Rektor: "Hər il ADPU-da 150 nəfərlik pedaqoji vəzifə seçkilər vasitəsilə yenilənəcək"

Rektor: "Hər il ADPU-da 150 nəfərlik pedaqoji vəzifə seçkilər vasitəsilə yenilənəcək"
13:47 19 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Ölkədə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması, müasir tələblərə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyətini dünya göstəricilərinə uyğunlaşdırılmasına ehtiyac var".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov deyib.
O bildirib ki, bu hədəflərə nail olmaq üçün ADPU-nun üzərinə böyük öhdəliklər düşür: "Bu ali məktəbdən cəmiyyətin və dövlətin haqlı gözləntiləri çoxdur. Ən mühüm işlərdən biri müəllim kollektivinin və tələbələrin motivasiyasının yüksəldilməsi istiqamətində atılmalı olan addımlardır. Ali məktəbdə 114 vakant yerə 500 sənəd verilib. Onların arasında 150 dən çoxu kənardan namizədliyini verənlərdir. Bundan başqa, universitetdə texniki personalın, laborant heyəti, kitabxana işçilərinin, təxminən 200-300 nəfərin attestasiyası keçirilir. Bunlar pedaqoji sahədə durğunluğun pozulması və bu sahədə olan fəaliyyəti stimullaşdırmağa dair atılan addımlardır".
Rektor qeyd edib ki, bu gün ADPU-nun Bakı filialında 800-ə qədər pedaqoji heyət çalışır, ildə təxminən 150 nəfərin seçkilər vasitəsilə yenilənməsi, ümumilikdə isə bir neçə il ərzində pedaqoji heyətin yeni, müasir dövrün tələblərinə uyğun şəkildə seçilməsi qarşıya tələb formasında qoyulub.
Onun sözlərinə görə, bu gün tələbələrə qrup çalışması vermək, öyrətmək və onları aktiv şəkildə öyrətmə prosesinə daxil etmək təhsilin vacib vəzifəsinə çevrilib: "Bu hədəflərə nail olmaq üçün müasir dövrdə müəllimlik peşəsinə yiyələnəcək kadrların bu ehtiyaclara cavab verəcək şəkildə yenidən təşkil edilməsi lazımdır. Ölkədə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsi yolu ilə mümkün ola bilər. Bu günün tələbələri olan gələcək müəllimin gələcəkdə dərs keçdiyi sinifdə qarşısına çıxa biləcək həqiqət və reallıqlara uyğun şəkildə hazırlanmaları ən əsas strateji hədəfdir. İnternetlə kompüter, planşetlə və ağıllı telefonlarla boğulan uşaqları öyrətmək və tərbiyə etmək sözün həqiqi mənasında çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/rektor-her-il-adpu-da-150-neferlik-pedaqoji-vezife-seckiler-vasitesile-yenilenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR