Fotoqraf Ramin Aslanov: "Məncə, hər bir şəkilin öz hekayəsi olur" - FOTO

Fotoqraf Ramin Aslanov: "Məncə, hər bir şəkilin öz hekayəsi olur" - FOTO
16:22 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Fotoqrafiya yaradıcılıq təxəyyülü, zəngin fantaziya və sonsuz məhəbbət tələb edən incəsənətin bir sahəsidir. Çox da qədim tarixə malik olmayan bu sənət növünə maraq son illərdə həm dünyada, həm də ölkəmizdə artmaqdadır. 

Müsahibin adını fotoqraf, foto-jurnalist kimi təsdiqləmiş Ramin Aslanovdur. Ramin sənətini sevən, onu layiqincə təmsil edən gənclərdəndir. Bu dəfə bir neçə suallıq söhbət zamanı fotoqrafiyanın özünün rəsmini çəkməyə çalışdıq: 

- Ramin bəy, söhbətimizə fotoqrafiya ilə tanışlığınızdan başlayaq... Peşəniz ixtisasınızdırmı?

- Fotoqrafiyaya gəlişim heç bir planla bağlı olmayıb. Hardasa, 5-6 il öncə hobbi kimi başlamışam. Mənim üçün yurdum Gədəbəy çox böyük anlam ifadə edir. 3 yaşımdan 7-8 yaşıma qədər rayonda nənə-babamın yanında qalmışam. Orada mənim qaldığım otağın pəncərəsi böyük bir tarixə malik Alban kilsəsinə açılırdı. O kilsə mənim tarixə, təbiətə olan sevgimin mənbəyidir. Oraları gəzdikcə məndə qəribə maraq yaranırdı, ətrafda gördüyüm hər şey haqqında babama sual verirdim. O da səbrlə mənə hər şey haqqında danışırdı. İllər keçdikdən sonra Bakıya qayıtdım, hər dəfə yayda ora gedirdim. Oralar mənə o qədər maraqlı gəlirdi ki, Bakıya qayıtdıqdan sonra dostlarıma danışırdım, amma bəs etmirdi, onlara bu gözəllikləri göstərmək istəyirdim. İlk fotoaparatı almağıma köməkçi anam oldu. Anamın yığdığı cüzi məbləğə aldığım o kiçik aparat mənim böyük uğurlara addımım oldu. İlk çəkdiyim şəkillərim elə Gədəbəydə heyranı olduğum həmin yerlərin şəkilləri idi ki, dostlarıma göstərmək üçün çəkirdim. Ona görə də bu sənətdə əldə etdiyim hər şeyi Gədəbəyə və anama borcluyam.

- Fotoqrafiya da rəssamlıq kimi zəngin xəyal dünyası tələb edir. İlk şəkillərini çəkən Raminlə indiki fotoqraf Raminin xəyalları arasında nə kimi fərqlər var?

- Əvvəlcə onu deyim ki, fotoqrafiya, dediyiniz kimi, bu mənada rəssamlığa oxşasa da, rəssamlıq daha ağır və çətin sənətdir. Çünki bizim müəyyən səbr, gözləmə və ya ani şərait nəticəsində bircə düymənin köməyi ilə aldığımız kadrı rəssam əldə etmək üçün günlərlə, bəlkə də aylarla çalışmalı olur. Bu mənada rəssamlıq daha böyük fantaziya və səbr tələb edir. O ki qaldı bu sənətə ilk başladığım zamanlara, onda ən çox yağışlı, çiskinli havalarda şəkil çəkməyə meyl edirdim. Həm həmin havalarda ətrafda insanlar az olur, mane olan olmur, həm də təbiətin rəngləri daha canlı, daha gözəl görünür. Hər zaman ən xırda detallar axtarmışam. İndi isə əlbəttə, xəyallarım daha başqa, daha zəngindir. Çünki ən azından indi fotoqrafiya hobbi deyil, sənətimdir.

- Hansı mövzulu fotolara üstünlük verirsiniz?

- Tarixi abidələri, ölkəmizin səfalı guşələrini, təbiəti çəkməyi çox sevirəm.

- Dediniz ki, tarixi abidələrə marağınız var. Bəs, bu abidələr sizə maraqlı kadr kimi lazım olur, yoxsa onun tarixi, yaranması ilə də maraqlanırsınızmı?

- Əvvəllər gözəllik üçün, maraqlı kadr kimi çəkirdim. Ancaq sonradan onlarla maraqlanmağa, tarixini araşdırmağa başladım. Məsələn, Gədəbəydə "Qaçaq Məcidin yaylağı" deyilən yerlər var ki, mən uşaq olanda babam oralar haqqında mənə məlumat verərdi. Qaçaq Məcid həmin tərəflərdə öz igidliyi, qəhrəmanlığı ilə ad çıxarmış şəxsiyyətdir. Bir az böyüdükdən sonra oraları yaxşı tanıyan kənd sakinlərinin köməyi ilə getdim və uşaqlığımdan babamdan nağıl kimi, rəvayət kimi eşitdiyim həmin yerləri öz gözlərimlə gördüm, şəkillərini çəkdim. Amma bu gün düşünürəm ki, bölgələrimizin, abidələrimizin tarixini özündə əks etdirən kitablar da çap olunmalıdır. Bəli, var belə kitablarımız, ancaq yetərli deyil. Bir kitabda bütün Azərbaycanı əks etdirmək mümkün deyil. Bizim elə zəngin təbiətimiz, tariximiz var ki, onun əksi üçün cildlərlə kitablar lazımdır. Özüm Gədəbəydən olduğum üçün ora gedəndə çəkmək şansım olur, amma istərdim elə imkan yaransın ki, başqa bölgələrimizin də gözəlliklərini çəkib göstərə bilim.

Əgər bunu mən bacarmasam da, istərdim elə bir layihə olsun ki, Azərbaycanın hər rayonuna, bölgəsinə aid kitab çap olunsun, həmin kitabda yer alacaq şəkillərin çəkilməsini isə mən və mənim kimi fotoqraf dostlarım təmənnasız yerinə yetirərik. Sizin vasitənizlə bu layihəni həyata keçirə biləcək insanlara səslənmək istərdim ki, tariximizi yaşatmaq, ona sahib çıxmaq üçün bu, əvəzsiz bir işdir. Mən də öz üzərimə düşən hər şeyi etməyə hazıram. Məsələn, bu yaxınlarda eyniadlı əsər əsasında "Əli və Nino" filmi çəkildi. Orada bizim tariximiz, tarixi yerlərimiz elə gözəl əks olunmuşdu ki. Hətta Azərbaycanda ilk dəfə Gədəbəydə yaradılan qatar yolunu da əks etdirmişdilər. Mən hər dəfə ora gedəndə o yerləri gəzirəm, çəkirəm, düşünürəm ki, İlahi, mən necə böyük bir tarixin, gözəlliyin arasında böyümüşəm. Bunları bilmək, bunları dünyaya çatdırmaq çox qürurverici bir hissdir.

- Hər bir fotonun hekayəsi varmı?

- Məncə, hər bir fotonun hekayəsi olur. Çünki foto həyatın hər hansı bir anının əksidir.

- Bu zamana qədər öz yaradıcılığınızda ən maraqlı hesab etdiyiniz çəkilişləriniz hansı olub?

- Qalalar, dağlar, təbiət mənzərələrini çəkmişəm. Amma mənim üçün ən özəl şəkillər 2015-ci ildə Avropa Oyunlarındakı çəkilişlərim olub. Bu, həm özümün, həm də çoxlarının xoşuna gəlmişdi. Bütün sosial şəbəkələrdə, saytlarda, portallarda öz çəkdiyin şəkilləri görmək çox qürurvericidir. Ancaq təəssüf ki, bəzi insanlar, bəzi saytlar şəkillərdən imzasız, istinadsız götürüb istifadə edirlər. Bu, da ən azından əməyə hörmətsizlikdir.

- Bu sənətə gələrkən kimlərdən bəhrələnmisiniz?

- Fotoqraf Şahin Sərkərovu özümə müəllim hesab edirəm. Fotoqrafiyaya ilk başladığım vaxtlarda onun təcrübəsindən bəhrələnmişəm, elə indi də bəhrələnirəm, öyrənirəm. Rauf Umudov isə müəllimimin müəllimi olub. Onunla da bu sənətlə bağlı maraqlı müzakirələrimiz olub, dəyərli məsləhətlərindən yararlanmışam.

- Fotossesiyalar edirsinizmi?

- Bəli, edirəm. Toylar, nişan, ad günü və ya şəxsi fotossesiyalar olur. Heç zaman özümü reklam etməmişəm. Sosial şəbəkələrdə yalançı kütlə yığmaq marağım olmayıb. Ancaq hərdən lazım olur.

- İnsanlarla işləmək çətin deyil ki?

- Bəzən çətin olur. İşimə müdaxilə edilməsini, mənə göstəriş verilməsini sevmirəm. Daha çox uşaqların, körpələrin və heyvanların şəklini çəkməyi xoşlayıram. Məsələn, atlarla bağlı çox gözəl fotossesiyam olmuşdu ki, indi də şəhərin harasındasa o şəklin əks olunduğu plakatları görəndə həzz alıram. Uşaqlarla işləmək çətin olsa da, onlarda təbiiliyi tutmaq daha rahat olur.

- Çətinlik çəkdiyiniz çəkilişləriniz olubmu?

- Demək olar ki, bütün çəkilişlərimdə hansısa çətinliklərlə qarşılaşıram. Amma ən çox çətinlik çəkdiyim rəhmətlik Xalq artistimiz, kaman ustası Habil Əliyevin dəfni zamanı olub. Habil bəy mənim çox sevdiyim sənətkarlardandır. Onunla vida mərasimini, dəfnini çəkməyi mənə tapşıranda çox sarsılmışdım. Dəfn zamanı insanların ona olan sevgisinin, bu itki qarşısındakı əzabının bir daha şahidi oldum. Bacardığım qədər çəkilişi uzaqdan aparmağa çalışırdım ki, aparatın işığı, səsi ilə onları narahat etməyim. Mən orada xalqın öz sənətkarına ürəkdən sevgisini və təbii göz yaşlarını gördüm. Bu sevgini qazanmaq hər adama nəsib olmur.

- Həyatın fokusunu necə, tuta bilirsiniz?

- Mənim üçün həyatın fokusu ailəmdir. Ailə mənimçün çox dəyərlidir. Əgər mən onu təmin edə, ailəmi xoşbəxt edə, onları qoruyub saxlaya və ailə məsuliyyətimin öhdəsindən gələ bilirəmsə, demək ki, həyatın fokusunu da tuta bilirəm.

- Sizin çəkdikləriniz başqa fotoqrafların işlərindən nə ilə fərqlənir?

- Fotoqrafları izləyirəm, yaradıcılığından bəhrələndiyim, öyrəndiklərim də var. Bayaq da adlarını çəkdim. O qədər istedadlı gənclər var ki, adi telefonla elə gözəl kadrlar çəkirlər, adam heyran olur. Hər fotoqrafın öz dəsti-xətti var. Eləcə də mənim.

- Sənətinizdən yorulduğunuz, peşman olduğunuz anlar olurmu?

- Sənətimi çox sevirəm, ona görə də peşman olmuram. Amma fotoqrafiya maraqlı olduğu qədər də çətin sənətdir. Məni ən çox yoran isə sənətim deyil, insanlardır. Kaprizli, nə istədiyini bilməyən və bilmədiyi halda işimə müdaxilə edən insanlar yorur məni. Ancaq işləməkdən zövq aldığım insanlar da var. Bu yaxınlarda bir həkim xanımla layihəmiz oldu. O, diabet xəstələri üçün pəhriz yeməkləri kitabı hazırlayırdı. Kitabdakı şəkilləri mən çəkirdim. Onun o işə olan həvəsi, sevgisi çox gözəl idi.

- Peşəniz sizə nə qazandırıb?

- Hər şeydən əvvəl, bu peşə mənə sağlam mühit qazandırıb, gözəl insanlar tanıdıb. Həm də bu gün mənim dolanışığım da məhz bu işlə bağlıdır. Şükür ki, mən bu işlə özümü, ailəmi dolandıra bilirəm. Sevdiyin sənətdən həm də pul qazana bilmək çox gözəldir. Mən fotoqrafiyada özümü tapmışam.

- Hədəfiniz nədir?

- Ölkəmizin çox gözəl yerləri var ki, indi düşmən tapdağı altındadır. Təbiəti, tarixi abidələri çəkməyi sevən fotoqraf kimi tezliklə oraları lentə almağı çox arzulayıram. İnanıram ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində həmin torpaqlar tezliklə azad ediləcək. Onda mən bir əlimdə silah, o biri əlimdə fotoaparatım, qələbə anını tarixə həkk edəcəm. Qarabağa Azərbaycan bayrağını sancacaq oğulun həmin anını ölümsüzləşdirmək, həmin anın şəkillərini çəkmək ən böyük arzum və hədəfimdir!

525.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/556294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR