Azərbaycan Qazaxıstanın Atırau vilayəti ilə ticari-iqtisadi əlaqələri artırmaq niyyətindədir

Azərbaycan Qazaxıstanın Atırau vilayəti ilə ticari-iqtisadi əlaqələri artırmaq niyyətindədir
10:52 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Atırau vilayətinin akimi Nurlan Noqayev ilə respublikanın regionla ticari-iqtisadi əməkdaşlığı məsələlərini müzakirə edib.
"Report" "Kazinform"a istinadən xəbər verir ki, görüş zamanı səfir Azərbaycanın Atırau vilayətinin iqtisadi potensialının araşdırılması məqsədilə regiona sahibkarlar və transmilli şirkətlərin nümayəndələrini göndərəcəyini və regionun ixrac potensialını araşdırmağa çalışdığını qeyd edib.
"Bu səfərin məqsədi bizi maraqlandıra biləcək şeyləri görmək, qarşılıqlı faydalı olması üçün sərmayəni hara yatırmağın daha sərfəli olduğunu müəyyənləşdirməkdir", - səfir bildirib.
Vilayət akimi isə öz növbəsində, bu baxımdan region üçün investisiyalaşma, yeni iş yerlərinin yaradılması, vergi bazasının artırılması, biznes əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin prioritet olduğunu vurğulayıb.
"Qazaxıstanda investorlar üçün zəruri olan biznes şəraiti yaradılıb. Biz ticari-iqtisadi əməkdaşlığımızı gücləndirməyə hazırıq", - N.Noqayev əlavə edib.
Vilayətin Statistika Departamentinin məlumatına görə, bu gün bölgədə Azərbaycan kapitalının iştirakı ilə 42 müəssisə fəaliyyət göstərir. 2017-ci ilin yanvar-mart ayları ərzində Atırau vilayətinin Azərbaycan ilə xarici ticarət dövriyyəsi 1,8 milyon dollar təşkil edib. Azərbaycana ixracın əsasını şirin suda yaşayan balıqlar, qazoyl və kükürdlü mazut, qaz boruları təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-qazaxistanin-atirau-vilayeti-ile-ticari-iqtisadi-elaqeleri-artirmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR