Qızıldan qiymətli...

Qızıldan qiymətli...
22:47 4 İyun 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

İlan zəhərinin öldürücü gücü hər kəsə məlumdur. Lakin onun şəfaverici gücündən bəlkə də çoxları xəbərsizdir. İlan zəhəri bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatıdır. Rəngsiz, sarımtıl, yaxud yaşılaçalan duru maye təbabətdə ən nadir, bahalı və effektli preperatların hazırlanmasında mühüm rol oynayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gürzənin 1 qram qurudulmuş zəhəri 80, zınqırovlu ilanın həmin miqdarda zəhəri 125 nəfər üçün ölüm dozası sayılır. İlan zəhərinin tərkibi albumin, qlobilin, ferment, su, duz və s. maddələrdən ibarətdir. Lakin ilan zəhərinin hamısı eyni tərkibdə olmur. Məsələn, gürzə zəhərinin tərkibində qansızmaya səbəb olan toksin, gözlüklü ilan zəhərinin tərkibində sinir sistemini zəhərləyən neyrotoksin var. İlan sancmasının əlamətləri də müxtəlifdir. Gürzə sancması ödemə, gözlüklü ilan sancması ürəkdöyünməyə, başgicəllənmə, ürəkbulanma və qusmaya səbəb olur, bəzən ölümlə nəticələnir.

Qızıldan qiymətli olan ilan zəhəri müxtəlif xəstəliklərin müalicəsində işlədilir. Zınqırovlu və gözlüklü ilanların zəhəri epilepsiya, bronxial astma, əzələ, xroniki oynaq ağrıları və nevrologiyada istifadə edilir. Vərəm, qaraciyərin qan dövranının pozulması və böyrək xəstəliklərinin ağır formalarında ondan istifadə etmək olmaz.

Vaxtilə zəhər istehsal etmək üçün ölkəmizdə herpetoloji kombinat yaradılmışdı. 1969-cu ildə Zirədə yaradılan həmin kombinatda 3 minədək zəhərli ilan bəslənilir və onlardan alınan məhsul məlhəm istehsalı üçün Baltikyanı ölkələrə satılırdı. Əldə etdiyimiz məlumata görə, hər il ölkəmizdə 20 kiloqram gürzə zəhəri istehsal edilir və Tallinndə ondan "Viproslav" mazı hazırlanırdı. Onu da qeyd etməyə dəyər ki, vaxtilə dünyada kristallaşdırılmış zəhər istehsalının yarısı kombinatda saxlanılan ilanlardan əldə edilirdi və ölkəmiz zəhər istehsalına görə dünyada Braziliya və Vyetnamdan sonra üçüncü yeri tuturdu.

Dünyada mövcud olan 230 zəhərli ilandan 4-ü Azərbaycanda idi. Kobra və ya "kral eynəkli ilan"ın zəhəri insanın sinir sistemini sıradan çıxarsa da, ən bahalı zəhər hesab edilir. Herpentoloqlar insan qanında maddələr mübadiləsini dayandıraraq ölümə səbəb olan gürzə zəhərini kobra zəhəri ilə bərabər tuturlar.

Lakin o vaxtdan sonra çox küləklər əsib, çox sellər axıb. Ötən illər ərzində bu qiymətli və əvəzsiz istehsal sahəsi tamamilə unudulub və başlı-başına buraxılıb. Həmin münasibətin nəticəsi olaraq kombinat 1996-cı ildə öz fəaliyyətini dayandırıb, burada bəslənən 300-ə qədər zəhərli ilan isə təbiətin qoynuna buraxılıb.

İlançılıq təsərrüfatlarında isə heç də ilanların hamısı zəhərli sayılmır. Azərbaycan faunasında mövcud olan 50 ilandan 7-si zəhərlidir. Ən zəhərli ilan növləri Qafqaz gürzəsi və iri levantin gürzəsi hesab edilir. Qafqaz gürzəsinin bir sancması zamanı 55-60 milliqram zəhər əldə olunur. İlan zəhəri həm də çox baha qiymətə satılır. Qablaşdırılmış halda 1 qram ilan zəhəri 1000, adi halda 250-300 ABŞ dollarına satılır. Qurudulmuş ilan zəhərini 23 il saxlamaq mümkündür.

İndi Zirədəki kombinatın yerində yel vurub yengələr oynayır. Uçulub-sökülməkdə olan bina, taybatay açılmış qapılar öz sahibini gözləyir...

Son illər bəzi xarici şirkətlərin bu sahə ilə maraqlandığı, hətta yaxın vaxtlarda kombinatın bərpası və zəhər istehsalını qaydaya salmaqdan ötrü investisiya qoyacağı barədə məlumatlar səslənir. Əgər belədirsə, onda yaxın vaxtlarda çox qiymətli və sağlamlıq üçün çox əhəmiyyətli bir istehsal sahəsinin yaranacağına ümid bəsləmək olar...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR