Bakıda avtobuslarla bağlı YENİ TƏLƏBLƏR

Bakıda avtobuslarla bağlı YENİ TƏLƏBLƏR
10:34 19 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində Agentliyin verdiyi eyniləşdirmə kodunun və 141 Çağrı Mərkəzinin nömrəsinin olmasıdır. Məqsəd sərnişindaşıma sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq və dövlət nəzarətini daha da təkmilləşdirməkdir. Artıq Bakı Nəqliyyat Agentliyinin tələbi və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.

 

BNA-nın “ALO 141” Çağrı Mərkəzi vətəndaşlara daha rahat və operativ formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab almaq imkanı verir. Əsas hədəf ictimai nəqliyyat xidməti sektorunda vətəndaş məmnunluğunun təmin edilməsi, bu istiqamətdə yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltməkdir. Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də yığışdırılır. Bununla da ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək.

 

Yaxın vaxtlarda Çağrı Mərkəzinin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər.

 

Bundan başqa, avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir. 5 rəqəmdən ibarət eyniləşdirmə nömrəsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Agentliyin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək.

 

Eyniləşdirmə nömrələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlərimizin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq.

 

Məlumat üçün bildirək ki, qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq məntəqələrinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici lövhələr də vurulub.

Yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR