“Gözlərim zədəli olmasaydı...” – Boks millimizin üzvü

“Gözlərim zədəli olmasaydı...” – Boks millimizin üzvü
11:44 20 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

“Neçə ay idi ki, İslamiadaya hazırlaşırdım. Məsuliyyətli yarış idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında boks millimizin üzvü Tamerlan Abdullayev deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız aktivinə gümüş medal yazdırıb.

 

Öz çıxışını dəyərləndirən Abdullayev bildirib ki, yarışa qızıl medal qazanmaq istəyi ilə qatılıb: “Yarış Azərbaycanda, doğma divarlarımız arasında keçirilirdi. Buna görə də, qızıl medal qazanmaq istəyirdim, amma “gümüş” qismət oldu. Buna da şükür edirəm. İdmançı əziyyət çəkir, onun bəhrəsini görəndə sevinir. Nə hisslər keçirdiyimi ancaq idmanla məşğul olub, uğur əldə edənlər başa düşə bilər”.

 

Tamerlan finalda özbəkistanlı boksçu Bobo-Usman Baturova məğlubiyyətini şərh edib: “Gözlərim zədəli idi. Buna görə də, görüşü istədiyim kimi keçirə bilmədim. Gözlərim zədəli olmasaydı, döyüşü başqa cür quracaqdım. Mənə tapşırıq verilmişdi ki, uzaq məsafədən döyüşüm. ¼ finalda xəsarət almışdım və növbəti görüşlərə zədəli-zədəli çıxmışdım”.

 

Gümüş mükafatçımız bildirib ki, tam olaraq sıraya dönməsi üçün ən azı 2-3 həftə vaxt lazım olacaq.  

 

Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəkidə Azərbaycanı Pərviz Bağırovun yox, özünün təmsil etməsinə də aydınlıq gətirib: “Təlim-məşq toplanışları oldu. Axırıncı sparrinq döyüşdə ona qalib gəldim. Buna görə də, seçim mənim xeyrimə oldu”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR