London polisi iyunun 4-nə keçən gecə törədilən terror aktları nəticəsində 6 nəfərin öldüyünü bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi Mark Rouli bildirib.
“Son məlumata görə, altı nəfər həlak olub... Azı 20 nəfər xəsarət alaraq Londonun altı xəstəxanasına yerləşdirilib”, - deyə M.Rouli bildirib.
Milli Səhiyyə Xidmətinin məlumatına görə, gecə hücumlarından sonra xəstəxanalara 30-dan çox yaralı yerləşdirilib.
Xatırladaq ki, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.
Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.
Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.
Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.