Azərbaycana səfər etmək üçün e-viza ilə bağlı müraciətlərə "ASAN Viza" vasitəsilə 3 saat ərzində baxılacaq

Azərbaycana səfər etmək üçün e-viza ilə bağlı müraciətlərə "ASAN Viza" vasitəsilə 3 saat ərzində baxılacaq
22:57 21 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "ASAN Viza" sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır:

- "ASAN Viza" sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) prinsipi əsasında fəaliyyətini təmin etsin;
- əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə "ASAN Viza" sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etsin;
- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların "ASAN Viza" sistemi ("ASAN Viza 2.0") vasitəsilə alınmasını təmin etmək üçün təkliflərini versin;
- "ASAN Viza" sistemində bu fərmanda nəzərdə tutulan dəyişikliklərin aparılmasını təmin etsin.

Əsasnaməyə aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilir:

"7.3-1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətə 3 saat ərzində baxılır.";

7.5-ci bənd aşağıdakı redaksiyada verilir:

"Məlumatlar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra ona ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir.";

7.17-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

"Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə elektron vizada ölkəyə daxil olma tarixi viza müraciətinin edildiyi tarixə müəyyən olunur.";

Həmçinin, aşağıdakı məzmunda 7.24-cü bənd əlavə edilir:

"7.24. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün həmin məntəqələrdə quraşdırılmış terminallar vasitəsilə müraciət edə bilər. Belə müraciətlərə baxılarkən bu Əsasnamənin təcili səfərlər üçün elektron viza alınması ilə bağlı müddəaları tətbiq edilir.";

Əsasnaməyə aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilir:

"Elektron viza müraciətdə təqdim olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar səyahət sənədindəki məlumatlara uyğun gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron viza almaq üçün edilən müraciətdə təqdim olunmuş məlumatlara görə müraciət edən şəxs birbaşa məsuliyyət daşıyır.

Siz Azərbaycan Respublikasının ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz elektron viza əsasında tərk etməlisiniz (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadıldığı və ya müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna olmaqla)".

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR