Təkərlə yanan istixana kəndi qara hisə bürüdü (VİDEO)

Təkərlə yanan istixana kəndi qara hisə bürüdü (VİDEO)
07:36 8 Yanvar 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

GürcüstanIn Marneuli rayonundakı kəndlərdən birində, istixananı qızdıran sahibkar ünikal üsul tapıb. O, sobanın nasazlığını avtomobil təkərləri yandıraraq ört basdır etməyə çalışır. Kəndi qara hisə bürüyərək.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Yuxarı Saral kəndinin sakinləri, kənd ərazisindəki istixananın sobasından çıxan yanmış təkərlərin tüstüsü ilə qara hisə qərq olublar.

“Bircə şey deyirəm ki, bu bizim üçün ziyan deyil. Bu, bizim üçün, kəndimiz, elimiz üçün faciədi. Fikrimiz o deyil ki, kimisə cərimələyək, kimisə hökumət cəzalandırsın. Bizim məqsədimiz odur ki, bu hadisə dayandırılsın” – deyə kənd sakini Əli Abbasov bildirib.

Kənd sakini Mamed Piriyevin sözlərinə görə, bu təkərlərin yandırılması həm xalqa ziyandır, həm də kənd təsərrüfatına: “Çünki kənd təsərrüfatı meyvələri ki var, bunlardan uşağlar da yeyir, hamilə qadın da, ağsaqqal da, ağbirçək də. Çox təhlükəlidir”.

Sakinlərin həyəcan təbili çalmasına səbəb kənddə yeni salınan istixananın qızdırıcı sobasında yanacaq kimi əsasən köhnə avtomobil şinlərindən istifadə olunmasıdır. Şinlərin yanmasından yaranan və ətrafa yayılan zəhərli tüstü isə kənd sakinlərinin həyatını sözün əsl mənasında dözülməz edib.

“Görün nə gündədi əllərim, görün nə abırdayıx. Qoca arvadam, yaşımın bu vaxtında axşama qədər qara təmizliyirəm. 15 gündü, 20 gündü biz bu vəziyyətdəyik” - deyə kənd sakini Minarə Məmmədova vurğulayıb.

İstixananın rəhbərliyi isə problemin sobanın nasazlığı səbəbindən yarandığını deyir. Nasaz hissənin dəyişdirilərək yenisi ilə əvəz olunması üçün iş aparıldığını bildirən texniki nəzarətçi bir daha təkərdən istifadə edilib-edilməyəcəyi sualına belə cavab verdi.

"Lazımdısa heç istifadə olunmayacaq. Tüstü verməməlidi, əsli budu. Çünki bunda üç dənə filtr var, ikisi quru, biri su filtri. Bizim su filtrimiz də işləmirdi, bir də dediyim kimi karopkası da xarab idi. İnşallah bundan sonra nəzarət altında hamısını yoxlayacağıq. Olsa təkər yanmayacaq, olmasa da, necə lazımdı camaatı razı salmağa çalışacağıq” - deyə İstixananın texniki nəzarətçisi Ceyhun Süleymanov bildirib.

Hadisə yerinə gələn kənd bələdiyyəsinin sədri isə yanacaq kimi avtomobil şinlərindən ümumiyyətlə istifadə edilməyəcəyinə dair kənd sakinlərinə söz verdi. Və bildirdi ki, istixana yalnız kömür vasitəsilə qızdırılacaq. Qara günlərinin tezliklə bitəcəyinə ümid edən sakinlər əks halda yuxarı instansiyalara müraciət edəcəklərini bildirirlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR