Əvvəl MXD, sonra "Real" çempion oldu (FOTO)

Əvvəl MXD, sonra "Real" çempion oldu (FOTO)
12:55 5 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub.

Bankdan Trend-ə verilən məlumata görə, 57 gün davam edən, gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 6-cı ilində MXD adını qaliblər sırasına əlavə edib. “VTB Bank”dan titulu təhvil alan yarışın sürpriz komandası finalda üçqat çempion “No Name”i məğlub edib. Üçüncü yerin sahibinin adı isə 3 ildən sonra dəyişib. “Synergetic” “Gobustone”nin “bürünc seriyası”nı qıraraq, fəxri kürsüyə yüksəlib.

İyunun 3-də meydana ilk çıxan “Synergetic” üçüncü yer uğrunda görüşdə “AtaTexnologiya” ilə üz-üzə gəlib. Tennis Akademiyasında baş tutan, AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun bu dəfə də finaldan belə fərqlənməyib. Çünki matç hər 2 komanda üçün böyük əhəmiyyət daşıyırdı. “Synergetic” yarımfinalda böyük hesabla uduzduğundan bunu unutdurmaq, “AtaTexnologiya” isə son anda final şansını qaçırdığından 3-cü yerlə bunu sığortalamaq arzusundaydı. Həmçinin, bu komandaların qrup mərhələsinin görüşündə “Synergetic” 1:11 hesabi ilə uduzması rəqib üçün əlavə stimul idi. Bəlkə bu arxayınlıq “AtaTexnologiya”nın lazımı oyunu göstərə bilməməsinə səbəb olub. Əvəzində, son çempion “VTB Bank”ı da mübarizədən kənarlaşdıran “Synergetic” baxımlı oyunu ilə azarkeşlərin alqışını qazanıb.

Komandaların ilk saniyələrdən ehtiyatlı davranacağı gözlənilirdi. Lakin “Synergetic” bütün proqnozları alt-üst edib. Onlara hesabı açmaq üçün cəmi 10 dəqiqə kifayət edib. Bu, komandanın düzgün taktika seçməsi və kollektiv oyun nümayiş etdirməsi sayəsində olub. 2015-ci ilin çempionu “AtaTexnologiya” isə yenə kapitan səhvlərinin qurbanı olub.

Cahangir Qənizadənin heyəti düzgün qurmaması və hər bir komanda yoldaşına göstəriş verməsi 12-ci dəqiqədə qapısında ikinci qolu görməsi ilə nəticələnib. Bu, onları bir qədər “sındırsa” da, oyunçu dəyişikliyi görüşün axarını dəyişib. Müdafiədə inamlı çıxışı ilə fərqlənən Oruc İbrahimovun meydana girməsi komandanın arxa xəttini gücləndirib. Sonra meydana daxil olan Qorxmaz Ağayev də görüşə əlavə rəng qatıb. O, hesab arasındakı fərqi azaltmaqla, oyunda “ölmüş intiriqanı” yenidən bərpa edib. Lakin həmin vaxtadək İbrahimovun yenidən ehtiyata göndərilməsi, “AtaTexnologiya” bütün komanda ilə hücuma atılması “Synergetic”in lehinə işləyib. Doğrudur, onlarda da səhvlər olub. Lakin bu səhvlər nəticəyə təsir etməyib. Qapıçıları Hüseyn Aydəmirovun gözəl qurtarışları isə sadəcə alqışalayiqdir. Onlar hətta əks-hücumların birində “AtaTexnologiya”nı növbəti dəfə cəzalandıra bilərdilər. Qənizadənin kobud səhvini Murad Əlizadə sığortalayıb. O, topu boş qapıdan çıxarıb. Buna baxmayaraq, “Synergetic” yekunda qapını bərk çırpıb. Onlar matçın qurtarmasına 3 dəqiqə qalmış rəqiblərini 3-cü dəfə mərkəzə dəvət ediblər – 3:1. Bu qol çempionluq iddiasında olan “AtaTexnologiya”nın bürünc medal almasının da üstündən xətt çəkib.

3-cü yerin sahibi bilindikdən sonra “No Name”lə MXD çempionun adına aydınlıq gətiriblər. Arenaya toplaşan çoxsaylı tamaşaçılar sözün həqiqi mənasında, adına layiq finala şahidlik ediblər. Sanki həmin gecə Çempionlar Liqasının həlledici qarşılaşmasında “Yuventus” – “Real” duelinə bir hazırlıq matçı oynanılırdı. Ötən il finalda məğlub olan “adsız komanda” italiyalılar kimi uğursuz seriyaya son qoymaq, finala ilk dəfə yüksələn MXD isə ispanlar kimi ili titulla başa vurmaq arzusundaydı.

Hər şey madridlilərin istədiyi kimi oldu. Yəni “Real”dan öncə MXD öz kubokuna qovuşdu. Bununla da Heydər Əliyevin şərəfinə keçirilən yarışın tarixinə 4-cü qalibin adı əlavə edildi. MXD çempion olmaqla, “VTB Bank”ın 1 il daşıdığı titula yiyələndi. Bu 2 komandaya kimi isə “No Name” 3 və “AtaTexnologiya” 1 dəfə kuboku başı üzərinə qaldırmışdı.

Matça gəlincə, çempionatın əvvəlindən adından söz etdirən və məhsuldarlığı ilə fərqlənən MXD bu dəfə inamlı təsir bağışlayıb. Onlar sanki final deyil, turnirdə adi oyunlarına çıxırlarmış kimi ilk dəqiqələrdən hücuma atılıblar. Bu səbəbdən qol da özünü çox gözlətməyib. Cəmi 4 dəqiqə sonra “No Name” topu qapısından çıxarmalı olub. Komandanın belə oyununda Faiq Baxşıyevlə Dəyanət Quliyevin də düzgün qərarlar verməsi öz rolunu oynayıb. 12-ci dəqiqədə isə Elçin Merdiyev özünün və komandasının ikinci qolunu vurub. Bu qol rəqibə əlavə güc verib desək, yanılmarıq. Çünki 0:2 hesabı ilə geri düşən “No Name”in irəli atılmaqdan başqa rolu qalmamışdı. Onların da tempi artırması oyunu daha da gərginləşdirib. Lakin komandanın gücü cəmi 1 qola çatıb. Şamo İsgəndərov fərqi azaltsa da, ikinci hissədə qol olmayıb. Futbolçuların fərqlənməsinə bəzən qapıçıların dəqiqliyi, bəzən də özlərinin qapını düzgün nişan almaması imkan verməyib.

“No Name”in “dişsizliyində” əsas səbəb aparıcı hücumçuları Hüseyn Xəlilovun forma geyinməməsi də az rol oynamayıb. Əməliyyatdan sonra meydan çıxmayan oyunçu yarımfinal və finalda komandasına kömək edə bilməyib. Onun yoxluğunda isə hücum xəttindəki boşluğu dolduran tapılmayıb. Hər halda, “No Name” uduzsa da, turnirdəki ən titullu komanda adını qoruyur.

Beləliklə, uzun sürən marafon MXD-nin qalibiyyəti ilə başa çatdı. “No Name” yenə ikinci olduğu halda, “Synergetic” “üçlüy”ü qapayıb.

Final

“No Name” – MXD – 1:2

Qollar: Şamo İsgəndərov, 25 – Elçin Merdiyev, 4; 12

Üçüncü yer uğrunda matç

“AtaTexnologiya” - “Synergetic” – 1:3

Qollar: Qorxmaz Ağayev, 28 – Fərid Şabanzadə, 10; 12; 47

Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “AtaTexnologiya”da çıxış edən bank rəsmisi mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. İbrahimov 3-cü yer uğrunda görüşdə “Synergetic”ə məğlubiyyətlərinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, yaxşı qapıçının komandanın yarısı olduğunu əsəb yerə deməyiblər və rəqibdə də bunu Hüseyn Aydəmirov əyani şəkildə sübut etdi.

“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəhbərinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona İtaliyadan gətirilmiş xüsusi kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu 1/4 finalda sonradan çempion olan MXD-yə məğlub olan “Qalaaltı Hotel”nın hücumçusu seçilib. Hər qarşılaşmada adından yaxşı mənada söz etdirən, komandasının qrup mərhələsini keçməsində əsas pay sahibi olan Aydın İslamov həlledici matçlarda oynamasa belə hamını qabaqlayıb. Yarışın bombardiri adına Fəqan Yusubov (MXD, 27 qol rekord) sahib olub. “Synergetic”in bürünc medal qazanmasında xüsusi rolu olan Hüseyn Aydəmirov qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla və xüsusi kuboklarla mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2762778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR