"Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur"

"Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyandır”,”Siqaret öldürür” və s. bu kimi sözlər yazılan, onun törətdiyi fəsadların fotoları əks edilən siqaret qutularını yəqin ki, hamı görüb. Buna baxmayaraq milyonlarla insanı zəhərləyən bu tütün məhsulundan istifadə edənlərin sayı kifayət qədərdir.

Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi siqaret çəkir və bu rəqəm ildən-ilə artır.

“Azərbaycanda siqaretlə bağlı vəziyyət həddindən artıq pisdir. Əslində, hər yerdə insanların kütləvi zəhərlənməsinə səbəb olan siqaretin açıq reklamı gedir”.

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: “Dünya təcrübəsində bir çox ölkələrdə siqaretin açıq satışına qadağa qoyulub. Supermarketlərin vitrinlərində bizdəki kimi açıq siqaret satışına rast gəlinmir. Məsələn, qonşu Rusiyada siqaret xüsusi mağazalarda satılır. Azərbaycanda siqaretlə bağlı vəziyyət həddindən artıq pisdir. Əslində, hər yerdə insanların kütləvi zəhərlənməsinə səbəb olan siqaretin açıq reklamı gedir.

Siqaret qutusunun üzərindəki yazılar və şəkillər nə üçündür?

AİB sədri Eyyub Hüseynov deyib: “Tütün əleyhinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Çərçivə” konvensiyası fəaliyyət göstərir. Həmin konvensiyada göstərilir ki, siqaret qutusunun üzərindəki “Səhiyyə Nazirliyi qadağan edir” və s. tipli yazılar 3 aydan bir dəyişilməlidir. Çünki istehlakçıların gözü öyrəşdiyi üçün müəyyən müddətdən sonra əhəmiyyət ona vermirlər. Daha cəlbedici, insanı siqaretdən uzaqlaşdıracaq şəkillər (kəllə, ölüm, xəstəlik şəkilləri) qoyulmalıdır. Mərkəzi Avropa ölkələrində bunu tətbiq edirlər.

Çox təəssüf olsun ki, ÜST-nin bu tövsiyəsinə Azərbaycanda riayət olunmur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib: “Siqaret qutularının üzərindəki yazılar antireklam xarakteri daşımalıdır. Ümümdünya Səhiyyə Təşkilatının tütün əleyhinə “Çərçivə” konvensiyasının11-ci maddəsi məhz tütün məmulatlarının qablaşdırılması, üzərindəki yazılarla bağlıdır. ÜST tövsiyə edir ki, qutuların üzərində xəbərdarlıq yazıları olsun, şəkillər isə cəlbedici formada ya da piktoqram şəklində verilsin. Şəkillərlə yanaşı yazılar da mütləq olmalıdır. Dünya təcrübəsində bu üsul tətbiq edilir. Hətta, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkəmizdə bununla bağlı yüngül dizaynla eksperiment aparıb”.

Yazılar necə yazılmalıdır?

İSİM-in müdir müavini Tofiq Musayev: “Qutuların üzərində nikotin, qətranın miqdarını görürük. Tövsiyə olunur ki, həmin maddələrin miqdarı deyil, sağlamlığa vurduğu zərərlər göstərilsin. Çünki insan düşünə bilər, əgər bu maddənin miqdarı az, digəri çoxdursa, deməli bu daha zərərsizdir. İnsanları belə düşüncələrdən uzaqlaşdırmaq lazımdır. Mütləq qutu üzərində zərərlər qeyd olunmalıdır. Hesab edirəm ki, qüvvədə olan “Tütün və tütün məmulatları haqqında” Qanuna siqaretin qablaşdırılması, qutular, vitrinlərlə bağlı dəyişiklik olsun. Bizim əsas məqsədimiz uşaqları yeniyetmələri siqaretdən uzaq tutmaq, siqaret çəkənləri isə çəkindirməkdir. Bir sözlə, müxtəlif üsullarla tələbatın azaldılmasıdır”.

Uşaqları, yeniyetmələri siqaretdən necə uzaq tutaq?

“Güzgü Dəyişim İnkişaf Mərkəzi”nin rəhbəri psixoloq Fərqanə Mehmanqızı deyib: “Ailə ilə bağlı ciddi narahatlıq yaranarsa, uşaq və yeniyetmə siqaret çəkməyə başlayar. Belə ki, o ailədə stress, gərginlik, söz-söhbət mütəmadi davam edirsə, bu da uşaqlarda pis vərdişlərə yönəlmə riskini artırır. Yeniyetmələr dostlarını düzgün seçməyəndə təsir altına düşür, bunu edə bilərlər. Valideynlər uşaqlarının kiminlə, hansı ailənin uşaqları ilə dostluq etdiyinə ciddi fikir verməli, bu məsələdə diqqətli olmalıdır. Siqaret çəkən və ya pis vərdişlərə meyl edən uşaqlar öz yaşına uyğun olmayan davranışlar, hərəkətlər edər, daha tez böyüyərlər. Valideynlər uşaqları bu kimi vərdişlərdən çəkindirməlidir. Uşağa diqqəti, qayğını balanslaşdırmalı, ona ailə üzvü kimi yanaşmalı, xoşbəxt ailə tablosunu yaratmağı unutmamalıdır”.

Ehtiyac olduğu təqdirdə mütləq psixoloqa müraciət etmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR