BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmədə müəllim və tyutor dindirilib

BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmədə müəllim və tyutor dindirilib
11:47 21 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə "İlahiyyat" fakültəsində tyutor vəzifəsində işləyən Aynur Məmmədova ifadə verib.
Təqsirləndirilən tələbənin vəsatəti əsasında dindirilən tyutor qeyd edib ki, dərsə gəlməyən və bu səbəbdən imtahanda iştirak hüququnu itirən bir tələbəni imtahana buraxmaq üçün dekan müavini bütövlükdə jurnalı dəyişdirib. O, tələbə Z.Mirağayevin dediklərini təsdiqləyərək söyləyib ki, jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib: “Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını özüm görməmişəm. Alanda çağırıb demirlər ki, "gəl, mən rüşvət alıram". Mən Lalədən bu haqda soruşdum. O, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.
A.Məmmədova bildirib ki, həmin 500 manat söhbətini rektorun qərarı əsasında araşdırma aparan komissiyaya izahatında da yazıb: "Amma komissiyanın araşdırmasından razı qalmadım. Ona görə fakültədə baş verənlər haqda birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Nazirliyinə məktublar yazdım. Həmçinin BDU-nun rektoru Abel Məhərrəmovun qəbulunda oldum və bu haqda ona danışdım".
Daha sonra müəllim Faiq Əhmədzadə məhkəmədə dindirilib. O, deyib ki, L.Hacıyeva dərsə gəlmirdi, bir dəfə gecikmişdi: "Həmin gün jurnalda ona artıq “qayıb” yazılmışdı. Bununla da həmin tələbə dərsdə iştirak etməməklə bağlı limiti aşdığına görə imtahanda iştirak hüququnu itirmişdi. Nigar xanım da humanistlik eləyib təklif etdi ki, məsələnin həlli üçün jurnal dəyişdirilsin. Mən də elədim”.
Məhkəmənin növbəti iclası iyunun 29-na təyin edilib.
Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.
Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.
Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. İddia əlavə icraata qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR