Baş redaktorlardan sərt reaksiya: “Del Geraninin özündə mədəniyyət olsaydı...”

Baş redaktorlardan sərt reaksiya: “Del Geraninin özündə mədəniyyət olsaydı...”
16:03 21 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

"İyul da gəlsə idi rayon adamları çıxıb gedər idilər öz küçələrinə tüpürməyə, çərlədik tamam..."

Bu cümlə ilə başlayan post dünən və bu gün feysbukda böyük müzakirələrə səbəb oldu. Şair Şəhriyar Del Gerani “Bakıda qoyun hesabına oxuyan, kirayələrdə toyuq-cücə hesabına qalan, imtahanları dana, yumurta hesabına keçən tələbələr, tikintilərdə tapşırıqla fəhlə işləyən” deyərək, rayon adamlarını aşağılaması heç də birmənalı qarşılanmadı və sosial şəbəkədə şairi tənqid atəşinə tutanlar çox oldu. Məsələyə ən sərt və geniş reaksiya isə millət vəkili Fazil Mustafadan gəldi. Şəhriyarın fikirlərini “primitiv bir qaqaş yanaşması” adlandıran deputat artıq paytaxtda bakılı və qeyri-bakılı anlayışının çoxdan tarix olduğunu bildirdi.

Bu məslə ilə bağlıölkənin sayılıb-seçilən mətbuat orqanlarının redaktorları ilə söhbətləşdik.

""Sovetski" də şəhərdədir, amma orda elə adamlar var ki..."

Publika.az saytının baş redaktoru Elçin Əlibəylinin fikrincə, məsələnin məğzində urbanlaşma prosesi dayanır:

“İnsanın urbanlaşması, yəni şəhərləşməsi prosesi mütləqdir. Yəni "kəndli" sözü ilə "kəndçi" sözü arasında böyük fərq var. Bir şəxs kənddə böyüyüb, gəlib şəhərdə ali təhsil alıb, ölkənin aparıcı bir ziyalısı da ola bilər. Amma şəhərin mərkəzində doğulub-böyüyən biri dünyadan bixəbər də yaşaya bilər. "Kənddən gələnlərin şəhər mədəniyyəti olmur" fikri ilə qətiyyən razı deyiləm. Məsələn, şəhərin mərkəzində doğulan o qədər insan var ki, şəhər mədəniyyəti anlayışından xəbərsizdir. Amma əksinə, rayondan gələn elə böyük ziyalılarımız var ki, onların rəftarı belə bizim üçün nümunədir. Tutaq ki, Arif Məlikov şəhərə rayondan gəlmişdi. İndi sən necə deyə bilərsən ki, o, şəhərə mədəniyyətsizlik gətirib? Hansı ki, bu şəxs Azərbaycan mədəniyyətinin simvollarından biridir.

İnsana informasiya çatırsa, o davranışını bilir, urbanlaşır, yox əgər insana informasiya çatmayıbsa, harada doğulmağından asılı olmayaraq, əyalət adamı sayılır. Burda "informasiya" dedikdə söhbət rəftar qaydalarından, etiket qaydalarından gedir.

E.Əlibyəli Azərbaycandakı şəhərli-kəndli anlayışının Qarabağ hadisələrindən sonra insanların kütləvi şəkildə şəhərlərə köç etməsi ilə yox olduğunu düşünür:

“Mən dəfələrlə yazılarımda qeyd etmişəm ki, Azərbaycanda ciddi urbanizasiya problemi var. Hansı ki, bu proses birdən-birə baş verdi. Bu da Qarabağ hadisələri ilə bağlı idi. 1 milyona yaxın qaçqının bir anda Bakıya və digər böyük şəhərlərə köçməsi urbanizasiya prosesində ciddi problem yaratdı. Onlar şəhərə adaptasiya olmaq çətinliyi yaşadılar. Buna nə şəhər hazır idi, nə də insanlar. Həmin prosesdən artıq 25 il keçib. Amma sosioloqlar, kulturoloqlar bugünədək bu mövzunu hələ də araşdırmayıb. Məsələ ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Yadınızdadırsa, piyada keçidləri yeni yarananda bununla bağlı nə qədər təbliğat işi aparmalı olduq ki, cəmiyyət piyada keçidi mədəniyyətini əxz etsin. Şəhər mədəniyyəti ilə bağlı da analoji sosial çarxlar hazırlanmalıdır. Mədəni davranış qaydalarını uşaq bağçasından öyrətməyə başlamaq lazımdır.

Nəticə etibarilə rayondan gələn əhalinin şəhər mədəniyyəti ilə ayaqlaşa bilməməsi fikri qeyri-ciddi yanaşmadır. Elə kənd var ki, 30-a yaxın elmlər doktoru yetişdirib. Amma gedən müzakirələri də düzgün saymıram. Tərəflər mübarizəni cığal şəkildə aparır. Məsələ kimisə çox ciddi narahat edirsə, bunu oturub müzakirə etmək lazımdır.

Bu mövzuya fərdi yanaşmaq lazımdır. Çünki heç bir şəkildə bir fərd bir rayonu təmsil edə bilməz. Yəqin ki, Bakının Sovetski məhləsində olmusuz. Bu məhlədə elə adamlar var ki, dünyadan xəbəri yoxdu. İndi bu o demək deyil ki, “Sovetski” bütün Bakını təmsil edir”.

“Şəhriyarın yanaşması 60-cı illərdən qalan təfəkkürdür”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə mədəniyyətin insanın doğulduğu yerdən yox, ailə tərbiyəsindən asılı olduğunu düşünür:

“İctimai davranış, küçəyə tüpürüb-tüpürməmək, ətrafı zibilləmək bundan asılı deyil. Bəzən kəndə gedəndə elə bir mədəni insanla rastlaşırsan ki, təəccüblənirsən. Yaxud Bakıda elə bir insan görürsən ki, özünü küçədə heyvan kimi aparır. Siqareti çəkib kötüyünü yerə atır, ictimai nəqliyyatda özünü apara bilmir və s.

Şəhriyarın məsələni o cür qoyması kökündən düzgün deyildi. Yəni insanın mədəniyyəti doğulduğu yerlə bağlı deyil. Fazil bəy isə məsələyə sərt reaksiya verməklə mövzunu daha da dərinləşdirdi.

Şəhriyarın yanaşması 60-cı illərdən qalan təfəkkürdü. Həmin illərdə Bakıda internasional bir mühit var idi. İnsanlar əsasən rus dilində danışırdılar. Geyimləri çox fərqli idi. Rayondan gələnlər həqiqətən də başqa bir dünyadan gəlmiş kimi görünürdülər. Şəhər əhalisi də onlara ikrahla baxıb, “çuşka” adlandırırdı. Amma artıq dövr dəyişib. Fərqlər tamamilə silinib. Gedin istənilən bir kəndə, görəcəksiz ki, orda da gənclər Bakıdakı kimi geyinirlər, davranırlar. Yəni burada əsas faktor ailə tərbiyəsidir. Valideyn o tərbiyəni veribsə, kənddə də verib. Verməyibsə, şəhərdə də verməyib. Biz insanlarımızı "tərbiyəli və tərbiyəsiz" deyə, iki qrupa ayırmalıylıq, "şəhərli və kəndli" deyə yox.

"Kəndə gedib görürsən ki, camaat “Hammer”lə odun daşıyır"

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı məsələyə daha fərqli yanaşır. O, internet dövrü sayəsində artıq şəhər və kənd arasında fərq qalmadığını düşünür:

"İndi elə bir dövrdə yaşayırıq ki, dünya özü balaca bir kəndə çevrilib. İnternet dünyanı balacalaşdırıb. Ona görə bu gün kəndli-şəhərli məsələsini düşünmək yersizdir. 30 il bundan qabaq şəhərli və kəndli arasında fərqlər görmək olurdu. Təhsildən tutmuş, mədəniyyətə qədər indi bütün ölkə bütövləşib. Şəhərdə olduğu kimi 700 bal toplayan şagird kənddən də gəlir. Düşünürdük ki, ən bahalı maşın şəhərdə olur. Amma gedirsən Gədəbəyin bir kəndinə, görürsən ki, “Hammer”lərlə camaat odun daşıyır. Və ya gedirsən kəndə, elə bir davranış nümayiş etdirirlər ki, inanmırsan ki, bu kəndlidir. Bu gün kənddəki bir gənc internet vasitəsi ilə Amerikadakı texnoloji bir yenilik haqqında həmin dəqiqə məlumat ala bilirsə, artıq şəhərli-kəndli qavrayışını müzakirə etmək yersizdir. Del Gerani və Fazil Mustafanın polemikasında tərəf olmaq lazım deyil.

Ola bilər, indi hansısa ucqar bir kənddə kimsə şəhər mədəniyyətindən xəbərsiz olsun. Bu çox kiçik bir saydır. Belə düşünürəm ki, indi artıq ailə tərbiyəsi məsələsi də köhnəlib. Çünki artıq ailələrdə böyüyən uşaqlar ailələrinin deyil, cəmiyyətindir, dünyanındır. Odur ki, müasir insan hər yerdə müasir baxışlıdır".

"Məgər şəhər insanı tərləmir?!"

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı şairin fikirlərində rayon adamlarına qarşı təhqir elementləri olduğunu bildirir:

“Şəhriyardan əvvəl də bu məsələ gündəmə gəlmişdi. Ümumiyyətlə bu ayrımçılğı aparmaq ziyalıya yaraşmır. Del Gerani şerini yazsa, daha yaxşı olardı. Digər tərəfdən o, deyir zadəganam. Onun qanında zadəganlıq olsaydı, bu məsələni belə primitiv formada yazmazdı. Mən şəhər və kənd mədəniyyəti bölgüsünə həmişə qarşı olmuşam. Məsələyə fərdi yanaşmaq lazımdır. Geraninin statusunda təhqir elementləri var.

Fəhlə gəlib şəhərdə işləyirsə, tərləyirsə, neyləsin?! Məgər şəhər insanı tərləmir?! Mədəniyyətsiz adam şəhərli də ola bilər, kəndli də. Təəssüf ki, Şəhriyar bu cür lazımsız fikirlər yazıb.

Şəhriyar Del Gerani İranda həbsdə olanda onu ən çox müdafiə edən mən idim. Özündə mədəniyyət olsaydı, gəlib onu müdafiə edənlərə təşəkkür edərdi”.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/203447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR