Play Store

Boşboğaz vasitəçilərə Bakıdan xəbərdarlıq - "Sonra deməyin ki, niyə belə oldu?"

Boşboğaz vasitəçilərə Bakıdan xəbərdarlıq - "Sonra deməyin ki, niyə belə oldu?"
08:05 21 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan işğalçı Ermənistana təzyiq üçün konkret addımlar atılmasını tələb edir.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri özlüyündə müsbət hadisə kimi qiymətləndirilməlidir. Ancaq eyni zamanda təəssüflə qeyd edirik ki, bu səfərlər zamanı irəli çıxan məsələlər daha çox təmas xəttində atəşkəsin pozulması məsələləri ilə bağlı olur və sanki Minsk qrupunun vəzifəsinin sadəcə qoşunların təmas xəttində atəşkəsə nəzarət etmək kimi səlahiyyəti olduğu təəssüratını yaradır. Bu isə qətiyyən yolverilməzdir!"

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistandan sonra Azərbaycana səfəri və onun nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, həmsədr ölkələri təmsil edən diplomatlar problemin həlli yollarını axtarmalı və mütləq bütün bəyanatlarında işğalçı ölkənin Ermənistan olduğunu və indiyədək Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını qeyd etməlidirlər, amma həmsədrlərin budəfəki səfəri də öncəkilərdən heç nə ilə fərqlənmədi: "Onlar sadəcə buna qədər aprel döyüşlərindən keçən mərhələdə daha çox təmas xəttində monitorinqin yaradılması, nəzarətin gücləndirilməsi və bu məqsədlə yeni mexanizmlərin qurulmasından danışdılar. Düşünürəm ki, ümumiyyətlə, təmas xəttində monitorinqin məsələ kimi irəli sürülməsi, danışıqlar predmetinə çevrilməsi qətiyyən doğru deyil. Çünki bu qurumun vəzifəsi problemi həll etmək, Ermənistana müxtəlif təzyiq rıçaqları yaratmaqla işğalçı siyasətindən çəkindirmək və onun regionda təxribatçı dövlət olduğunu həmsədr ölkələrin siyasi rəhbərliyinin diqqətinə çatdırmaqdan ibarətdir. Məhz ona görə Azərbaycan prezidenti cənab İlham Əliyev həmsədrləri qəbul edərkən qeyd etdi ki, əgər siz təmas xəttində atəşkəsin pozulması ardıcıllığını xronoloji baxımdan izləsəniz, görəcəksiniz ki, hər dəfə həmsədrlər regiona səfər etməzdən əvvəl Azərbaycan əsgəri öldürülür, yalnız bundan sonra Azərbaycan Ordusu erməni təxribatlarına cavab verir. Azərbaycan prezidenti Ermənistanı bu mövqeyinə görə təxribatçı kimi qiymətləndirdi. Həmsədrlər də bunu dünya ictimaiyyətinə, öz ölkələrinin rəhbərlərinə çatdırmalıdır ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Bu baxımdan fikrimcə, bu səfərdən əvvəlkindən fərqlənmədi".

Əli Həsənov: "Azərbaycanla Ermənistan arasında ortaq mövqelər gec-tez tapılacaq"

Buna baxmayaraq, H.Babaoğlu hesab edir ki, hər halda təşəbbüs varsa, problemin həllinə cəhd göstərilirsə və məsələ beynəlxalq diplomatik gündəmdə qalırsa, bu, özlüyündə yaxşıdır: "Ona görə də XİN-də keçirilən görüşdə də nazir Elmar Məmmədyarovun bir daha substantiv danışıqlar aparılmasının vacibliyini və mövcud status-kvonun qəbuledilməz olduğunu xatırlatması Azərbaycanın həmsədrlərə verilən yeni mesajı idi. Fikrimcə, Azərbaycan danışıqları davam etdirməkdə maraqlıdır. Həmsədrlər də bəyan etdilər ki, tərəflər danışıqları davam etdirməkdə maraqlıdırlar. Lakin onlar həm də başa düşməlidirlər ki, danışıqlar sonsuza qədər uzana bilməz. Əks təqdirdə Azərbaycan vasitəçilər olmadan da bu problemi başqa yolla həll edə bilər".

Millət vəkilinin fikrincə, vasitəçilər heç də lazım olanı etmirlər: "Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər "siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik" fəlsəfi kimi neytral, yaxud laqeyd mövqedə olmamalıdır. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməlidir. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmürük. Hələ bu günədək biz bir dəfə də rast gəlməmişik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Yəni biz hətta bu şəkildə ifadəyə belə rast gəlməmişik".

Politoloq əmindir ki, vəziyyətdən çıxış yolu var. Bunun üçün Ermənistana təzyiq edilməlidir: "İşğalçı ölkə də, həmsədrlər də başa düşməlidir ki, substantiv danışıqlar məhz Azərbaycanın ərazi bütövlüyünə aparan, BMT TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirildiyi danışıqlardır. Təəssüf ki, həmsədr ölkələr sadəcə problemin sülh yolu ilə həllinin tərəfdar olduğunu bildirirlər. Amma artıq uzun illərdir ki, bu məsələ sülh yolu ilə həll olunmur. Deməli, yeni vasitələr tapmaq lazımdır. Məsələn, Ermənistana sanksiyalar tətbiq etmək, onu beynəlxalq hüquqa riayət etməyə dəvət etmək, beynəlxalq təşkilatlarda Ermənistanın fəaliyyətini məhdudlaşdırmaq, eləcə də digər çoxsaylı beynəlxalq mexanizmləri tətbiq etmək mümkündür. Beynəlxalq münasibətlərdə çoxsaylı diplomatik, iqtisadi və siyasi təzyiq vasitələri var. Həmsədr ölkələr indiyədək bunu etməyiblər. Amma biz onları heç olmasa bu addımları atmağa çağırırıq. Əgər onlar doğrudan problemin sülh yolu ilə həllini, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirlərsə, indi bu addımları atsınlar. Yoxsa bir gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün növbəti aprel həmlələri həyata keçirəndə yenə deməsinlər ki, nəyə görə atəşkəs pozuldu, niyə belə oldu?"

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR