Dünyada 46,3 milyon qaçqın var

Dünyada 46,3 milyon qaçqın var
10:51 8 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) dünyada qaçqınları sayı ilə bağlı "2014-cü il üzrə yarım illik tendensiyalara dair" hesabat yayıb. Sənədə görə, 2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb.

ANS PRESS-in məlumatına görə, BMT QAK-in Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumatda deyilir ki, Yaxın Şərqi, Afrikanı, həmçinin digər yerləri bürüyən müharibə səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təqribən 5,5 milyon insan didərgin salınəb ki, bu da zorla didərgin salınanların sayının daha da yüksəlməsindən xəbər verir.

Hesabat göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olub, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevriliblər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların (hesabatda "aidiyyəti olan şəxslər " kimi istinad olunub) sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatıb ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və yeni rekord göstəricidir.

Ötən ilin iyununadək olan məlumatlara əsasən 3 milyondan artıq suriyalı qaçqın dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.

Sayca ikinci yerə enmələrinə baxmayaraq, dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddət ərzində BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır (bu agentlik ən azı beş il davam edən qaçqınlıq durumunu "uzunmüddətli qaçqınlıq vəziyyəti" hesab edir). Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanmar (480,000) və İraq (426,000) ön yerlərdədirlər.

Pakistan 1,6 milyon əfqanıstanlı qaçqını qəbul etməklə, mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982,000), Türkiyə (824,000), İordaniya (737,000), Efiopiya (588,000), Keniya (537,000) və Çaddır (455,000).

BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya ölkə iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə qaçqınları qəbul etmiş ölkələrin bu kontekstdə töhfələri diqqətə çatdırılır. Belə ki, əhalisinin sayına nisbətdə Livan və İordaniya ən çox sayda qaçqın qəbul ediblər. Ölkənin iqtisadi imkanları baxımından isə ən böyük yük Efiopiya və Pakistanın üzərinə düşür.

Ümumiyyətlə, BMT QAK-ın mandatı altında olan qaçqınların sayı yarımillik ərzində 13 milyona çatıb ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir. Agentliyin himayə etdiyi və ya yardım göstərdiyi məcburi köçkünlərin ümumi sayı isə 26 milyona çatıb ki, bu da ən yüksək rəqəmdir. BMT QAK yalnız ölkə hökumətlərinin onun müdaxiləsi üçün müraciət etdiyi ölkələrdə məcburi köçkünlərə yardım göstərdiyinə görə bu rəqəm bütün dünyadakı məcburi köçkünlərin sayını əhatə etmir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib ki, 2014-cü ildə biz himayəmiz altında olan insanların sayının misli görünməyən dərəcədə artdığını gördük. Beynəlxalq birlik mövcud münaqişələrin siyasi həll yollarını tapmağı və yeni münaqişələrin başlanmasının qarşısını almağı bacarmadıqca biz dramatik humanitar nəticələrlə üzləşməkdə davam edəcəyik.

Hesabatda gəlinən digər bir qənaət ondan ibarətdir ki, qaçqın əhalinin regional bölgüsündə dəyişiklik baş verib. Son ilə qədər ən çox qaçqın əhalini qəbul edən region Asiya və Sakit Okean ölkələri idi. Suriyadakı böhran nəticəsində indi Orta Şərq və Afrika ən çox qaçqın əhalini qəbul edən yeni regionlara çevriliblər.

Ümumiyyətlə, hesabat hökumətlərdən və dünya ölkələrindəki ofislərindən aldığı məlumatlar əsasında hazırlanıb. Hazırkı məqamda BMT QAK-ın əlində olan məlumatlar tam olmadığına görə onlar bütün dünyada məcburi köçkünlərin ümumi sayını tam əks etdirmir (əvəzində BMT QAK-ın hər ilin iyununda təqdim etdiyi "Qlobal tendensiyalara dair" illik hesabatında yer alan tam rəqəmlər göstərir ki, 2013-cü ilin sonunda dünyada 51,2 milyon insan məcburi köçkün olub). Bununla belə, hesabatda təqdim edilən məlumatlar dünyada qaçqınlıq və məcburi köçkünlüklə bağlı tendensiyaların ümumi mənzərəsinin başlıca komponentini və mühüm göstəricisini təşkil edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR