"Kimyaterapiyadan sonra xərçəng xəstəliyi təkrarlana bilər" - HƏKİM RƏYİ

“Xərçəng xəstəliyini kimyaterapiyasız sağaltmaq mümkün deyil”.

Bunu Metbuat.az-a açıqlamasında həkim-onkoloq Rəna Niftəliyeva deyib: “Kimyaterapiya xərçəng hüceyrələrini məhv etmək, xəstə hüceyrələrin böyüməsi, yayılmasının qarşısını almaq məqsədilə istifadə olunan xüsusi kimyəvi dərmanlar vasitəsilə keçirilən müalicə üsuludur”.

Kimyaterapiyanın əks təsirləri var?

“Kimyaterapiya xərçəng hüceyrələrinə öldürücü təsir göstərir, ancaq sağlam hüceyrələrə də zərər verə bilər. Xüsusən də, bədəndə tez-tez yenilənən hüceyrələrə xüsusən, epitel toxuması, dəri, dəri artıqları, saç və s əks təsir göstərir. Kimyaterapiyanın təsirindən anemiya, ağ qan hüceyrələrinin azalması yarana bilər. Yan təsirlər müvəqqətidir. Çünki kimyaterapiyadan sonra sağlam hüceyrələr özünü yeniləyə bildiyindən müəyyən müddətdən sonra özlərini bərpa edir”.

Həkim əlavə edib ki, kimyəvi dərmanların təsirindən insanlarda halsızlıq, iştahasızlıq, ürəkbulanması, saç tökülməsi kimi hallar müşahidə olunur:

"Müasir dünyada xərçəngin 3 əsas müalicə üsulu var: Kimyaterapiya müalicəsi, şüa terapiyası və cərrahi müdaxilə. Hansı üsuldan istifadə olunacağına onkoloqlar müayinə edib qərar verir. Əsas məsələ xəstəliyi vaxtında təyin etməkdir. Bunun üçün CHECK-UP müayinədən keçmək lazımdır. Xərçəng müxtəlif xroniki xəstəliklər fonunda əmələ gəlir. Hər hansı orqanında xəstəliyi olan xəstələr daim həkim nəzarətində olmalıdır ki, xərçəngə keçid olmasın. Əgər keçid olubsa, ilkin mərhələdə aşkar edildikdə müalicənin effekti də artır. Süd vəzi xərçəngi vaxtında aşkarlandıqda 10 illik yaşama göstəricisi 89 faiz artır".

Kimyaterapiyadan sonra xəstəlik geri qayıda bilər?

"Kimyaterapiya bölünən hüceyrələrə təsir göstərir. Bölünmə mərhələsində olmayan, hardasa ilişib qalan hüceyrələrə kimyaterapiya preparatları öldürücü təsir göstərə bilmir. Bu hüceyrələrin müəyyən qədər şansı var ki, gələcəkdə bölünüb çoxalsın. Ola bilər ki, müəyyən etapdan sonra xəstənin hər hansı xəstəliklə bağlı immunitet sistemi zəifləsin və yatmış hüceyrələr oyansın. Yəni, xəstəliyin təkrarlanmaq riski var. Mərhələlər artdıqca təkrarlanmaq riski də artır”.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR