Antiterror Mərkəzinin rəisinin məhkəməsində şahidlər dindirilib

Antiterror Mərkəzinin rəisinin məhkəməsində şahidlər dindirilib
18:04 21 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və eyni mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zaur Əzimov ifadə verib.

 

O bildirib ki, Amil Yusifovla siqaret məhsullarının satışı ilə məşğul olub. Onun sözlərinə görə, 2015-ci ilin təxminən yanvar-fevral aylarında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon idarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib: “Nəticədə bizə məxsus 100 qutu siqaret saxlanılıb və MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb”.

 

 

Zaur Əzimov bildirib ki, bundan sonra “Range Rover” markalı maşını da əlindən alınaraq həmin idarəyə aparılıb: “Həmin idarədə sorğu-sual olundum. Amil Yusifovun da həmin problemini tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsində həll edib”.

 

Zaur Əzimov qeyd edib ki, onun həbs edilməməsi üçün külli miqdarda pul tələb olunub. O deyib ki, MTN əməkdaşları tərəfindən telefonu qanunsuz olaraq dinlənilib.

 

Təqsirləndirilən Elçin Quliyev zərərçəkmişin ifadəsinə münasibət bildirib. O, Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: “Bu şəxs qaçaqmalla məşğul olurdu. Buna görə də idarə tərəfindən əməliyyat keçirilib, telefonları dinlənilib, barələrində tədbir görülüb”.

 

Zaur Əzimov Elçin Quliyeva cavab verib: “Əgər elədisə, bizi niyə həbs etmirdiniz? Niyə pulumuzu alıb, sərbəst buraxırdınız? Məqsəd bizdən pul almaq olub”.

 

Zaur Əzimov ondan hədə-qorxu yolu ilə 120 min manat alındığını deyib.

 

“Elite Travel” MMC-nin təsisçisi və direktoru Xalıq Sadıxova zərərçəkən şəxs qismində dindirilib. O bildirib ki, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər”.

 

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, sanki şirkət onlarındır”.

 

Növbəti məhkəmə iclası iyunun 23-də davam edəcək.

 

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR