Nikahdan əvvəl bunları edin ki, övladınız xəstə doğulmasın...

“Təəssüf ki, nikahdan öncə aparılan müayinələr nəticəsində neçə min qüsurlu, qan xəstəliyi, irsi qan xəstəliyi, siflisi, hepatiti olan gənclər aşkarlanır”.

Bunu Metbuat.az-a açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib:

“Hər bir körpə doğulanda onun ilkin müayinəsi doğum evində baş verir. Təcrübəli həkimlər uşağı hər tərəfli yoxluyurlar. Uşaqda hər hansı anadangəlmə böyrək, ürək, əqli qüsur varsa, valideynlərə yeni doğulmuş uşaq barədə diaqnoz qoyulur. Qüsurlu doğulmuş uşaq evə buraxıldıqda onların problemi ilə bağlı valideynlərə xüsusi formalar verilir. Burda həmin uşaqların qüsurları, hansı həkimə müarciət etmələri barədə məlumat verilir. Həmin uşaqlar yaşadıqları yerin uşaq poliklinikasında qeydiyyata düşürlər. Sahə həkimləri 1 yaşından 16 yaşına kimi həmin uşaqları hər il müayinədən keçirməyə cavabdehdir”.

Sevinc Məmmədova əlavə edib ki, poliklinikalar ildə bir dəfə mütləq şəkildə valideynləri uşaqlarını müayinə etdirməyə cəlb edir. Uşaq poliknikası 1 yaşından 16 yaşına kimi uşaqda nə xəstəlik olubsa qeyd edir və hazırda nə xəstəliyi varsa, bu istiqamətlərdə işlər aparır.

Nikahdan əvvəl müayinə nədir və necə aparılır?

“Prezident İlham Əliyev tərəfindən imzalanmış nikahdan əvvəl mütləq şəkildə müayinə haqqında qanun var. Artıq 4 ildən çoxdur ki, hər bir nikaha girən cütlük mütləq şəkildə müayinədən keçməlidir.

Müayinələr zamanı anadangəlmə qüsurlar, qazanılmış xəstəliklər eyni zamanda qan xəstəliklərinin aşkarlanıb üzə çıxması mümkündür. Hətta nikahdan öncə aparılan müayinlər nəticəsində neçə min qüsurlu, qan xəstəliyi, irsi qan xəstəliyi, siflisi, hepatiti olan gənclər aşkarlanır".

Həkim əlavə edib ki, hazırda ölkədə nikahdan öncə xəstəliklərin üzə çıxmasında, aşkarlanmasında müayinəsində, profilaktikasında hər cür iş aparılır. Vacib məqam xəstəliyi vaxtında aşkarlamaqdır. Xəstəlik elə bir formaya düşə bilər ki, müalicəsi mümkün olmasın.

Kimlər nikaha girə bilməzlər?

Hemofiliyalı,ürək qüsurlu xanımların hamilə qalmağına icazə verilmir. Ağır onkoloji xəstələrdə də hamiləlik riskli olduğu üçün məsləhət görülmür. Bundan əlavə bəzi irsi keçən xəstəliklər böyrək xəstəlikləri, mübadilə pozğunluğu xəstəlikləri zamanı daim həkim müayinəsi vacibdir, əks halda hamiləlik ananın ölümü ilə nəticələnə bilər.

Aysel Yaqubqızı / Metbuat.az

(Azərbaycanda 18 mindən çox toy olub - Bu il)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR