"Ana olacam, uşaqlarımı atmayacam, özüm saxlayacam" - 14 yaşlı Səbinədən SARSIDICI SÖZLƏR - FOTO

"Ana olacam, uşaqlarımı atmayacam, özüm saxlayacam" - 14 yaşlı Səbinədən SARSIDICI SÖZLƏR - FOTO
14:37 19 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən Fərizə Əhmədovanın yazısını təqdim edir:

"Anam hər şənbə-bazar evə aparır. Orda qalmaq istəyirəm, bura gəlmək istəmirəm...".

Anasından ayrılıb internat məktəbinə gəlmək istəməyən bu  balacanın adı Radxadır. Adını anası qoyub. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində qalır. Dünən ad günü idi, 9 yaşına adladı. Anası isə yanında deyildi... Bəlkə də tanrıdan ad günü üçün anasını arzulamışdı, amma hədiyyə olaraq Tanrı ona diş ağrısı göndərmişdi. Ona görə Radxayla çox söhbət edə bilmədik...

(Radxa - fotoda zoğalı rəngdə kofta geyinmiş qız) 

Lent.az-ın əməkdaşı Radxayla dünən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində keçirilən "Beynəlxalq ailə günü" tədbirində tanış olub.

Tədbir həm də Sabunçu rayonunda yerləşən 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərindən olan eyni gündə anadan olmuş, amma indi anasız qalan 41 uşağın ad gününü qeyd etmək məqsədilə təşkil olunmuşdu.

Məktəbin direktoru Gülnarə Abdullayeva bildirib ki, bura 1961-ci ildən fəaliyyət göstərir.

- Məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Martın 1-də təhvil verilib. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur.

2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul  olunub.

Tədbir başlamazdan əvvəl internat məktəbin şəraiti ilə tanış olduq.

Binanın ikinci mərtəbəsinə qalxanda otaqlardan birinin qapısını açıq idi. İçəridə qızlar masaya tökülmüş şəkilləri səliqəyə salırdılar. Uzaqdan diqqətimi çəkən isə tez-tez mənə boylanıb utancaq şəkildə gülümsəyən çəhrayı köynəkli qız oldu.

Yanına yaxınlaşıb söhbət etmək istədim, danışmadığını dedilər...

Müəlliməsindən adını öyrəndim. Bəyim imiş.  Bu gün (dünən-red) onun da ad günüdür, 11 yaşı olur. Sağlamlıq imkanı məhdud olan Bəyim əksər atalı-analı uşaqlardan xoşbəxt görünür. Bəlkə də yeni simalar görüb deyə belə sevinir... Masaya dağılmış şəkilləri sıra ilə düzməyə çalışır.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Namiq Kərimov deyir ki, Bəyimin anası o, uşaq olanda rəhmətə gedib.

- İndiyə qədər atası saxlayırdı. Ötən il evləndi, həm də maddi cəhətdən çatdıra bilmədiyi üçün bura gətirib qoydu.

İnternat məktəbini bitirənlər əsasən müxtəlif peşələrə yönəldilir. Elə uşaqlar var ki, ata-anası var,  18 yaşı olandan çıxıb gedirlər. Amma valideynsiz uşaqlar burda fərqli peşələrə yiyələnir, zamanı gələndə isə özlərinə həyatda bir yol cızmaq üçün çıxıb gedirlər.  Həmin uşaqlar dövlət tərəfindən evlə də təmin olunur. Sağlamlıq imkanı məhdud uşaqlar isə 18 yaşı tamam olandan sonra onlar üçün nəzərdə tutulmuş başqa məktəbə göndərilir. Məktəbdə Cəlilabad, İsmayıllı, Qəbələ, Bakıətrafı rayonlardan uşaqlar var.

Bəyimlə söhbətimiz alınmasa da, şəkil çəkdirməyi alındırdıq. Sağollaşdıqdan sonra tədbirin keçirildiyi həyətə qayıdıram.

Tədbir başladı. Məktəbin balaca üzvləri "Mama" mahnısı altında rəqs edir. Mahnının sədaları altında rəqs edən uşaqlar əllərində qırmızı ürəklə onları atan analarına olan sevgilərini ifadə edirdilər.

Yemək yeməyə əyləşən uşaqlar çalğını eşidən kimi ortaya tökülüşdülər. Özləri üçün oynayırlar. Bir kənarda dayanıb, heç əylənməyən uşaqlar isə sanki baxışları ilə "bu gün sizinlə əyləndik, dedik-güldük, hə, nə olsun?! Sabah yenə ata-anasız tək dünyamıza qayıdacağıq" demək istəyirdilər.

Uşaqlarla əyləndiyimiz an diqqətimi çəkən  stulda sakitcə əyləşən qız oldu. Yanına yaxınlaşdım. Nə isə rəngləyirdi.

- Adın nədir?

- Səbinə. (Utanır)

- Neçə yaşın var, Səbiş?

- 14.  

- Nə rəngləyirsən?

- Qapı. ( Qapını göy, qulpunu isə yaşıl rəngə boyayıb.)

- Sən niyə hamıdan kənarda oturmusan?

- Nə bilim... Rahat rəngləyim deyə..

- Atan-anan gəlib görür səni?

- Anam gəlir, deyir, səni aparım, amma getmirəm.

- Niyə?

- Dərslərimi buraxa bilmərəm. Bura yaxşıdır.

- Bəs darıxmırsan onlar üçün?

- Bir az darıxıram. Yanlarına getmək istəyərdim. Amma... Atamı görməmişəm. (Karandaşın ucunu dəftərə möhkəm sıxaraq rəngləyir. Deyəsən sualım incitdi... :( )

- Böyüyəndə nə olmaq istəyirsən, Səbinə?

- Ana. Bir, ya iki uşağım olsun. Mehriban ana olacağam. Həmişə yanımda saxlayacağam onları.

Səbinənin özündən başqa 3 bacısı və bir qardaşı var. Onlar da bu məktəbi bitiriblər. Səbinənin dediyinə görə, indi Bakıda işləyirlər. 18 yaşı olandan sonra Səbinə də onların yanına gedəcək.

Səbinə ən böyük arzusunu da bizimlə bölüşdü.

Gələcəkdə animasiya filmi çəkmək istəyir. Valideynlər haqqında. Valideynləri isə mehriban rolda təqdim edəcək. Deyir, valideynlər uşaqlarını çox istəsinlər, atmasınlar.

Öyrəndik ki, Səbinənin atası rəhmətə gedib, anası isə evsiz - küçədə (!) yaşayır...

...tədbir bitir. Gözləri valideyn yolu gözləyən uşaqları məktəblərində qoyub həyata davam edirik... Elə onlar da... 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR