Səfir: "Azərbaycanla Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir"

Səfir: "Azərbaycanla Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir"
10:05 5 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin nüfuzlu Centreline diplomatik jurnalına müsahibəsində deyib.

Ə.Əlizadə Azərbaycan və Pakistanın qardaş müsəlman ölkələr olduğunu vurğulayıb və iki ölkə arasındakı münasibətlərin qarşılıqlı inama, etimada və hörmətə əsaslandığını qeyd edib, bir-birinin sevincini və kədərini bölüşdüklərini bildirib: "Hər iki ölkənin rəhbərləri əlaqələrə böyük əhəmiyyət verirlər və hazırda əlaqələrimiz yüksək səviyyədədir".

Azərbaycanda bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı suala cavab olaraq, səfir ölkəmizin sivilizasiyalararası və dinlərarası dialoqun mərkəzinə çevrildiyini, eyni zamanda iqtisadi və mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb. İslam dininin hər zaman sülhü, tolerantlığı, insani dəyərləri təşviq etdiyini və ümumdünya sivilizasiyasına önəmli töhfələr verdiyini bildirən diplomat Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkədə İslam Həmrəyliyi İli elan edilməsinin əsas məqsədinin İslam dünyasında birliyi möhkəmləndirmək və İslam dinini dünyaya sülh dini kimi təbliğ etmək olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşən Ə.Əlizadə 1989-94-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ərazimizin 20%-ni təşkil edən Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayonun işğal edildiyini, nəticədə bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyini nəzərə çatdırıb. Həmin dövrdə azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini, işğal edilmiş ərazilərdəki tarixi və dini abidələrin, o cümlədən məscidlərin dağıdıldığını qeyd edən səfir, bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini də vurğulayıb: "Mən Pakistana, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı müstəqil dövlət kimi tanımadığı və onunla diplomatik münasibətlər qurmadığı üçün minnətdaram. Azərbaycan Hökuməti və xalqı bunu yüksək qiymətləndirir."

İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərdiyi səylərlə bağlı suala cavab verən səfir təşkilatın Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olduğunu vurğulayıb, təşkilatın daim mədəni irsin və İslam abidələrinin dağıdılmasını, demoqrafik vəziyyətin zorla dəyişdirilməsini, işğal edilmiş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyəti pislədiyini və üzv ölkələri öz fiziki və hüquqi şəxslərinin həmin fəaliyyətə cəlb olunmasının qarşısını almağa çağırdığını nəzərə çatdırıb: "Təşkilatın sammitləri hər zaman məsələni diqqətdə saxlayır və beynəlxalq hüququn normalarına riayət olunmasına çağıran qətnamə və bəyanatlarla daim çıxış edir".

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hökumətin əldə etdiyi nailiyyətlərlə bağlı suala cavab olaraq, diplomat müstəqillik illərində hökumətin qarşısında duran əsas vəzifələrdən birinin liberal, güclü, rəqabətədavamlı və müasir iqtisadi sistem qurmaq olduğunu və ölkə rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində iqtisadiyyat sahəsində də strateji məqsədlərə nail olunduğunu bildirib: "İşsizlik və yoxsulluq kimi problemlər həll edilmiş, insanların həyat standartları yüksəlib. Neft və qaz hasilatı və satışından əldə edilən gəlirlərin bir hissəsinin turizm, kosmik sənaye, informasiya və kommunikasiya texnologiyaları, müdafiə sənayesi kimi sahələrə, qeyri neft sektoruna yönəldilməsi həmin sahələrin canlanmasına və inkişafına səbəb olub".

İkitirəfli əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşən səfir ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün həmçinin, mədəni əlaqələrin də böyük əhəmiyyəti olduğunu və iki ölkə arasında bu mədəni əməkdaşlığı inkişaf etdirmək üçün sərgilərin, mədəniyyət və incəsənət proqramlarının təşkilinin faydalı olacağını qeyd edib. Müdafiə və enerji sahələrindəki əməkdaşlıqla bağlı sualı cavablandıran səfir, Pakistanın inkişaf etmiş müdafiə sənayesinə malik olduğunu və iki ölkə arasında bu sahədə birgə layihələrin həyata keçirilməsi və eyni zamanda, müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqların davam etdiyini diqqətə çatdırıb. O həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin mart ayında Pakistana səfəri zamanı enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan və Pakistan hökumətləri arasında sazişin imzalandığını və artıq enerji sahəsində də əməkdaşlığa başlandığını bildirib.

Müsahibədə səfir Ə.Əlizadə bu il Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu da xatırladıb və hər iki ölkənin rəhbərlərinin və xalqlarının səyi nəticəsində ötən 25 ildə münasibətlərin xeyli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb: "Fürsətdən istifadə edərək, hər iki ölkənin hökumətlərini və xalqlarını bu münasibətlə təbrik edir və ölkələrimizə davamlı sülh və çiçəklənmə arzu edirəm. Əminəm ki, aramızda mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri gələcək illərdə daha da güclənəcəkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR