“İtirmişəm ki, tapım?...” – YENİ XİDMƏT KİMLƏRİ SEVİNDİRİR?

“İtirmişəm ki, tapım?...” – YENİ XİDMƏT KİMLƏRİ SEVİNDİRİR?
14:39 21 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Vaxtaşırı televiziya verilişlərində, metro stansiyalarında, sosial şəbəkələrdə itirilmiş sənədlərin sahibi axtarıldığını yəqin siz də görmüsünüz. Yaxud, kiminsə öz itmiş sənədlərini, əşyalarını axtardığı barədə elanları. Böyüklər danışır, hələ sovet vaxtı bu cür işlər üçün Tapıntılar Bürosu deyilən bir xidmət fəaliyyət göstərirmiş. Sevilən filmlərimizdən “Əhməd haradadır” filminin o məşhur səhnəsi yəqin yadınızdadır – dəyişik düşmüş çamadanları avtovağzalın müvafiq bürosuna qaytarırlar və sahibləri yenidən öz əşyalarına qovuşurlar...

 

***

 

Bəs hazırda Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? İtmiş əşyaların tapılıb sahibinə qaytarılması üçün hansısa xidmət, layihə, qurum fəaliyyət göstərirmi?

 

Kiçik araşdırmadan sonra bəlli oldu ki, ta bu yaxınlara qədər belə bir fəaliyyət olmayıb. İtmiş əşyalar və sənədlər pərakəndə və sistemsiz halda axtarılıb. İndi isə bir neçə aydır ki, bu işlə məşğul olan konkret xidmət var.

 

“Şəxsiyyət vəsiqəmi Bakıda itirmişdim. Poçtdan əlaqə saxladılar ki, bəs sənədiniz Yasamalda tapılıb, hazırda “Azərpoçt”un 2 saylı Poçt Filialının 122 saylı Poçt Şöbəsindədir. Müraciət etdim, kuryerlə göndərdilər. Cəmi 4 manat xərcim çıxdı”.

 

Günay Məmmədli ötən ay başına gəlmiş hadisəni Lent.az-a danışır. Deyir, sənədi tapılmasaydı, gərək Gəncəyə gedəydi, şəxsiyyət vəsiqəsini itirdiyi üçün də əlavə 30 manat ödəyəməliydi. Yeni yaradılmış xidmət sayəsində o, həm vaxtına qənaət etdi, həm puluna.

 

***

 

Qəhrəmanımızın sənədini tapıb ona çatdıran xidmətin adı “Poçtap”dır. Bu ilin fevral ayında Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən yaradılıb. Xidmət itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

 

Xidmət haqqında ətraflı məlumatı Lent.az-a “Azərpoçt”un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Gözəlova verir.

 

G.Gözəlova deyir ki, “Poçtap” sosial layihədir, əsas məqsədi də itirilmiş sənədlərin tapılaraq sahibinə çatdırılmasıdır: “Bu yaxınlarda itirilmiş sənədlərin sahibinə qaytarılması üzrə 5 qurum arasında memorandum da imzalanıb. Bu qurumlar  “Azərpoçt” MMC, Bakı şəhər baş Polis İdarəsi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, “Təmiz şəhər” ASC və “Baku Bus” MMC-dir. Memoranduma əsasən, bu qurumlar tapdığı itirilmiş sənədləri poçt inkassasiyasına təqdim etmədirlər. Yəni, itirilmiş sənədləri bizdən əvvəl bu qurumlar tapıblarsa, bizə göndərəcəklər”.

 

Söhbət zamanı bəlli oldu ki, poçt şöbələrinə itirilmiş sənədlər daha çox vətəndaşlar tərəfindən təqdim olunur. Sənədi təqdim edən şəxsin istəyi üzrə onun anonimliyi qorunur və qarşı tərəfə informasiya verilmir. Lakin sənədi tapılan vətəndaşın şəxsi məlumatı “Poçtap”da qeydiyyata alınır. Tapılan sənəd “Poçtap”da xüsusi proqram vasitəsi ilə sistemə əlavə edilir. Bu zaman sənədin sahibi haqda mövcud olan bütün məlumatlar çıxır. Telefon nömrəsi, yaşadığı ünvan və s. Sənədin sahibi ilə əlaqə saxlanılır və sənədinin hansı poçt şöbəsində olduğu məlumatı verilir.

 

Sonra tapılmış sənəd haqda məlumat “Poçtap”ın saytına da yerləşdirilir. Sənədini itirən şəxs www.pochtap.az saytına daxil olaraq “Sənədini axtar” bölməsindən özü barədə məlumatları yazaraq sənədinin tapılıb-tapılmaması haqda məlumatı əldə edə bilər. Sənəd tapılıbsa, hansı poçt şöbəsində olduğu məlumatı da bu bölmədə qeyd olunur.

 

Bundan başqa, vətəndaş sənədini itirməsi ilə bağlı da sayta məlumat yerləşdirə bilər. “Azərpoçt” yetkilisi bildirir ki, məlumatların dəqiq və dolğun qeyd edilməsi sənədin daha tez tapılmasına kömək edəcək: “Xidmətin dəyəri 1.80 manatdır. Vətəndaş sənədin qapıya çatdırılmasını istəyərsə, əlavə 2.20 manat ödəniş etməlidir”.

 

Sənədlərini itirən vətəndaşları habelə, “Poçtap”ın 169 çağrı mərkəzindən də istifadə edə bilərlər. Eyni zamanda, “Poçtap” xidməti “Elektron hökumət” portalına da inteqrasiya olunub. “Elektron hökumət” portalında da bütün bu proseslər yuxarıda sadaladığımız qaydada həyata keçirilir.

 

Maraqlıdır, “Poçtap” xidməti yaranandan bəri ora nə qədər itmiş sənəd təqdim olunub? G.Gözəlova detallı məlumat verir: “350 sənəd tapılıb. Onlardan 92-si artıq sahibinə çatdırılıb. 203 sənəd aidiyyəti qurumlara göndərilib. Hazırda poçt filial və şöbələrdə 55 sənəd var”.

 

Başqa bir statistika da maraqlıdır – ölkədə ən çox sənədə hansı ərazilərdə itirilir? Müsahibimiz çətinlik çəkmədən cavab verir: “Xidmətin təqdim etdiyi statistikaya əsasən demək olar, respublika üzrə daha çox itirilən sənədlər Bakıdadır. 281 sənəd. İkinci yerdə Abşeron durur.  İtirilmiş sənədlər arasında daha çox şəxsiyyət vəsiqəsi itirilir. Sənədlərini daha çox 30-35 yaş arası insanlar itirir. Ən az sənəd itirən regionlar Bərdə, İsmayıllı, Cəlilabad, Qəbələ, Lənkəran, Masallı, Neftçala və Şabrandır”.

 

 

Bəs, itirilmiş sənədin sahibi uzun müddət tapılmazsa? “Sənədin sahibi 1 ay ərzində tapılmazsa, həmin sənəd aidiyyatı üzrə orqanlara göndərilir. Şəxsiyyət vəsiqədirsə, Daxili İşlər Nazirliyinə, diplomdursa, Təhsil Nazirliyinə, hərbi biletlər Müdafiə Nazirliyinə təhvil verilir” - deyə xidmətin rəsmisi məlumat verir.

 

Sənədlərlə yanaşı, “Poçtap” layihəsi vasitəsilə itirilmiş avtomobil qeydiyyat nişanlarını da tapmaq mümkündür. Hazırda saytın, ən son tapılan sənədlər siyahısında 90..411 avtomobil qeydiyyat nişanı sahibini gözləyir. Hazırda, saytda tapılmış 12 şəxsiyyət vəsiqəsi, 1 sürücülük vəsiqəsi, 2 hərbi bilet, 4 tələbə biletinin sessiya müddəti bitib.

 

1 Saylı Poçt Filialının əməliyyatlar şöbəsinin rəisi Aygün Cəfərova deyir, bəzən poçta saxta, yararlıq müddəti bitmiş, vətəndaş tərəfindən yenisi alındığından ləğv olunmuş sənədlər də təhvil verilir.

 

- Bunu əməliyyatçı sənədi sistemə köçürülən zaman görür. Sənəd məxfi də ola bilər. Sənəd haqda məlumat “Poçtap”ın saytına yerləşdirilsə də, əməliyyatçı sənədi dərhal aidiyyatı quruma göndərir. Nə şöbədə saxlamağa, nə bizə ötürməyə ixtiyarı yoxdur.

 

 

Tapılmış sənədlərin sistemə köçürülməsi prosesini izləmək istəyirik. “Bu proses məxfi aparılır” - deyə, “Şəbəkə” xidmət mərkəzinin mərkəzi filialının supervaizeri Rinat Mustafayev etiraz edir.

 

***

 

Hazırda 1 Saylı Poçt Filialında sahibinə çatdırılacaq İbrahimov Fəxriyə aid şəxsiyyət vəsiqəsi var. Fəxrinin sənədi Bakıda itirib.  Özü Zərdabda yaşayır. Sənəd gün ərzində “Azərekspresspoçt” vasitəsilə Zərdaba çatdırılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR