Bədiiyyata həsr olunmuş ömür - FOTOLAR

Bədiiyyata həsr olunmuş ömür - FOTOLAR
12:03 20 May 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Əslində təbrik üçün çox müxtəlif üsullar yaza bilərdik, amma düşündük ki, ürəyimizdən gələn bütün hisslərimizi sözlə ifadə edək. Bu sözləri bu günün tələbələri, sabahın sənət yolunda cığır açanları, neçə-neçə sənətkara müəllim olmuş insanlar yazır. Bu insanlar Bədayə xanımdan yazır.

Bütün ömrünü tədrisdə, xüsusən də yaradıcılıq öyrətiminə həsr edən Bədayə xanım ömrünün növbəti yaşına qədəm qoyur. Bu incə qəlbli, məlahətli xanım həm də güclü qadın və yorulmaz təşkilatçıdır. Fəaliyyəti dövründə istər Uşaq Yaradıcılıq Mərkəzində, istərsə də bizim kollecdə yeni nəslin daha yaradıcı, gözüaçıq, eyni zamanda estetik cəhətdən cilalanmış tərzdə yetişməsi üçün əlindən gələni heç vaxt əsirgəməyib.

Kollecimizdəki fəaliyyəti dövründə onu həm ana, həm də tələbkar rəhbər kimi tanıdıq. Qısa müddətdə yeniliklər gətirməklə kollecimizin adını yüksəklərə qaldırmaq istəyir. Sözün əsl mənasında kolleci öz evi kimi hiss edir, təhsil alanlara övladı kimi baxır. Hər birimiz ayrı-ayrılıqda onun qayğısını, bir az məhəbbətini, bir az da zəhmini hiss edirik. Çünki hədəflər bəllidir. Yeniliyi əldə etmək istəyiriksə, yaradıcılıq uğurlarına imza atmaq niyyətindəyiksə çalışmalıyıq. Amma hansı şəraitdə?! Təbii ki, yaradıcı mühit bizim kollec üçün ən önəmlisidir. Adında olan bədiiyyatı, yaradıcılıq mühitini ustalıqla təhsil müəssisəmizə bəxş edən Bədayə Ramazanova hər bir uğurumuzu, nailiyyətimizi dəyərləndirmək, təqdim etmək və təbliğ etmək istəyir. O, bununla bizə yeni ruh, yeni duyğular bəxş edir. Çalışmaq, yaratmaq həvəsimizi daha da artırır.

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci direktoru Bədayə Ramazanova bu vəzifəyə təyin ediləndən sonra dəfələrlə tələbələrin sərgiləri təşkil edilib. Bununla da istedadlı tələbələr üzə çıxarılıb, onların mətbuatla əlaqələri yaradılıb.

Hər dəfə sərgidən sonra təşkil edilən əyləncələr kollecdə tələbə və müəllimlər arasında fərqli, daha yaxın mühit formalaşdırıb. Hətta kollec direktoru sosial şəbəkədə tələbələrlə dostdur. Tələbələrin şikayət, problemlərini demək üçün direktor qapısına getmələrinə belə ehtiyac qalmır.

Bundan başqa, maddi vəziyyəti çətin olan istedadlı tələbələr yaradıcılıq işlərinə kömək üçün iş adamlarına yönləndirilib. Artıq kollecin tələbələri YARAT-ın bütün tədbirlərində, dövlət əhəmiyyətli mərasimlərdə iştirak edirlər. Artıq müəllimlər bütün dərs saatını auditoriyada olur və xüsusən də, birinci kurs tələbələrinin istedadlarının üzə çıxarılması üçün çalışırlar. Bununla da, kollecə qəbul olanda yaradıcılığına güvənməyən tələbələrin belə istedadları üzə çıxırılıb. Onlar sərgilərdə iştirak edirlər.

Kollecdə davamiyyətə nəzarət üçün daxili komissiya yaradılıb. Bu komissiya kollecdə tələbələrlə yanaşı, müəllimlərin davamiyyətinə nəzarət edir. Bununla da, təmin olunan nizam-intizam, həm də dərslərin keyfiyyətinə də təsir edib.

Tələbələrə verilən sərbəstlik isə onların yaradıcılıq imkanlarını üzə çıxarıb. Qapıdan içəri girən hər kəs incəsənət kollecində olduğunu hiss edir.

Bununla yanaşı kollecdə gələcəkdə seçilən, tanınmış, xaricdən gələn rəssamların ustad dərslərinin keçirilməsi, nazirliklər, qeyri-hökumət təşkilatları ilə əlaqələr, fərdi sərgilərin sayını artırmaq planlaşdırılır. Məzunların işlə təminatı üçün müxtəlif şirkət rəhbərləri ilə görüşlər keçirilir.

Bir şəhid yoldaşı, gözəl övladlar anası kimi cəmiyyətdə tanınan Bədayə xanım ailə sevgisinin bəlkə də tam yarısını bizə bəxş edir. Bu gün onun günüdür. Kollecimizin kollektivi adından onu təbrik edirik. Arzulayırıq ki, bərabər işlərimiz uğurlu olsun. Onun fəaliyyəti uzunmüddətli və yeni nailiyyətlərlə bol olsun.

Bütün xoş arzularla kollecin müəllim və tələbə heyəti.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/199508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR