Günəş altında qalan meyvə-tərəvəzi almayın...

Havalar isindikcə küçələrdə qızmar günəş altında meyvə-tərəvəz, qida məhsulları satışına rast gəlirik. Təbii ki, yaz-yay aylarında tələbatın daha da çoxaldığı su satışı xüsusi narahatlıq yaradan problemlərdəndir. Plastik qablarda satılan suyun insan orqanizminə zərərlərini az-çox hər kəs bilir. Ancaq satıcıları bu məsələ qətiyyən maraqlandırmır. Nəticədə müxtəlif plastik və şüşə qablardakı sular açıq havada, xüsusilə isti şəraitdə qaldıqdan sonra standartlara cavab verib-vermədiyini bilmədən istifadə olunur.

Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov Metbuat.az-a açıqlamasında deyib: “Qablaşdırılmış məhsullar təlimata uyğun iaşə müəssisələrinin içərisində satılmalıdır. Temperatur rejimi gözlənilməldir. Qaldı ki, bayıra çıxarılıb satılmağa, təbii ki, bu zərərlidir. 2015-ci ildən bu sahədə yoxlama aparmırıq. Bütün məsuliyyət sahibkarın üzərinə düşür”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, plastik qablardakı suların günəş şüaları altında satılması təhlükəlidir: “Nazirlər Kabinetinin 94 saylı qərarında satış qaydaları müəyyən olunub. Bütün ərzaq məhsulları bükülü halda, üzərində buraxılma tarixi və yararlılıq müddəti olmaqla satılmalıdır. Lakin ümumilikdə götürüldükdə bu qanuna 70 faiz əməl olunmur”.

AİB sədri Eyyub Hüseynov əlavə edib ki, bəzi məhsulların günəş şüası qəbul etməsi əksinə faydalıdır. Məsələn, qarpız, yemiş günəş şüası aldıqda daha faydalı olur. Ancaq küçədə qızmar günəşin altında xiyar, pomidor kimi tərəvəzlərin, çiyələk və s. meyvələrin satılması olduqca təhlükəlidir. Həmin məhsullarda günəş şüalarının təsirindən kimyəvi reaksiyalar güclənir və tərkibindəki maddələr insanı zəhərləyə bilər”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR