Səfir: "İŞİD kimi terrorçu qrupların yaradılması müsəlman xalqların parçalanmasına xidmət edir"

Səfir: "İŞİD kimi terrorçu qrupların yaradılması müsəlman xalqların parçalanmasına xidmət edir"
11:18 8 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İŞİD kimi terrorçu qrupların yaradılması müsəlman xalqlarının parçalanmasına xidmət edir. İranın Azərbaycandakı səfirliyindən Trend-ə bu gün verilən məlumata görə, bunu İslam Respublikasının səfiri Möhsün Pakayin ötən axşam Məhəmməd peyğəmbərin (s) və imam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə Bakıda keçirilən bayram şənliyində çıxışı zamanı deyib.

M.Pakayin bildirib ki, bəzi Qərb ölkələri müsəlmanlara qarşı “yumşaq müharibə” başladıblar: “Qərb ölkələri müsəlmanlar arasında firqələr yaratmaqla İslam dünyasının böyük şəxsiyyətləri və alimlərinin müsəlmanlar arasında yaxınlaşma və birləşməyə dair düşüncə və istəklərini zəiflətməyə çalışırlar”.

Onun sözlərinə görə, müsəlman ölkələri bir-biri ilə həmrəylik və qarşılıqlı anlaşma sayəsində beynəlxalq arenada təsiredici və böyük bir gücə çevrilə bilər: “İslam düşmənləri öz məqsədlərinə çatmaq üçün müsəlman ölkələri və islami məzhəblər arasında ixtilaflar yaradır və İslam dünyasının gücünü zəiflədir. Onlar məzhəb ayrı-seçkiliyi, dini və siyasi ixtilaflar yaradır və terrorçu qruplar təşkil etməklə müsəlmanların birləşməsinin qarşısını alırlar”.

M.Pakayin deyib ki, şiə və ya sünni olmasından asılı olmayaraq, bütün müsəlmanların əqidəsinin əsası - onların Allahı da, peyğəmbəri də, kitabı və qibləsi də birdir.

Qeyd edək ki, yanvarın 9-u - hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 17-si İslam peyğəmbərinin (s) və imam Cəfər Sadiqin (ə) doğum günüdür. İran Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu münasibətlə ötən gün Bakıda mərasim keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR