə bilərmi? 

Sayt bu sualla təhsil məsələləri üzrə ekspert Kamran Əsədova müraciət edib. O xatırladıb ki, keçən ildən başlayaraq bizim universitetlərin başının üstünü qara buludlar alıb: "Çünki onların yeganə gəlir mənbəyi tələbələrin ödədikləri təhsil haqlarıdır. 2016-2017-ci tədris ilində 8 minə yaxın plan yeri boş qaldı. Hətta bəzi universitetlərdə 90 faiz yerlərə qəbul olmadı və boş qaldı. Ümumilikdə, keçən il özəl universitetlər artıq ikinci turda müəyyən güzəştli kampaniyalarla tələbələri cəlb etməyə çalışsalar da, buna nail olmadılar. Əvvəlki ildən nəticə çıxaran özəl universitetlər bu ildən etibarən təhsil haqlarını azaltmağa başladılar və müsbət haldır ki, bu ixtisas seçimindən əvvəl baş verib.

Lakin dövlət universitetləri də boş dayanmamalıdır. Çünki hal-hazırda bir sıra özəl universitetlərin ictimai nüfuzu, tədris göstəriciləri və reytinqi heç də aşağı deyil. Valideynlər və abituriyentlər seçim zamanı təhsil müəssisəsinin yerləşdiyi məkana da xüsusi diqqət verirlər. Keçid balını toplayan abituriyent ixtisas seçimi zamanı regionda hansısa universiteti seçməkdənsə, Bakıda eyni təhsil haqqı olan özəl universiteti seçəcək. Bundan əlavə, Dövlət Universitetinin hansısa az populyar, işlə təmin olunması aşağı, amma təhsil haqqı yüksək ixtisasını seçməkdənsə, özəl universitetin daha perspektivli və təhsil haqqı az ixtisasını seçəcək. 

Xoşagəlməz tendensiya o idi ki, dövlət universitetləri arxayın idilər ki, Azərbaycan insanı mental dəyər olaraq necə olursa olsun, özəl universitetin yüksək ixtisasında oxumaqdansa, dövlətin lap aşağı ixtisasında oxusun. Artıq bu yanaşma dəyişir. Əgər əvvəlki illərdə ixtisas seçim zamanı özəl universitetləri sıralamada ilk yerə qeyd edənlərin sayı 1.9 faiz idisə, indi bu rəqəm 30 faizə qədər artıb. 

Dövlət universitetləri xülyadan və yuxudan ayılmalıdırlar. Çünki artıq Azərbaycan abituriyenti bəzən yüksək bal toplayanda nəinki dövlət universitetini seçmir, birbaşa heç ixtisas seçimi etmədən xarici ölkələrə üz tutur. Hər il yüksək bal toplayan yüzlərlə abituriyent bunu edir. Hesab edirəm ki, bu hal universitetlər arasında rəqabət mühitini artıracaq. Hər bir universitet daha çox abituriyenti cəlb etməkdə maraqlı olacaq. Nəzərə alsaq ki, bu il abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb, plan yerləri isə artıb, biz hələ universitetlərin tələbə cəlb etməklə bağlı güzəştlərə gedəcəyini gözləyə bilərik".

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda universitetlərin təhsil haqları reallığı əks etdirmir: "Hal-hazırda universitetlərdə təhsil haqları nə hazırladıqları kadrların keyfiyyətinə, nə orta aylıq əmək haqqına, nə də ki dünya təcrübəsinə uyğun deyil. Qiymətin müəyyən edilməsi zamanı təklif edilən təhsil xidmətinə tələbatın mövcud səviyyəsi tamamilə nəzərə alınmır. Buna görə də ali təhsil müəssisələri sərt qiymət siyasəti apara bilmirlər". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR