Siyasi şərhçi: “İranın Azərbaycana münasibəti dəyişməyəcək” – MÜSAHİBƏ

Siyasi şərhçi: “İranın Azərbaycana münasibəti dəyişməyəcək” – MÜSAHİBƏ
17:58 19 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlunun bu gün İranda keçirilən prezident seçkilərilə bağlı Publika.az-a müsahibəsi:

- Yeni prezidentin kim olacağını düşünürsünüz?

- Əslində Həsən Ruhaninin yenidən prezident seçiləcəyi şübhə doğurmur. Unutmayaq ki, hazırda İranın daxili auditoriyasında islahatçıların reytinqi daha çoxdur və faktiki olaraq Ruhani, bir islahatçı lider imicini öz üzərində möhkəmlətməkdədir. Bu səbəbdən digər namizədlərin onunla müqayisədə daha şanslı olduğunu söyləmək olmaz. Başqa bir səbəb üsulçuların, yəni mühafizəkarların daha ciddi namizədlə seçkiyə qatılmamalarıdır. Xatırlayırsınızsa, Əhmədnejat öz namizədliyini irəli sürsə də, qeydə alınmadı. Bunun özü, ali ruhani sistemin də əslində qeyri-rəsmi olaraq Ruhaniyə stavka etdiyinin göstəricisidir.

- Seçkilərin Azərbaycana təsiri necə olacaq?

- İranda oturuşmuş bir sistem var. Kimin prezident seçilməsindən, hansı qanadın – islahatçıların, yoxsa mühafizəkarların nümayəndəsinin qalib olmasından asılı olmayaraq, İranın Azərbaycana münasibətində bəlli, oturuşmuş məqamlar var. Bu məqamlar dəyişilməzdir. Yəni indiyədək bu münasibət necə idisə, bundan sonra da elə olacaq.

- Sizcə, seçkilərin nəticəsi İranın daxili və xarici siyasətində radikal dəyişikliklərə səbəb ola biləcəkmi?

- Radikal dəyişikliyi gözləmək yersizdir. Yuxarıda da qeyd etdim: İranda oturuşmuş bir sistem var. Xarici siyasətdə prioritetlər və hədəflər dəyişməzdir. İran Yaxın Şərqdə kifayət qədər ciddi hədəfləri və nüfuzu olan ölkədir. Bu ölkənin xarici siyasətində müəyyən korrektələr ola bilər, amma indiki dönəmdə və bu namizədlərlə radikal dəyişiklikləri gözləmək yersizdir. Tam əminliklə demək olar ki, rəsmi Tehran maksimum dərəcədə ətrafında formalaşdırmağa müvəffəq olduğu “şiə hilalı”nı möhkəmlətməyə, nüfuz dairəsini isə genişləndirmkəyə çalışacaq.

- Yeni seçiləcək prezident Cənubi Azərbaycanda yaşayan soydaşlarımız münasibəti dəyişə bilərmi?

- Güney Azərbaycanla bağlı da münasibət konkretdir. Münasibətdə müəyyən yumşalmaların şahidi ola bilərik. Hətta müəyyən haqq və hüquqların tanınması istiqamətində müəyyən addımlar atıla bilər. Lakin bu daha çox preventiv, qabaqlayıcı xarakter daşıyacaq ki, bu zaman məqsəd güneyli soydaşlarımızın narazılıqlarını mümkün olduğu qədər yumşalda bilsinlər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR