Bakıda kəndçi oteli (FOTO)

Bakıda kəndçi oteli (FOTO)
12:46 8 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Məmməd Süleymanov sadə bir kəndçidir. Onun kənddə 20 sot torpaq sahəsi var. Məmməd kişi bu torpaqda əkinçiliklə məşğul olur. Qazancı torpaqdan çıxan kəndli hər il torpağından yaxşı məhsul yığır. Ancaq kəndli əlindəki məhsulu yaxşı qiymətə sata bilmədiyindən gileylənir. Məmməd kişi deyir ki, məhsulu münasib qiymətə sata bilmir:

"Bəzən olur ki, bir il əkib-biçib əldə etdiyim məhsul əlimdə qalır. Gözümü dikirəm ki, bu məhsuldan bir az qazanc əldə edəcəm, amma o da mənə qismət olmur. Məhsulumu özüm aparıb satmaq istəyirəm. Amma bunun üçün də imkanım yoxdu. Bir il əziyyətlə əkib-becərib əldə etdiyim məhsulu vasitəçilərə dəyər-dəyməzinə satmaq sərf etmir".

Təəssüf ki, bu gün Məmməd kişi kimi bu cür çətinliklə üzləşənlərin sayı az deyil. Ancaq görünür yeni yaradılan logistik mərkəzlər və sənaye markəzləri fermerlərin üzünü güldürəcək. Bu yaxınlarda belə bir mərkəz paytaxt Bakıda istifadəyə verilib. Sözügedən logistik mərkəzdə pərakəndə meyvə satışı talvarları, yeni tikilmiş soyuducu anbarlar tikilib. Logistik mərkəzdə istehsal olunmuş məhsulların saxlanması, satışı, müxtəlif formalarda ixracı üçün hər cür şərait yaradılıb.

Yəni, artıq istənilən fermer kəndə əkib-becərdiyi məhsulu paytaxta gətirib asanlıqla sata biləcək. Belə ki, fermerin bazarda məhsulunu sata biləcəyi yer üçün bir günlük 5 manat ödəməlidir. Hər fermer üçün 9 kv.metrlik yer müəyyən olunub. Soyuducu icarəsi üçün isə 1 tona görə, aylıq 25 manat ödənilməlidir. Fermerlərin gəlib həmin mərkəz daxilindəki oteldə qalması isə təxminən gündəlik 25-30 manata başa gəlir. Bazarda qiymətləri fermer özü tənzimləyir və bazar qiymətinə uyğun satış həyata keçirir. Bu mərkəzlər 24 saat ərzində fəaliyyət göstərir və fermerlərə istənilən şərait yaradılır.

İqtisadçı Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında fermerlərin üzləşdiyi çətinliklərdən bəhs edib. Mütəxəssis bildirir ki, ölkədə məhsuldarlığı artırmaq üçün təkcə logistik mərkəzlər açmaq kifayət etmir. Ekspertin fikrincə sahibkar və fermerlərdə maraq yaratmaq lazımdır:



“Azərbaycanda problem istehsalatın azlığındadır. Məhsulun kefiyyətini qaldırmaq lazımdır. Bizdə toxumçuluq xeyli zəifdir. Toxum istehsalına diqqət yönəldilməlidir. Daha məhsuldar sortların əldə edilməsi üçün işlər aparılmalıdır. Bunun üçün insititutlar işləməlidir və maddi-texniki baza yaradılmalıdır. Fermer təsərrüfatlarında təcrübələr aparılmalı və məhsuldarlığın keyfiyyətini qaldırmaq lazımdır ki, yeni yaxşı sortları əldə edə bilək. Fermerlərə məhsuldarlığın artırılması üçün imkanlar yaradılmalıdır. Fermerin yerlərdə anbarları olmalıdır və məhsul orada saxlanılmalıdır”.

İqtisadçı bildirir ki, ölkənin ərzaq mallarına təminatını ödəmək üçün məhsul bolluğu yaradılmalıdır. Torpaqların seleksiyasını yaxşılaşdırmaq və münbitləşdirmək lazımdır: “Rayonlarda sulama ilə bağlı problemlər var. Quraqlıq olduğu üçün fermerlər xeyli zərər görüb. Bu məsələlərə diqqət yönəldilməli və lazımi tədbirlər görülməlidir” – deyə ekspert qeyd edib.


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR