Rəfiqəsinin adına kredit götürdü, başına bəla oldu - "Maaşımdan tuturlar" - VİDEO - FOTO

Rəfiqəsinin adına kredit götürdü, başına bəla oldu - "Maaşımdan tuturlar" - VİDEO - FOTO
15:37 21 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Başqasına görə kredit götürənlər problemlərini necə həll etməlidirlər?

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində mövzu ilə bağlı reportaj yayımlanıb.

Başqasına görə kredit götürənlərin problemləri olduqca çoxdur. Bəs bu problemlər necə həll oluna bilər? Mövzunu şərti qəhrəmanımız Nərgiz Sadıqovanın timsalında araşdırmışıq.

Nərgiz Sadıqova: "Rəfiqəm üçün kredit götürdüm. Ehtiyacı var idi. Neçə illik dostum idi deyə razılaşdım. Bir-iki ay ödədi, mən də rahat oldum ki, ödəyir. Gördüm ki, artıq maaşımdan tutulur, soruşdum ondan ki, niyə belə olur? Dedi ki, 1-2 dəfə yola ver, çətinliyim olur. Bir-iki ay oldu 8 ay. Hazırda da hər maaşımdan tutulur, kəsilir, əsəbləşirəm. Rəfiqəmdir deyə heç nə deyə bilmirəm. Qalmışam çıxılmaz vəziyyətdə".

Qəhrəmanımız kimi, çıxılmaz vəziyyətdə qalanlar az deyil. Əvvəl onu deyək ki, belə vəziyyətin yaranmasına səbəb olan əsas amillərdən biri bank və bank olmayan kredit təşkilatlarının qoyduğu ağır şərtlərdir.

Şahin Məmmədov - hüquqşünas: "Hazırkı dövrdə bank və bank olmayan kredit təşkilatları elə şərtlər qoyurlar ki, əlçatmaz olduğu üçün pula ehtiyacı olan vətəndaşlar, dövlət işində işləyən, pensiya alan və s. şəxslər müraciət edir". 

Bu səbəbdən də pula ehtiyacı olub, kredit götürə bilməyən şəxs kimdənsə kömək istəmək məcburiyyətində qalır. Götürülən kredit borcu vaxtlı-vaxtında ödənməyəndə isə vəziyyət az əvvəl də göründüyü kimi çətinləşir. Hüquqşünas Şahin Məmmədov sonrakı peşmançılığın fayda vermədiyini deyərək, əvvəldən tədbirli olmağı məsləhət görür:

"Belə hallarla qarşılaşmamaq üçün tərəflər arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin tələblərinə uyğun olaraq borc müqaviləsi yazılsın. Daha sonra notarial qaydada təsdiq olunsun. Məhkəməyə müraciət etmə hüququ da var".

Borc müqaviləsi isə təbii ki, əksər hallarda bağlanmır. Axı bizdə həmin o müqavilələri "söz" əvəz edir. Qadın və ya kişi, fərq etmir, şəxsin dilindən çıxan "kişi sözü". Bəs, bu söz öz hökmünü itirib və borc müqaviləsi də yoxdursa, onda necə?

Şahin Məmmədov: "Müqavilə bağlanmırsa, yenə də məhkəmə proseslərində yetərincə sübutlar varsa, müəyyən nüanslar imkan verir ki, məhkəmə ilə nəsə əldə edilsin".

Uzun sözün qısası, qəhrəmanımız Nərgiz Sadiqova rəfiqəsi üçün götürdüyü kredit borcunun elə rəfiqəsi tərəfindən ödənməyini istəyirsə, məhkəməyə müraciət etməlidir. Təbii ki, əlində yetərli dəlil-sübutu varsa. Yoxdursa, məsələnin həlli qalır, həmin o rəfiqənin vicdan məhkəməsində özü üçün çıxaracağı hökmə.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəfiqəsinin adına kredit götürdü, başına bəla oldu -

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR