Nazir müavini: "Xəzər dənizində balıq ehtiyatları son 10-15 ildə kəskin azalıb" - FOTO

Nazir müavini: "Xəzər dənizində balıq ehtiyatları son 10-15 ildə kəskin azalıb" - FOTO
14:57 6 İyun 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev report-a müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Azərbaycanda nə qədər balıq vətəgəsi mövcuddur?

- Azərbaycanda 151 balıq vətəgəsi var.

- Balıq ovuna hansı sənədlər tələb olunur?

- Sənaye ovu fəaliyyətinin aparılması üçün balıq ovuna icazə almaq lazımdır. Bunun üçün lazım olan sənədlər aşağıdakılardır: ərizə, şəxsiyyət vəsiqəsi, istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə, istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə, gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı, soyadı barədə məlumat.

- Balıq tutmaq istəyən sadə vətəndaşlara (həvəskar balıqçılara) nə məsləhət görərdiniz? İlin hansı vaxtı, harada balıq tutmağa icazə verilir?

- Azərbaycanda həvəskar balıq ovçuluğu 1998-ci ildə qəbul olunmuş və dəyişikliklərdən sonra 2014-cü ildə Milli Məclis tərəfindən yenidən qəbul edilmiş "Balıqçılıq haqqında" qanunla tənzimlənir. Həvəskar-balıq ovçuları "Ovçular və balıqçılar" cəmiyyətinin üzvləridir və qanuna müvafiq olaraq balıq ovu üçün xüsusi olaraq ayrılmış yerlərdə və icazə verilmiş vaxtlarda balıq ovu ilə məşğul ola bilərlər. Kürütökmə miqrasiyası zamanı balıq ovu qadağan olunur. Həvəskar ovçuluq üçün nərələr və qızıl balıqlar qadağandır. Son illərdə balıqçıların - həvəskarların sayı artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Departamenti balıq ehtiyatlarının mühafizəsi üzrə ixtisaslaşmış Xidmətə malikdir. Departament ov müddəti, ov alətləri, ov yerləri, ovlanan balıq növləri, balıq ovu kvotasına riayət üzrə və s. balıq ovuna nəzarət edir və onu tənzimləyir. Qaydalar üzrə həvəskar ovçuluqla məşğul olanlara adambaşına bir gündə 5 kq-dan artıq balıq ovlanmasına icazə verilmir. Bu qaydaların istənilən şəkildə pozulması balıq ovu qaydalarının pozulması hesab edilir və qanunla cəzalandırılır. Balıq ovu qaydalarına əsasən balıq ovuna icazəsi olmayan (balıq ovu bileti) balıqçılar brakonyer hesab edilir.

- Əmtəə təsərrüfatlarında yetişdirilən və təbii su hövzələrində olan balıqların fərqi nədədir? Bəzən vətəgə balıqlarını broyler toyuqları ilə də müqayisə edirlər...

- Əmtəə təsərrüfatlarında yetişdirilən balıqlar süni hazırlanmış yemlə qidalandırılır. Bundan fərqli olaraq, təbii su hövzələrində isə balıqlar təbii yemlə qidalanırlar (kiçik balıqlar, qurdlar, molyuskalar, xərçəngkimilər, zooplanktonlar və zoobentoslarla). Buna görə də, müqayisə olunan əmtəə təsərrüfatlarında yetişdirilən və təbii şəraitdə yaşayan balıqlarda ətin zülal komponentləri və dad keyfiyyəti fərqlidir. Eyni ilə, kənd yerlərində təbii yemlə qidalanan toyuqların ətinin dadı da broyler şəraitində yetişdirilən toyuqların ətinin dadından fərqlənir.

- Bu ilin ötən dövrü ərzində qanunsuz balıq ovlayan neçə nəfər məsuliyyətə cəlb olunub?

- İlin ötən dövründə qanunsuz balıq ovu ilə bağlı məsuliyyətə cəlb olunan şəxslər 22 nəfərdir. 78 akt və 40 protokol tərtib edilib, 9 cinayət işi istintaqa göndərilib. Balıq ehtiyatlarına vurulan zərərlə bağlı 37193 manat iddia qaldırılıb, 9235 manat iddia isə ödənilib. 1331 ədəd ov aləti, 7 ədəd su nəqliyyat vasitəsi, 384 ədəd balıq götürülüb.

- Azərbaycanda brakonyerliklə mübarizə necə aparılır?

- "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə balıq ovunun tənzimlənməsi və brakonyerliklə mübarizə vəzifələrinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Respublikada mövcud balıqçılıq təsərrüfatı əhəmiyyətli su hövzələri Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin fəaliyyət obyektləridir. Departamentin tərkibinə daxil olan Su Hövzələrində Bioresursların Mühafizəsi Xidməti öz fəaliyyətini 4 regional sektorları vasitəsilə həyata keçirir. Bu sektorlar Xəzər dənizinin Azərbaycana aid sularında və Respublikanın daxili su hövzələrində qeyri qanuni balıq ovu və balıq ovu qaydalarının pozulması hallarına qarşı müvafiq tədbirləri həyata keçirirlər. Cərimə sanksiyalarının və cəzaların tətbiqi məqsədilə Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrindən istifadə olunur. Balıq mühafizə qanunvericiliyinin pozulmasına qarşı mübarizədə Xidmət hüquq-mühafizə orqanları və sərhəd qoşunları ilə sıx əməkdaşlıq edir.

Brakonyerliklə mübarizə üzrə Respublikanın bütün hüquq-mühafizə və təbiəti mühafizə təşkilatlarının iştirakı ilə tədbirlər işlənib hazırlanıb və həyata keçirilir. Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə brakonyerliklə mübarizənin gücləndirilməsi üzrə birgə kompleks tədbirlər aparılır. Lakin, Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə Xəzəryanı ölkələrin qəbul etdiyi bütün bu tədbirlərə baxmayaraq, dənizin ekosisteminə antropogen təsirlər, bizə hələ də balıq ehtiyatlarının sayının aşağı düşməsi prosesinin qarşısını almağa imkan vermir. Cari 2017-ci ildə Bakıda keçiriləcək Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 1-ci iclasında xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması gözlənilir.

- Balıq ehtiyatlarının, o cümlədən Xəzər dənizində nərəkimilərin ehtiyatının vəziyyəti necədir?

Xəzər dənizində balıq ehtiyatları son 10-15 ildə kəskin azalıb və bu da, əsasən, Xəzər dənizinin balıq kütləsinin əsas hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (məsələn, siyənəklərin, qızılbalığın, nərəkimilərin) və hətta suitilərin sayının azalmasına və vəziyyətinə mənfi təsir göstərib. Həmçinin, nərə balıqlarının ehtiyatı kəskin azalıb. Bu gün Xəzər dənizində nərəkimilərin ehtiyatı keçən əsrin 80-ci illərlə müqayisədə 30 dəfə azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatıb.

- Balıq ehtiyatlarının azalmasının səbəbləri nədir?

- Xəzərdə balıq ehtiyatlarının azalmasının, o cümlədən nərə balıqları ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri aşağıdakılardır: 1) keçən əsrin 90-cı illərin sonunda brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması; 2) kürütökülən əksər çaylarda, və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması; 3) Xəzər dənizinin çirkləndirilməsi; 4) bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması; və nəhayət, 5) Mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması. Həmin daraqlı canlı Volqa-Don kanallar sistemi üzrə Qara dənizdən Xəzər dənizinə keçid edən gəmilərin ballast suları vasitəsilə Xəzər dənizi hövzəsinə daxil olub. Bu gəlmə növ son 10-15 il ərzində dənizin zooplanktonunun bütün biokütləsini demək olar ki məhv edib, bu da vətəgə balıqlarının bütün qida zəncirlərində ehtiyatlarının azalmasında əks olunub. Hazırda Xəzərdə Mnemiopsis inkişaf edərək dənizin bütün akvatoriyalarında geniş yayılıb. Buna görə də, balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.

- Nərə balıqların təbii ehtiyatlarının bu cür azalması şəraitində xəzəryanı ölkələr kommersiya ovunu aparırlarmı?

- 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir. Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratoriumu haqqında ümumiəhatəli beştərəfli Sazişin qəbuluna qədər, Xəzəryanı ölkələr ayrı-ayrılıqda nərə balıqlarının ovu üzrə texniki moratoriumu saxlayırlar. Lakin bütün bu tədbirlərə baxmayaraq, son illərdə nərə balıqlarının ehtiyatının kəskin azalması nəticəsində, hətta onların süni çoxaldılması məqsədləri üçün törədicilərin çatışmaması ilə əlaqəli çətinliklər yaranıb.

- Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium nə vaxt tətbiq ediləcək?

- Məlum olduğu kimi, 2010-cu ilin noyabr ayında Bakı şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə görüşündə ölkələrin Prezidentləri, nərə balığı növlərinin kommersiya ovuna 5-tərəfli moratoriumun tətbiqi mexanizminin işlənib hazırlanmasını Hökumətlərə tapşırmışdılar. 2014-cu ilin sentyabr ayında Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının dördüncü Zirvə görüşündə isə qəbul olunan Protokolda Xəzəryanı ölkələrin Hökumətlərinə Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının hökumətlər-arası statusuna qaldırılması barədə Sazişin razılaşdırılması tapşırılıb. Hazırda bu Sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Cari 2017-ci ildə Bakıda Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 1-ci iclası keçiriləcək və nəticə olaraq nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Saziş imzalanmaq üçün Xəzəryanı ölkələrin Hökumətlərinə təqdim oluna bilər.

- Xəzərdə balıqların, o cümlədə nərə balıqlarının, ehtiyatlarının qorunub saxlanması üçün bizim ölkəmiz hansı işləri görür?

- Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan dördü nərə, üçü qızılbalıq və forel, beşi isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. 2016-cı ildə adı çəkilən balıqartırma müəssisələrindən 400 mln ədəd balıq körpəsi təbii su hövzələrinə buraxılıb.(7,6 mln. nərəcinsli, 200 min qızılbalıq, 396 mln. çəkikimilər və s.) ki, bunlar Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunub saxlanılmasına və xammal bazasının formalaşmasına yönəldilmiş tədbirlərdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeyd olunan müəssisələri tərəfindən 2001-2016-cı illər ərzində Kür çayına, Xəzər dənizinə və daxili su hövzələrinə ümumi sayı 7,02 mlrd (nərəkimilər - 155 mln, qızılbalıq - 2,2 mln, çəkikimilər - 6,86 mlrd) olmaqla müxtəlif növ balıq körpələri artırılaraq buraxılıb.

- Nərə balıqlarının ovlanması və ehtiyatının tənzimlənməsi üçün ölkəmiz, xəzəryanı dövlətlər və beynəlxalq qurumlar hansı birgə tədbirlər keçirirlər?

- Azərbaycanın nərə balıqların mühafizəsi və ticarətinin tənzimlənməsi üzrə əməkdaşlıqda bir neçə beynəlxalq qurumları qeyd etmək lazımdır - FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), CİTES Konvensiyası ("Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiya), İnterpol, BMT-nin Ətraf mühit üzrə Proqramı, Nərə balıqlarının qorunması üzrə Ümumdünya Birliyi, Təbiəti Mühafizə üzrə Beynəlxalq İttifaqı. Azərbaycan hal-hazırda iki regional komissiyada sədrlik edir: 5 xəzəryanı ölkələr tərəfindən yaradılmış "Xəzər dənizinin Su Bioloji Resursları Komissiya"da və "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"da. Xəzər regionunda belə əməkdaşlıq balıq növlərinin qorunması və bərpası üçün çox vacibdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə aparılan birgə əməkdaşlıq və səylər çərçivəsində FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın rəhbərliyi altında IDEA Ictimai Birliyinin Azərbaycanın və regionun biomüxtəlifliyinin, o cümlədən dəniz faunasının qorunması və nərəkimilərin vəhşi populyasiyalarının bərpası üzrə həyata keçirilən tədbirləri və layihələrini xüsusilə qeyd etmək lazımdır.

- Balıqçılığın inkişafı üçün bizim dövlətimiz tərəfindən hansı fəaliyyətlər aparılır və hansı şəraitlər yaradılır?

- Azərbaycanda balıqçılığın inkişafı üçün ilk növbədə normativ-hüquqi baza təkmilləşdirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən FAO-nun texniki dəstəyi ilə Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakultura sektorunun siyasi, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi həyata keçirilib və bu işlər hal-hazırda tamamlanmaq üzrədir. 1998-ci ildə qəbul edilmiş "Balıqçılıq haqqında" Qanunu balıqçılığın təşkili, idarə edilməsi, balıq ehtiyatlarının artırılması, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını tənzimləyirdi. Lakin bu köhnəlmiş Qanun Azərbaycanda sürətlə inkişaf edən akvakultura sektorunu əhatə etmirdi.Buna görə də, hazırlanmış"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu 2014-cü ildə Milli Məclis tərəfindən qəbul edildi. Nəticədə bu yenilənmiş "Balıqçılıq haqqında" Qanun vasitəsi ilə biz indi nəinki təbiətdə olan balıq ehtiyatlarının bərpa olunması, habelə ölkəmizdə əmtəə akvakulturanın inkişaf etdirilməsi imkanlarını da əldə etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qaydalar hazırlanıb, hazırda dövlət orqanlarında razılaşdırma prosedurası keçməsinin son mərhələsindədir. Bundan sonra su bioresurslarının idarəetmə strategiyası, balıqçılığın inkişafına dair strategiya və milli proqram hazırlanmalıdır, akvakulturanın inkişafı üçün sosial-iqtisadi şərait yaradılmalıdır.

- Akvakulturanın inkişafı bizim ölkəmiz üçün hansı əhəmiyyət kəsb edəcək?

- Xəzər dənizində bioloji resurslarının müasir gərgin vəziyyətini nəzərə alaraq, kiçik miqyaslı balıqovlama fəaliyyəti ehtiyatlı yanaşmaya əsasən aparılmalıdır. Ölkəmizdə akvakulturanı inkişaf etdirmək və əhalini yeni fəaliyyət növü olan akvakulturaya cəlb etmək lazımdır ki bu da qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizində su bioresurslarının bərpasına səbəb ola bilər. Azərbaycan üçün balıqçılıq sektorunun əsas prioriteti - daxili sularda kiçik miqyaslı akvakultura təsərrüfatlarının inkişafı, Xəzər dənizində nərəkimilərin ovlanmasına mümkün moratoriumun qoyulmasıdır. İqtisadiyyatın qeyri-neft sektoru olan akvakultura sahəsinin davamlı inkişafı kənd ərazilərində iş yerlərinin və alternativ gəlir mənbələrinin yaradılmasına gətirib çıxara bilər və Azərbaycan əhalisinin sağlamlığınamüsbət təsir göstərə bilər. Azərbaycanda balıqovu ilə məşğul olan əhalinin fəaliyyət istiqamətini dəyişdirmək və əmtəə akvakulturasının inkişafı üçün sosial-iqtisadi və hüquqi şəraitlin yaradılması həlledici əhəmiyyətə malikdir. Bununla balıqların (xüsusən də nərəkimilərin) təbii populyasiyalarına antropogen təzyiq azalacaq, bu da ətraf mühitin mühafizəsinə və bioloji müxtəlifliyin qorunub saxlanılmasına töhvə verəcək.

- Ölkədə hidrometroloji proqnozlarla bağlı durum necədir? Proqnozların neçə faizi özünü doğruldur? Bu sahədə hər hansı yeniliklər gözlənilirmi?

- Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılıb. Təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatmışdır. Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.

2017-ci ilin yanvarından hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunmuş, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb. Hidrometeoroloji stansiyalarda 6 ədəd birbaşa videogörüntü kameraları quraşdırılaraq onların sayı 29-a çatdırılıb.

Hidrometeorologiya sahəsində modernləşdirmə işlərinin nəticəsi olaraq meteoroloji proqnozların özünü doğrultması səviyyəsi 94-97 faizə çatdırılmışdır. Nəticədə Ümumdünya Meteorologiya Təşkilatından daha geniş çeşiddə məlumat almaq imkanı yaradılmışdır və bu da istənilən fövqəladə hadisə zamanı meteorologiya sisteminin fəaliyyətinin etibarlılığını qat-qat artırır.

- ETSN-in "Qaynar xətt"inə il ərzində neçə zəng gəlir? Zənglər ən çox hansı məsələlərlə bağlı olur?

- Ötən 2016-cı il ərzində ETSN-nin "Qaynar xətt"inə 4630 şikayət daxil olub. 2017-ci ilin yanvar-may ayları ərzində isə "Qaynar xətt"ə daxil olan şikayətlərin sayı 945 olub.

Şikayətlər daha çox ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

- Hazırda Azərbaycanda meşə təsərrüfatı ilə bağlı vəziyyət necədir? Son illərdə meşələrin ərazisi nə qədər artıb və ya azalıb?

- Ümumiyyətlə, son bir neçə ildə intensiv şəkildə meşəsalma və meşəbərpa tədbirlərinin aparılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağac kəsmə hallarının ilbəil azalması hesabına meşə ilə örtülü ərazilərin sahəsinin artmasına nail olunub. Meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Son 15 ildə 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib, 88,6 min hektar ərazidə meşə əkinləri meşə ilə örtülü ərazilərə keçirilib. Təkcə 2016-cı ildə 10 151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb, o cümlədən 2645 hektar yeni meşələr salınıb, 3 milyon 546 min ədəd ağac əkilib. Tingliklərdə 35 milyon əkin materialı yetişdirilib, 158 ton toxum tədarük edilib.

- Müxtəlif əlamətlər günlərdə ağacəkmə kompaniyaları aparılır? Sonralar həmin ərazilərə qulluq, yaxud nəzarəti ETSN həyata keçirir, yoxsa ağacı əkənlər özləri nəzarət edir?

- Təbii ki, əlamətdar günlərdə ağacəkmə kampaniyaları keçirilir. Əgər əkilən ağaclar Nazirliyin balansında olan və onun xidməti ərazisini əhatə edən sahələrdədirsə, onlara nəzarət və qulluq Nazirliyin tabeliyində olan aidiyyəti müəssisələr tərəfindən aparılır, əgər bu kampaniya yerli icra hakimiyyəti və bələdiyyə mülkiyyətinə aid ərazilərdə aparılıbsa, onda bu işlər həmin orqanlar tərəfindən həyata keçirilir.

- Aksiyalar zamanı əkilən ağaclardan quruyanı olurmu?

- Çox nadir hallarda bu baş verir. Ümumiyyətlə, meşəçilik qaydalarına görə əgər əkilən ağacların 70 faizindən çoxu bitibsə, onda bu əla göstərici kimi qiymətləndirilir. Bizdə isə bu rəqəm 90-95 faiz təşkil edir.

Əkilmiş ağac tinglərinin quruması halları baş verdikdə isə mövsümündən asılı olmayaraq onlar qapalı kök sistemli tinglərlə əvəz olunur.

- Meşələrdə istirahət üçün icazə varmı, buna necə nəzarət olunur?

- Azərbaycan Respublikasının Konstitusiyasına görə hər bir vətəndaşın meşədə istirahət hüququ var və bu müvafiq maddədə təsbit olunub. Lakin bu o demək deyil ki, meşədə olan istər fiziki, istərsə də hüquqi şəxslər meşə qanunvericiliyinin tələblərinə riayət etməməlidir. Məhz belə halların qarşısını almaq üçün mütəmadi olaraq meşə mühafizə xidməti işçiləri tərəfindən reydlər keçirilir və hər bir meşə mühafizəsi və bərpası müəssisəsinin mühafizə xidməti işçiləri öz ərazilərinə nəzarət edirlər. Yay mövsümündə isə yanğın təhlükəsi olduğunu nəzərə alaraq, gündəlik növbətçilik təşkil olunur.

- Atmosfer havasının monitorinqi necə aparılır?

- Milli monitorinq sistemi modernləşdirilmiş və ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilib ki, bu da operativ və rejim məlumatlarını əks etdirən gündəlik, üçgünlük, ongünlük və s. bülletenlərin hazırlanaraq aidiyyəti üzrə qərar qəbul edən dövlət orqanlarına çatdırılmasına və ictimaiyyətin məlumatlandırılmasına imkan verir.

Müxtəlif bölgələrdə, o cümlədən qonşu dövlətlərin ərazisində son dərəcə çirklənməyə məruz qalan transsərhəd çayların üzərində ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş analitik tədqiqat labaratoriyaları istifadəyə verilib. Xızıda quraşdırılmış atmosferin yüksək qatları ilə ölkəyə daxil olan transsərhəd çirkləndiriciləri təyin edən müasir atmosfer havasının fon monitorinqi stansiyası ilə yanaşı 2016-cı ildə Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksi quraşdırılıb və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə çoxsaylı avtomatik qurğular alınaraq sözügedən şəbəkənin istifadəsinə verilib.

Transsərhəd ərazilərdə radiasiya fonu üzrə tam avtomatlaşdırılmış erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi qurulub və monitorinq məlumatları hər yarım saatdan bir aidiyyəti dövlət qurumlarına ötürülür.

- Xəzərdə və dənizin sahil zolağında ekoloji vəziyyət necədir?

- Xəzər dənizinin Azərbaycana mənsub sektorunda və onun sahil zolağında ekoloji vəziyyətin öyrənilməsi, antropogen təsirlərin ekoloji kriteriyalarının müəyyən edilməsi, formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilərək nəticələri barədə həftəlik və aylıq bülletenlər dəqrc edilərək aidiyyəti qurumlara göndərilib.

Yalnız 2016-cı ildə 619-u Xəzər dənizində olmaqla ümumilikdə 1 907 monitorinq keçirilib. Monitorinq zamanı ölkə ərazisindən Xəzər dənizinə tökülən 235 axardan götürülüb 3 793 nümunə üzərində fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji tədqiqatlar aparılıb. Keçirilən monitorinqlər zamanı götürülən su, şlam və torpaq nümunələri üzərində ümumilikdə 51 768 təhlil aparılıb.

Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə iri miqyaslı layihələr həyata keçirilir. Eyni zamanda Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 7900 kub metr çirkab su təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb.

- Bakıda yüksəkmərtəbəli binalar tikilərkən bəzən ağacların kəsilməsi halları olur. Belə hallarda nə qədər cərimə tətbiq olunur ?

- Yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların Götürülməsi Qaydası" ilə tənzimlənir. Bu Qaydanın tələblərinə riayət etməyənlər, o cümlədən tikinti zamanı məhv edilmiş hər bir ağac və kola görə Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 35000 manat məbləğində cərimə edilir və həmin şəxslərə təbiətə vurduqları ziyana görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" na əsasən iddia qaldırılır.

- Bayaq balıq ovundan danışdıq, özünüz balıq ovu ilə məşğul olursunuzmu? Hansı növ balığı yeməyi sevirsiniz?

- Vaxt məhdudiyyəti balıq ovu ilə məşğul olmağa imkan vermir. Xoşladığım balıq sıfdır (sudak).

- Boş vaxtlarınızda kitab oxuyursunuzmu?

- Əvvəllər bədii ədəbiyyat çox oxuyurdum, son dövrlərdə isə mütaliəyə elə də vaxt ayıra bilmirəm. Lazım olan məlumatları internet vasitəsilə əldə edirəm. Mən rus bölməsində təhsil aldığım üçün daha çox xarici ədəbiyyatı, klassikləri mütaliə etmişəm. Məsələn: Cek London, Viktor Hüqo, Onore de Balzak...

- Nazir müavini işlərin çoxluğundan ailəsinə və əzizlərinə vaxt ayıra bilirmi?

- Vaxtımın çox hissəsini işə sərf edirəm. İşdən əlavə qalan bütün vaxtımı isə ailəmə həsr edirəm. İki oğlum var.

- Azərbaycan mətbuatı ilə bağlı nə deyə bilərsiniz?

- Çox yaxşıdır. Bütün məlumatları Azərbaycan mətbuatından oxuyuram.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR