"Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib

"Deloitte" Azərbaycanda korporativ idarəetmənin səviyyəsini qiymətləndirib
15:07 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Deloitte" konsaltinq şirkəti tərəfindən Azərbaycan üzrə korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi aparılıb. Hesabatda maliyyə, telekommunikasiya və digər sahələr əhatə olunub. 
"Report"un verdiyi xəbərə görə, bu barədə "Deloitte Azerbaijan"ın konsaltinq üzrə direktoru Tural Hacıyev məlumat verib. O bildirib ki, bundan başqa, İT idarəetməsi də həmin hesabata əlavə olunub və İT idarəetməsinin qiymələndirməsi aparılıb: "Təhlildə 45-50 şirkət əhatə olunub. İT-yə aid olmayan müşahidələrimiz belə olub ki, Müşahidə Şuralarında yetərincə səlahiyyətlər yoxdur. Respondentlərin cavabları göstərir ki, şirkətlərdə olan MŞ-nın baş icraçı direktorunun İdarə Heyətinnin sədri və üzvlərini işdən azad etmək və ya qiymətləndirmək səlahiyyəti yoxdur. Bu bizim üçün böyük bir korporativ idarəetmə standartının tətbiqində böyük bir problem kimi görünür, çünki İdarə Heyətinin MŞ tərəfindən qiymətləndirilməsi imkanın olmaması MŞ-nın səhahiyyətlərini real olaraq azaldır. Fikirləşirik ki, bu sahədə işlər daha ətraflı aparılmalıdır. Müşahidələr həm şirkətlərdə olan idarəetmə mexanizmlərini, həm MŞ-nı əhatə edib. Amma əsas məqam İT risk menecmenti, daxili nəzarətlə bağlıdır ki, bunu da şrikət üçün qiymətləndirib hesabatda göstərmişik."
Onun sözlərinə görə, hesabata əsasən, maliyyə sektorunda İT idarəetməsi ilə bağlı əsas müşahidə ondan ibarətdir ki, digər sektorlarla müqayisədə maliyyə sektorunda korporativ idarəetmə standartları daha yuxarı səviyyədədir: "Məhz İT ilə bağlı standartlar daha yüksəkdir".
"Mənfi cəhətlərdən biri İT auditlə bağlıdır. Respondentlərin 12%-i bildirib ki, audit zamanı informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı risklər audit tərəfindən əhatə olunmur. Bu onu göstərir ki, daxili audit şirkətlərdə effektiv işləmir və bununla bağlı daha çox işlər görülə bilər. İkinci problem texnologiya komitələrinin işləməməsi və ya effektiv olmaması ilə bağlıdır. Respondentlərin cavabına əsasən, ancaq 7%-də texnologiya komitəsi var və effektiv işləyir. Şirkətlərin 93%-də ya texnologiya komitəsi yoxdur, ya da effektiv işləmir. Bundan başqa, şirkətlərdə İT və informasiya təhükəsizlik risklərinə nəzarət qiymətləndirilmir. Ancaq bunu tətbiq etmək lazımdır", - T.Hacıyev vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deloitte-azerbaycanda-korporativ-idareetmenin-seviyyesini-qiymetlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR