Şimali Kirpin Azərbaycandakı nümayəndəsi: “Avropa İttifaqı verdiyi sözüi yerinə yetirmədi” - MÜSAHİBƏ

Şimali Kirpin Azərbaycandakı nümayəndəsi: “Avropa İttifaqı verdiyi sözüi yerinə yetirmədi” - MÜSAHİBƏ
11:54 8 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Sadəddin Topukçunun APA-ya müsahibəsi.

 

- Sadəddin bəy, Azərbaycan-Şimali Kipr münasibətlərini hazırda necə dəyərləndirə bilərik?

 

- Şimali Kiprin Azərbaycan təmsilçiliyi 1997-ci ildən fəaliyyət göstərir. Təmsilçiliyin yaradılmasında məqsəd Kiprin türk xalqı ilə qardaş Azərbaycan xalqının daha da yaxınlaşmasına yardımçı olmaqdır. Deyə bilərik ki, bu illərdə məqsədimizə çatmışıq. Azərbaycanla bir sıra sahələrdə əlaqələrimiz formalaşıb və daim inkişaf edir. Ən başda da təhsil və turizm sektorları gəlir. Xüsusilə, təhsil sahəsinə diqqət çəkmək istərdim. Şimali Kiprdə 70 mindən çox tələbə təhsil alır ki, onların 1000-i Azərbaycandan gedən gənclərdir. Əlbəttə ki, onların valideynləri də övladlarının təhsil aldığı yerlə maraqlanırlar, vaxtaşırı səfərlər edirlər. Nəticədə qarşılıqlı mədəni əlaqələr qurulur, gedişlər və gəlişlər nəticəsində ölkələrimiz arasında bağlar daha da möhkəmlənir. Biz istər turizm, istər təhsil, istərsə də digər sahələrdə ölkəmizin təbliğatını aparmağa çalışırıq. Şimali Kiprlə maraqlanan şəxslər birbaşa bizim nümayəndəliyə gəlir, biz də onlara kömək etməyə çalışırıq.

 

- Şimali Kiprin müstəqil dövlət kimi tanınmaması nə kimi problemlər yaradır?

 

- Şimali Kipr dünya səviyyəsində rəsmən tanınan dövlət olmasa da, ali məktəblərimizin diplomları Türkiyə Yüksək Təhsil Şurası tərəfindən təsdiqlənib, Türkiyə vasitəsilə beynəlxalq səviyyədə tanınır. Şimali Kiprdə bakalavr və magistratura oxuyan şəxslər daha sonra başqa ölkələrin ali məktəblərində öz təhsillərini davam etdirə bilirlər. Odur ki, diplomların tanınması ilə bağlı heç bir problem yaşamırıq.

 

Lakin dövlətimizin dünyaya çıxmasında, beynəlxalq səviyyədə başqa dövlətlərlə siyasi-iqtisadi münasibətlər yaratmasında ciddi problemlər var. Bu problemlər Kipr türklərinin həyatına birbaşa təsir edir. Bununla belə, biz ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızı təmin etmək üçün ciddi işləyir, infrastruktur formalaşdırırıq. İqtisadi cəhətdən ayaqda qalmağa, dövlət və xalq üçün müəyyən gəlir sahələri yaratmağa çalışırıq. Hazırda ərazisi kiçik olan bir dövlətdə iri sənaye müəssisələri yaratmaq da əlverişli görünmür, adamız onsuz da gözəldir.

 

Sənaye müəssisələrinin əvəzində biz turizmi, təhsil sahəsini, xidmət sektorunu önə çıxardıq. Şimali Kiprə turist axını yetərincə yaxşıdır, tələbə axını da ildən-ilə artmaqdadır. Xalqımız əvvəldən də təhsilə meyllidir, müstəqilliyimi elan edərkən də Şimali Kiprdə ali təhsilli kadrlarımız çox idi. Onların bilik və enerjisini təhsil sektoruna yönəltdik, bəzi mütəxəssisləri də kənardan gətirdik. Məsələn, Şimali Kiprdəki ali təhsil müəssisələrində 35 azərbaycanlı müəllim dərs deyir. Onların bilik və təcrübəsindən də yararlanırıq, birlikdə Şimali Kiprin elm-təhsil potensialını artırırıq. Hazırda Azərbaycandan da ölkəmizə maraq böyükdür. İstərdik ki, azərbaycanlı iş adamları Şimali Kiprin turizm və xidmət sektoruna daha çox diqqət ayırsınlar, sərmayə yatırsınlar. Bunun üçün öz tərəfimizdən lazımi addımlar atmağa hazırıq.

 

Ölkəmizin dövlət kimi tanınmaması məsələsinə bir də qayıdaq. O ölkələr ki, bizim müstəqilliyimizi rəsmən tanımır, onlarla da münasibətlərimizi turizm və təhsil sektorundakı əlaqələr vasitəsilə yaxşılaşdıracağımıza inanırıq. Dünyanın bir çox ölkəsindən Şimali Kiprə turist və tələbə axını var. Onların Şimali Kiprə isti münasibəti gələcəkdə bu münasibətin rəsmi-diplomatik müstəviyə də keçməsinə yardımçı olacaq.

 

- Cənubi Kipr Azərbaycan ərazilərini işğal edən Ermənistanla, hətta Dağlıq Qarabağda yaradılmış separatçı rejimlə sıx münasibətlər saxlayır. Uydurma “erməni soyqırımı” iddialarında da adanın yunan tərəfinin fəallığını görürük. Bu barədə nə deyə bilərsiniz?

 

- Biz bu kimi hallara öyrəşmişik. Qonşularımız çətin qonşulardır, yaxşılığımızı istəməzlər. Cənubi Kipr rəhbərliyi çox zaman bizi sıxışdırmaq üçün Ermənistan və erməni diasporu ilə ortaq addımlar atmağa çalışır. PKK rəhbəri, terrorçu Abdulla Öcalan məsələsində də Cənubi Kiprin rəhbərliyi sırf Türkiyə əleyhinə olduğu üçün onu dəstəklədi, pasport da verdi. Cənubi Kipr rəhbərliyi bir çox ölkənin turizm şirkətlərinə təzyiqlər göstərərək, onların bizə turist göndərməsinin qarşısını almağa çalışdı. Hər halda, bizim Azərbaycan xalqı ilə olan münasibətlərimizi də nəzərdən keçirərək “bu məsələdə nə edə bilərik” fikriylə Dağlıq Qarabağməsələsini önə çıxardılar. Ermənilərin 1915-ci illə bağlı iddialarını da qabartdılar. Cənubi Kiprin parlamenti “soyqırım” iddiaları ilə bağlı Türkiyə əleyhinə qərar çıxaran ilk 5 parlamentdən biridir. Orada “soyqırım abidəsi” də qoyublar. Hər vasitə ilə Azərbaycana, Türkiyəyə və Şimali Kiprə zərər verməyə çalışırlar.

 

Amma biz istəyirik ki, qonşularla yaxşı keçinək. Ölkənin gələcəyi naminə, qonşularla yaxşı münasibətlər saxlamalısan. Amma qarşı tərəfdən buna maraq görmürük. Biz Cənubi Kipr rəhbərliyi ilə bu problemi aradan qaldırmaq üçün görüşürük, səmimiyyətlə danışıqlar aparırıq. Lakin onlar bu səmimiyyəti bizə göstərmir. Kipr böhranının əsas səbəblərindən biri də adanın Yunanıstana birləşdirilməsini ehtiva edən “enosis” məsələsi və türklərə qarşı qətliam siyasəti olub. Kipr Respublikası 1960-cı ildə türklər və yunanların ortaq dövləti kimi yarandı. Lakin bu ortaqlıq cəmi 3 il çəkdi. Çünki onların məqsədi Kiprin varlığını sürdürmək deyildi, türkləri adadan sıxışdırmağa və Yunanıstana birləşməyə çalışdılar. 1974-cü ildə BMT əsgərlərinin gözü qarşısında bizə qarşı qətliamlar törədildi. Nəticədə, Türkiyə müdaxilə etməli oldu. Türkiyənin müdaxiləsi də tamamilə qanuni idi. Çünki Kipr Konstitusiyasına əsasən üç ölkə – Türkiyə, Yunanıstan və Böyük Britaniya hər hansı fövqəladə vəziyyət yarandıqda təminatçı ölkə kimi çıxış edə bilərlər. Türkiyə Kipr türklərini BMT-nin gözü qarşısında məhv olmaqdan qurtardı. Daha sonra müxtəlif səviyyələrdə danışıqlar getdi. İlk müddət biz federativ dövlət yaratdıq ki, Cənubi Kipr də eyni addım atsın, nəticədə federasiya kimi birləşək. Onlar bunu istəmədi. BMT-nin keçmiş baş katibi Kofi Annanın təklifi ilə federasiya yaratmaq planı üzərində danışıqlar oldu, ortaq prinsiplər müəyyənləşdi. İki bölgəni birləşdirən və ortaq hökumətə sahib dövlət olacaqdı. Biz referendumda 64,91 faiz səs çoxluğu ilə bu birliyi dəstəklədik. Amma Cənubi Kipr prezidenti referenduma bir gün qalmış xalqa müraciət etdi, onları əleyhinə səs verməyə çağırdı. Nəticədə adanın yunan hissəsi 75,38 faiz səs çoxluğu ilə Annan planını rədd etdi. Ondan bir həftə sonra isə Cənubi Kipr türklərsiz Avropa İttifaqına daxil oldu.

 

Avropa İttifaqı Kipr türklərinin hüquqları baxımından hansı mövqedədir, hər hansı müraciətlər, danışıqlar olubmu?

 

- Göründüyü kimi, proseslər məqsədli şəkildə belə çətinə salındı. Türklər birləşməyə çalışır, amma yunanlar yox. Nə bizim müstəqilliyimizi tanıyırlar, nə də bizi qəbul edirlər. Avropa İttifaqı isə öz sözünü Kiprin yunan rəhbərliyi vasitəsilə deyir. Bizim bütün müraciətlərimiz, tələblərimiz nəticəsiz qaldı. Bizə deyirlər ki, Cənubi Kiprin yunan tərəfi Aİ-nin üzvüdür, biz heç nə edə bilmərik. Gətirib üzv edəndən sonra “biz heç nə edə bilmərik” sözləri nədir? Sadəcə, türklərin də o adada söz haqqına sahib olmasını həzm edə bilmirlər. Əgər niyyətləri böhranın həlli idisə, yunan tərəfinə qarşı hər hansı tələb irəli sürə bilərdilər. Belə bir tələblə rastlaşmadıq. Artıq uzun illərdir ki, eyni münasibəti Türkiyəyə qarşı da göstərirlər. Türkiyəni müxtəlif bəhanələrlə sıxışdırırlar. Əsas tələblərdən biri də Türkiyəni bizdən uzaqlaşdırmaqdır. Türkiyə ilə bağlı hər hansı məsələ gündəmə gəlincə, Cənubi Kipr əngəl törədir. Lakin Türkiyə Şimali Kipri tək buraxa bilməz, biz öz varlığımızı, birliyimizi hər şeyə rəğmən davam etdirəcəyik.

 

- Belə bir sual yaranır ki, Avropa İttifaqı Kipr türklərindən nə gözləyir?

 

Avropa İttifaqı referendumdan əvvəl bizə müxtəlif vədlər verdi. Dedilər ki, siz birlik məsələsinə “bəli” deyin, biz hər cür kömək göstərəcəyik, bütün qapılar açılacaq. On ildən çox keçdi, amma Aİ bizə verdiyi sözlərdən heç birini yerinə yetirmədi. Biz Aİ ilə gömrüksüz ticarət aparmaq istədik, ona da “yaxşı” dedilər, amma illər keçdi, hələ həll olunmadı. Belə bir Avropa ilə qarşı-qarşıya qalmışıq. Dünyaya gəlincə, məsələn, ABŞ-ın da başqa maraqları var. Amerikadakı yunan və erməni diasporları çox güclüdür, vaxtaşırı olaraq dövlətin siyasətinə çox ciddi təsir göstərə bilirlər. Həm sizin, həm də bizim məsələlərdə belə hallara çox rast gəlmişik. Böyük Britaniyanın isə Cənubi Kiprdə iki hərbi bazası var, bu bazalara zərər gəlmədiyi müddətdə adadakı vəziyyət onu qane edir, bizim xeyrimizə olan hər hansı addım atmır. Kiprdə həllin olmamasından yunan tərəfi heç bir zərər görmür, dünyadan təcrid vəziyyətinə salınan türk tərəfidir. Ona görə də, nizamlanma prosesini davamlı olaraq uzadırlar.

 

- Aralıq dənizindəki təbii qaz yataqlarının araşdırılması ilə bağlı məsələ nə yerdədir? Bildiyimizə görə, Kiprin türk və yunan tərəfləri arasında bu istiqamətdə də münaqişə yaranıb.

 

- Cənubi Kipr ada ətrafında bir neçə il öncə təbii qaz tədqiqatlarına başladı. Biz dedik ki, bizim də haqqımız var, gəlin bu tədqiqatları ortaq aparaq. Müştərək texniki komitə yaratmağı təklif etdik. Yunan tərəfi isə boyun qaçırdı. “Sizin də haqqınız var, amma nizamlanmadan sonra haqqınızı alacaqsınız” deyirlər. Əlli ildir gözləyirik, daha nə qədər gözləməliyik? Biz də Türkiyədən olan bir şirkətə seysmik tədqiqatlar aparmağı həvalə etdik. Bu şirkətin gəmisi adaya yaxın sularda qaz yataqları olub-olmaması ilə bağlı səthi olaraq araşdırmalara başladı. Yunan tərəfi isə buna etiraz edərək 3 ay əvvəl danışıqlar masasını tərk etdi. Və artıq, 3 aydır ki, danışıqlar prosesi tamamilə donub. Yaxın zamanlarda nə dəyişəcək, deyə bilmərəm.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda da oxşar vəziyyət yaranıb...

 

- Bəli, proseslərdən xəbərimiz var. Azərbaycanın Qarabağ problemi bizə çox yaxın, tanışdır. Bu məsələdə Ermənistan tərəfi Qarabağ məsələsini Şimali Kiprlə müqayisə etməyə çalışa bilər, amma onu deyim ki, Azərbaycan xalqına qarşı törədilən qətliamlar və etnik təmizləmə, sıxışdırma siyasəti bizə qarşı da törədildi. Yüzlərlə türkü Kiprdə toplu məzarlıqlara gömdülər, bu faktları dünya görməzdən gəldi. Azərbaycan məsələsində də o qədər qətllər, Xocalı faciəsi, bir milyon qaçqının acı taleyinə göz yumulması ədalətsizlikdir. Azərbaycan bizim yanımızda olduğu kimi, biz də həmişə Azərbaycanın yanındayıq. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq. Dünya birliyindən bu istiqamətdə ədalətli davranış gözləyirik.

 

- Türkiyədə nəşr olunan “Agos” adlı erməni qəzeti var. Bu qəzetdə yaxın günlərdə “Şimali Kiprdə xristianlar yarımçıq vətəndaşlardır” başlıqlı məqalə dərc olunub. Həmin məqalədə iddia olunur ki, Kipr türkləri dini və milli azlıqlara qarşı ayrı-seçkilik edir, sıxışdırma siyasəti yürüdür. Hətta erməni kilsələrinin Şimali Kipr rəhbərliyi tərəfindən dağıdılması kimi ittihamlar da var. Bu barədə nə deyə bilərsiniz?

 

- O qəzetin belə ittihamlar səsləndirməsi məni təəccübləndirmir, amma anlamıram ki, müəllif “yarımçıq vətəndaş” ifadəsi altında nəyi nəzərdə tutub. Şimali Kipr bütün məhrumiyyət və məhdudiyyətlərə rəğmən, öz vətəndaşlarını qoruyur, onlar üçün normal şərait yaratmağa çalışır. Kiprdə yüzlərlə maruni, yunan və digər topluluqlardan olan insanlar var. Ermənilər isə çox azdır. Lakin onları kimsə qovmayıb, qovan da yoxdur. Şimali Kiprdə milli azlıqlar əsasən kompakt yaşadıqları kəndlərdə qalıblar, onların dini ibadət yerlərinin, məktəb və kilsələrinin də yaxşı səviyyədə olması bizim dövlət siyasətimizin əsas prinsiplərindəndir. Hazırda milli azlıqlardan qalanların çoxu yaşlı adamlardır. Cavanlar təhsil və iş üçün başqa yerlərə üz tuturlar. Şimali Kiprdən olan bir gəncin yunan Kiprinə gedib orada təhsil alması və karyera qurması başadüşüləndir. Biz təcrid olunmuş bir dövlət olaraq onlara daha yaxşı imkanlar təklif edə, yaxud da onları zorla saxlaya bilmərik. Başqa heç bir problemdən söz gedə bilməz. Lefkoşada erməni kilsəsi var, 2010-cu ildə restavrasiya edilib. Bir köhnə erməni kilsəsi də var ki, o kilsə hələ müstəqillikdən öncə də dağıdılmış haldaydı. Həmin kilsə indi bağlıdır, kimsə istifadə etmir. Yunanların da dini ibadətgahlarını qoruyuruq, diqqətdə saxlayırıq. Belə ittihamlar yersiz və əsassızdır. Apostos Andreas monastırının bərpasına Kipr Türk Fondu 1,5 milyon dollar vəsait ayırdı. Cənubi Kipr tərəfi bu layihəni 10 il gözlətdi. Mən o vaxt XİN-də işləyirdim, yunan tərəfi öz aralarında maliyyə məsələsinə görə anlaşa bilmirdi. Biz onlara təzyiq göstərdik ki, həmin layihə sürətləndirilsin. Nəhayət, iş başladı və hazırda restavrasiya işləri gedir. Gördüyünüz kimi, biz öz imkanlarımız daxilində üzərimizə düşən hər şeyi edirik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR