Yalançı vətənpərvərlərin rus dili qırğını

Yalançı vətənpərvərlərin rus dili qırğını
12:12 21 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.

2. Söz Kimdə? Nədə? Harada? sualına cavab verirsə, deməli, -da, -də şəkilçidir və bitişik yazılır.

3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də ədatları isə ayrı yazılır. 

Məsələn:

Şəkilçi kimi:

Məndə çoxlu otaq bitkisi var. (kimdə?)

Sizdə bu barədə məlumat var? (kimdə?)

Bergen şəhəri Norveçdə yerləşir. (harada?)

Kitabda bu barədə heç nə deyilməyib. (nədə?)

Bağlayıcı kimi:

Mən də ora gedəcəm. ( həmçinin mən, həm də mən)

Bəs sən də gələcəksən?

Norveç də Skandinaviya ölkəsidir?

Artıq qaranlıq gec düşür, havalar da isinir.

Ədat kimi:

Belə də vicdansızlıq olar?

Gəl çıx da!

Cümlədə həm bağlayıcı, həm də yerlik hal şəkilçisi:

Məndə də o kitabdan var.

Sizdə də işıq yoxdur?

Norveçdə də hava soyuqdur.

Bağlayıcı, ədat və yerlik hal şəkilçiləri birlikdə:

Məndə də o kitabdan var da!

Norveçdə də hava soyuqdur da!

Mən də elə onu deyəcəkdim də!

Yuxarıda oxuduqlarınızı anlamaya bilərsiniz. Anlasaydınız, ilin-günün bu vaxtında belə bekar işlə məşğul olmaq məcburiyyətində hiss etməzdim özümü. Bilmirsiniz. İmkanınız olsa, Dürdanə adındakı "da"-nı da ayrı yazarsınız.

Son günlər özümü doxsanıncı illərdəki gopçu vətənpərvərlərin əhatəsində hiss edirəm. Hamı vətənsevər olub, vətəni sevmək isə rusdilli təhsilə qarşı mübarizə ilə başlayıb. Bu mənasız mübahisə anlaşılmazdır. Ümumiyyətlə, insani kompleksləri anlamaq, başa düşmək psixoanalitiklərin işidir. Mənə isə yazmaq qalır.

Düşünün, doğma dilində 11 il orta, 4-5 il isə  filologiya, jurnalistika fakültəsində təhsil alanlar "da", "də" şəkilçisini ayıra bilmir, nitqində vurğu işarələrini ciyərindən nişan alır, di gəl ki...

İrandakı 35 milyon azərbaycanlı fars dilində təhsil alır. Doğma dili heç də sizdən pis bilmir. Milli düşüncələri heç də sizdən zəif deyil. Fars dili, ingilis, fransız dillərində sərbəst danışırlar. Bakıdan baxanda İran dəhşət saça bilər, fərdi-daxili azadlıqlar onları təhsilə sövq edir. Dinin qırmancından xilas olmağın yeganə yolunun yaxşı təhsildə olduğunu, dünyaya açılmağın vacibliyini çoxdan mənimsəyiblər. Di gəl ki...

Siz Bakının göbəyində, doğma dildə təhsil alsanız da, dilinizi bilmirsiniz. Rus təhsilliləri dili bilməməkdə qınayırsınız.

Azərbaycan bölməsi üçün orta məktəb tədris proqramını vərəqləyin. Övladlarımıza Azərbaycan dili, ədəbiyyatı, tarixi kitablarına baxın. O kitabları Azərbaycan dilinə tərcümə etmək lazımdır. O kitabları yazanlara yazdığı dili öyrətmək lazımdır. Bilmədiyinizi, etmədiyinizi başqasından tələb edə bilməzsiniz.

Rusdilliləri qeyri-vətənpərvərlikdə qınamaq ağılsızlıqdır. Şəhidlərin statistikasına baxın. I Qarabağ müharibəsi zamanı şücaət göstərmiş döyüşçülərin əksəriyyəti rus təhsili almış hərbçilərdir.

Fərarilərin içində doğma dilində təhsil alanlarımız az deyil.

25 ildə yaranan intellektual qrupların çoxunu rusdillilər yaradıb və tərkibini rusdillilər təşkil edib.

25 ildə texniki fənnlərdə uğur qazanan məktəblilərin çoxu rus və Türkiyə türkcəsində təhsil alanlardır.

Azərbaycan dilində dəqiq elmləri əhatə edən mənbə, material yoxdur. Azərbaycan dilində virtual axtarış sistemində eyni mövzunu yazıb tapa bilmədiyinizi rus və ingilis dilində rahat tapa bilirsiniz.

Gürcüstan rusdilli düşmən elan etməklə ağ günə çıxmadı. Hazırda gürcülər gənclərin rus dilini bilmədiklərinə görə gənc nəsillə yaşlı nəslin təhsil səviyyəsinin kəskin fərqləndiyini etiraf edir.

P.S: Azərbaycan bölməsi üçün orta məktəb dərsliklərində sayaçı sözlərə, holavarlara xüsusi yer ayrılır. Özünüzə sual verin:

"Nənəm o nazlı qoyun, 

Qırqovul gözlü qoyun. 

Pendiri kəsmə-kəsmə, 

Qatığı üzlü qoyun."

Bunu əzbərləməklə övladınız vətənpərvər olacaqmı?

Bunu əzbərləməklə vətənpərvərliyi təmin etmək mümkündürsə, sabahdan uşaqlıqda əzbərləməyənlər üçün rusdillilərin üstünlük təşkil etdiyi nazirliklərdə səhər gimnastikasına başlayaq. 

Günay Arda
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR