Eşşəklə gələn aydınlıq

Eşşəklə gələn aydınlıq
13:14 8 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Çingiz Özgür

 

 

Hər bir xalqın, ümumilikdə bəşəriyyətin çıxış yolu elmdədi. Elm qazanmaq bircə yolla mümkündü - oxumaqla. Hamı oxumalıdı, mütaliə eləməlidi. Kimin əlinə nə keçdisə oxumalıdı. “Anadan olandan qəbir evinə qədər oxumaq lazımdı” , “uçenie svet, neuçenie tma”... Və sair, və ilaxır, ya da modern ifadəylə desək, bla, bla bla...

 

Qarşımda bir İNSANın, gerçək bir aydının həyat hekayəti var. Araşdırıb eləməmişəm, eləcə internetdə qarşıma çıxıb və oxumuşam. İstədim, siz də biləsiz. Siz bu hekayəti oxumaqla, məni xoşbəxt edə bilərsiz. Elə isə başlayaq.

 

Ta 1943-cü il. Mustafa Gözəlgöz adında bir məmur, qardaş Türkiyənin ucqar bir vilayətinə, Nevşəhirin Ürgüp bölgəsinə kitabxanaçı təyin edilir. Kitabxana deyəndə ki, 10-15 kitab ola, ya olmaya. Tanıdığı hər kəsə məktub yazır, xahiş edir ki, kitab göndərsinlər. Bölgədə kim jurnala, qəzetə yazılıbsa, hamısını alır, yığır kitabxanaya. Günlər keçir, Mustafa bəy baxır ki, kitabxananın qapısını açan yoxdur. Heç kəs oxumur, oxumaq istəmir. Ahaa... abimiz nə edir? Götürür o vaxt çap edilən bütün mətbuat orqanlarına köşə yazısı yazır. Xalqını aşağılayır. Türk demir, Tüzik deyir. Deyir, oxumur bu xalq, deyir bu xalqdan heç nə olmayacaq... İnandınız? Amma yox...Təbii ki, belə eləmir. Dedim axı, gerçək insan hekayəsidi bu! Məktub yazır, yuxarılara vəziyyəti anladır. Cavab gəlir ki, “ağlını başına yığ, işinlə məşğul ol. Kitab oxuyan oldu, ya olmadı, sənin əmək haqqın verilmirmi?” 23 yaşlı ziyalı dayanmır, ruhdan düşmür. Çox fikirləşdikdən sonra min bir əziyyətlə pul tapıb bir eşşək alır. Eşşəyə iki sandıqda kitab yükləyir, başlayır kənd-kənd dolaşmağa. Kəndlərdə gördüyü uşaqlara kitab paylayır, deyir, 15 gün sonra gələcəm, kitabları zay etməyin ki, digər kəndlərdəki dostlarınız da oxuya bilsin. Kitabxananı isə həftədə iki gün açır. İllərlə çəkilən əmək yavaş-yavaş öz bəhrəsini verir. Adamlar kitabxanaya gəlməyə başlayır. Amma hələ də qadınlar gəlmirdi. İndi də qadınları kitabxanaya gətirməyin yollarını düşünür. Zamanın, tikiş maşını istehsal edən ən böyük şirkətlərinə - Singer və Zenith-ə məktub yazır: “Mənə tikiş maşını göndərin, əvəzində firmanızın adını, böyük hərflərlə kitabxanamın girişinə yazım”. Zenitdən 9 ədəd, Singerdən isə 1 ədəd maşın göndərirlər. Tikiş maşınlarını kitabxanaya yığır. Tikiş kursları açır. Həftədə bir gün qadınlar tikiş kurslarına gəlməyə başlayır. Fikir verin, qadın görən kimi ağzı qulağının dibinə gedib çıxmır ha. Camaatın halalca arvadlarına azad seksdən danışmır. Heç axşamüstü çay içməyə də dəvət eləmir. Tikiş maşını üçün növbə gözləyən qadınlara oxumaq üçün kitab verir. Di gəl ki... Bölgədə camaatın böyük hissəsi oxumaq-yazmaq bilmir axı. “Xalq evlərində” oxuma-yazma kursları açır, yaşlı-uşaq demədən hər kəsə oxumaq-yazmaq öyrədir.

Yaxşı, bəs bizim abimizin bu xidmətləri qarşılıqsız qalarmı? Xeyr, qalmaz! 1963-cü ildə Amerikada, bütün dünyada öz xalqına könüllü xidmət edən, yaradıcı insanları tapıb üzə çıxarmaq üçün bir yarışma keçirilir. Bizimkinin adı oralara kimi gedib çıxıbmış, sən demə. Amerikadan ta Ürgüpə 3 adam gəlir, araşdırır. Nəticələr elan edildikdə, məlum olur ki, münsiflər heyətinin səsləri İtaliyadan olan namizədlə Mustafa bəy arasında tam bölünür. Son olaraq münsiflər heyətinin sədri, səsini Türkiyədən olan namizədə verir və Mustafa Gözəlgöz qalib olur. Elə həmin il, ABŞ-ın “sülh könüllüləri təşkilatı” kitabxanaya 1960-cı ilin modeli olan CİP hədiyyə edir. 1967-də isə, Amerikanın səfiri şəxsən Ürgüpə gəlir, Mustafa bəylə tanış olur, eşitdiklərindən və gördüklərindən heyrətə gələn səfir, geri qayıdan kimi, kitabxanaya “pikap” maşın bağışlayır.

 

Ahaa.. bax indi möhkəm dayanın. Bu arada, valilik Mustafa bəyi... bəli, məhkəməyə verir. “Vəzifə səlahiyyətlərini aşmaq”, “vəzifəsinə aid olmayan işlərə qarışmaq” abimizə günah tutulur. Yoxlama başlanır, müfəttişlər günahkar olduğu üçün 3 maaşı həcmində cərimə kəsirlər. Adamın Amerikada dost-tanışı var. Yarışma qazanıb. Amerika səfiri ilə şəxsən görüşüb. Ta vəssalam da. Mühacirət eləmək üçün Mustafa bəyə mitinqdə şəkil çəkdirmək lazım deyildi ki. Amma biz düşünən olmur. Mustafa abi Amerikaya getmir, əksinə, Nevşehir valisinin qəbuluna gedir ki, görüşsün. Vali birbaşa özünə deyir ki, onun “təqaüdə çıxmağına” qərar verilib... Bizim məntiqlə, Mustafa bəy əvvəl müxalifətə keçməli, sonra köməyi olmadığını görüb hökumətə yaltaqlanmalı, müxalifət partiyalarını “ağ yuyub, qara sərməliydi”. Yox, ay kişi, qayıdın gəlin yazıya. Çox sonralar müfəttişlər də, vali də Mustafa amcadan üzr istəyir. Tapşırığın çox yuxarılardan gəldiyini, əllərindən heç nə gəlmədiyini deyirlər.

 

Amma Mustafa bəy öz amalına yetişmişdi. Oxumaq eşqi bütün Nevşehiri bürümüşdü. Mustafa Gözəlgöz 2005-ci ildə vəfat edir. Xalq onu böyük hörmətlə torpağa tapşırır. Hər zaman da rəhmətlə, sayqıyla yad edir. Haqqında kitablar yazılır, filmlər çəkilir. Başlığa çıxartdığım ad, iki həmmüəllifin Mustafa bəy haqqındakı kitabının adıdı.

 

Bu gün Nevşəhirdə Mustafa Gözəlgözün eşşəklə heykəli ucalır...

 

P.S. Deməsəm ürəyim partlayar. Nəinki Mustafa Gözəlgöz qədər, heç onun maariflənmə üçün istifadə elədiyi eşşək qədər, bu xalqın maariflənməsinə xidmət etməyən insanlar var. İki kitab oxuyublar, iki də yazı yazıblar ya yox. Söyür, yamanlayır, təhqir edirlər bütöv xalqı ki, niyə oxumursuz? Heç adamdan soruşmazlar ki, sən kiminsə oxumağı üçün nə elədin axı???

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR