İş adamı Məhərrəm Novruzov haqqında yayılan iddialara cavab verib

İş adamı Məhərrəm Novruzov haqqında yayılan iddialara cavab verib
14:44 5 İyun 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

 

Tanınmış iş adamı,  “Qurtuluş 93” və “Bağçalı Evlər” MTK-larının rəhbəri Məhərrəm Novruzov bir müddət əvvəl Kütləvi İnformasiya Vasitələrində Ukrayna vətəndaşı Nazim Qəzənfərovun onun haqqında böhtan xarakterli müsahibəsi ilə bağlı mətbuat  konfransı keçirərək doğruları ictimaiyyətə açıqlayıb.

 

Lent.az-ın məlumatına görə, M. Novruzov barəsində yazılanlardan təəssüfləndiyini bildirib. Məhərrəm Novruzov Nazim Qəzənfərovun onu külli miqdarda ziyan vurduğunu, ona qarşı dələduzluq etdiyini deyib: “20 il əvvəl Bakıya gəldiyim  zaman nə qalacaq, nə də yatacaq yerim yox idi. Çox əziyyətlər çəkmişəm.  Öz zəhmətimin sayəsində bu səviyyəyə yüksəlmişəm. Əlimə imkan düşəndən xeyirxahlıqla məşğul olmuşam. Çox insanlara əl tutmuşam, neçə imkansız ailənin övladının oxumasına köməklik eləmişəm. Vətənim, millətimin övladları üçün çox işlər görmüşəm. Onların oxumağı üçün öz vəsaitim hesabıma bir orta məktəb, bir akademiya, Şabranda akademiyanın filialını, idmançılar üçün otel, 5000, 3000, 15000 nəfərlik 3 idman meydançası tikdirərək hədiyyə etmişəm. Habelə, park salaraq, uşaqların istirahəti, oynaması üçün bütün şəraiti yaratmışam”.

 

Azərbaycanda müəyyən qədər işlər görən sahibkar xaricə investisiya yatıraraq, ölkəyə valyuta gətirmək qərarına gəlib: “Ölkə prezidentinin də tapşırığı var idi ki, iş adamları xaricə investisiya yatırsın. Mən də onun tapşırığına əsasən, etibarlı adam tapmağa çalışdım. Yanımda işləyən işçilərdən biri məni Ukraynanın Lvov şəhərində yaşayan, işsiz və vəziyyəti ağır olan Nazim Qəzənfərovla tanış elədi. Dedilər ki, ona kömək eləsəniz, savaba keçərsiniz. Onu Bakıya dəvət elədim, dedi, bilet almağa pulu yoxdu. Biletini də aldım. Gəldi görüşdük. Özünü  mənə dindar biri kimi göstərdi. Nazimə dedim Ukraynada işlərin başına səni keçirirəm. Bir yerdə işləyərək,  əvvəlcə Lvov şəhərində torpaq aldıq. Nazim məni Lvova çağırdı ki, torpaq tapmışam. Getdim, torpağa baxdım. Nazim dedi, 100 min dollar beh vermək lazımdı. Mən də pulu verdim. Nazim sənədin 2 ay müddətində hazırlanacağı bildirdi. Lakin aylar keçdi, sənəd hazırlanmadı. Mənə dedi ki, sənədləşmə uzanır. Birdən qayıtdı ki, başqa bir yerdə 150 min dollara torpaq var, onu alaq. Mən də Nazimə inandım, 150 min də göndərdim ki, həmin torpağı da alsın”.

 

Məhərrəm Novruzov qeyd edib ki, müxtəlif sənədləşmə və iş adı ilə Nazim ondan bir neçə dəfə küllü miqdarda pul alıb: “ Nazim bir neçə dəfə işlərin yekunlaşdırılmasına görə məndən pul istədi. Göndərdim. Sonra özüm inşaatçı olduğumdan hesabladım ki, verdiyim pullarla həmin bina başa çatmalıydı. Nazimə zəng edib dedim ki, pulu artıq xərcləyirsən. Dedi, Hacı, narahat olma, satanda hamısının əvəzi çıxacaq. Heç nə demədim. Bir gün mənə bir nəfər zəng elədi. Dedilər ki, bəs Nazim Qəzənfərov diasporanın müəyyən adamları ilə əlbir olub pulları sağa-sola xərcləyir, əvəzində isə heç bir iş görməyib. Durdum Ukraynaya getdim. Orda mənə məlum oldu ki, tikdiyim bina barəsində sökülmə əmri çıxarılıb. Getdim şəhər merinin yanına. Orda mer mənə dedi ki, biz tikinti üçün 5 mərtəbəyə icazə vermişik. Onlar isə texniki şərtdə saxtakarlıq edərək, sənədə özləri qol çəkib 8 mərtəbə tikiblər. Ona görə də binanın üç mərtəbəsi sökülməlidir. Baş verənlərlə bağlı Nazim Qəzənfərovdan soruşduqda o “narahat olma, özüm həll edəcəyəm” dedi”.

 

Sahibkar qeyd edir ki, Nazim Qəzənfərovun onu aldatması bununla da bitməyib: “Bütün bunlardan sonra hələ də Nazimə heç nə demirdim. Həmin günü Nazim şəhərin mərkəzində daha yaxşı torpaq sahəsi satıldığını dedi. Bu dəfə də məni aldada bildi.  Məndən əvvəlcə 50 min dollar aldı, sonra sənədləşmə adı ilə ümumilikdə 350 min dollar pul aldı. Bir müddət sonra öyrəndim ki, həmin sahədə vaxtı ilə öldürülmüş yəhudilər kütləvi şəkildə basdırılıbmış. Oranı qazarkən insan sümükləri çıxdı və həmin yerdə tikinti aparmağa icazə verilmədi. Başa düşdüm ki, Nazimə bu qədər yaxşılıq etməyimə baxmayaraq, o məni aldadır. Nazimi çağırdım. Bütün torpaqların və tikilən mülkün sənədlərini yaxınımın adına keçirməsini istədim. Dedi yaxşı. Yaxınım gedib, vəkalətnamə ilə mülkləri yaxın adamımın adına keçirdi, gedib o tərəfdən də ləğv elətdirib. Müxtəlif bəhanələrlə bizi gecikdirirdi. Bəzi mülkləri isə gizli olaraq həyat yoldaşının adına keçirib, məni aldatmaq istəyirdi. Hətta mənim olan villanın birini öz adına keçirib, çıxarış alıb. Bütün bunlara görə, Nazimi tutub dedim ki, sən niyə məni belə aldadırsan? Mülklərimi, pullarımı istədim. Dedi ki, mən guya buna hələ 30 min dollar borcum var. Halbuki, məni bu boyda aldadan adama işlədiyim dövrdə ofis tutub, yüksək əməkhaqqı ödəyib, ev və avtomobil vermişəm. Bunları ona görə edirdim ki, Nazim  sağlam iş görsün. Lakin o  heç bir işi sağlam görmədi. Tikdiyi evlər belə uçub tökülür”.

 

Məhərrəm Novruzov qeyd edib ki, Nazim Qəzənfərov ümumilikdə ona 2 milyon dollar pul atıb: “Əvvəlcə düşündüm onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Sonra dedim ki, azərbaycanlıdır, ayıb olar, yəqin ki, borcunu qaytarar. Lakin o pulunu indiyə qədər qaytarmayıb”.

 

İş adamı həmçinin deyib ki, N.Qəzənfərov ona Ukraynadan  taxta-şalban göndərib: “O yenə məni aldatdı. 1 milyona yaxın məni ziyana saldı. Göndərdiyi taxta-şalban yaş olduğu üçün taxtada çatlar əmələ gəldi, qurd düşüb. Yararsız hala düşdü. Mütəxəssislər isə taxta-şalbana baxaraq onun dərmanlanmadığını bildirdilər”.

 

Sonda Məhərrəm Novruzov  mətbuatda onun haqqında yazılanlara da münasibət bildirib. O, qeyd edib ki, yazılanların heç bir əsası yoxdur və yazılanlar onu gözdən salmağa xidmət edir. “Guya ki, onun təhdid edirəm, qardaşını polisə vermişəm, ölümlə hədələyirəm. Bunların heç biri olmayıb. Qardaşı ilə də telefonla əlaqə saxlamışam. Deyir ki, belə bir şey olmayıb. İstəyirsinizsə siz də əlaqə saxlayıb, soruşa bilərsiniz. Hətta onun çox sayda qohumu hazırda mənim yanımda çalışır. Hətta qardaşı oğlu Şabranda olan işlərin başındadır. Mən  bu gün sizlərin vasitəsi ilə hüquq-mühafizə orqanlarına bir daha müraciət edirəm. Qoy vətənin, millətin övladları üçün gördüyüm bu işlərin müqabilində ailə-uşağını baxımsız şəkildə atıb gedən bir saxtakar, dələduz öz layiqli cəzasını alsın”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR