Kişi kimi yaşayıb qadın kimi ölənlər

Kişi kimi yaşayıb qadın kimi ölənlər
23:12 21 İyun 2017
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müvəffəqiyyət qazanmaq üçün ədalətsiz dünyada qısa müddətliyinə də olsa, kişi kimi davranmaq lazımdır. Həyat heç də hər zaman adil davranmır. Dünyada ümidləri puç olan milyonlarla qadın var. Qadınlar çalışdıqları istənilən sahədə o qədər qınaq obyektinə çevrilir, mənfi rəylər alır ki, bəlkə də bu səbəbdən özlərini sübut etmək naminə əsl kimliklərini gizlədirlər.

Milli.Az sizə iş həyatında özünü kişi kimi qələmə verib inanılmaz uğurlar əldə edən qadınlar haqqında maraqlı faktları təqdim edir:

O kişi kimi yaşadı, qadın kimi öldü

1901-ci il yanvar ayının 18-də Nyu-Yorkda siyasətçi kimi tanınan 60 yaşlı amerikalı Murrey Holl vəfat edir. Əsas hadisələr məhz onun ölümündən sonra başlayır. "Newark Daily Advocate" qəzetində gedən məlumatlara görə, ölümünə qədər heç kim onun qadın olduğunu bilməyib: "O, 60 il kişi kimi yaşayıb. Holl həyatında iki dəfə sevdiyi qadınlarla ailə qurub. Əksər kişilər kimi içir, çəkir və dəfələrlə polislərlə mübahisə edirdi. O, bir dəfə azadlığa çıxmaq üçün 40 min dollara yaxın pul ödəyib".

Nyu-York sakinləri bu illər ərzində onun qadın olduğunu hiss etməyiblər. Holl daim cəmiyyət içində olan, şəhərin siyasi həyatında yaxından iştirak edən fəal insanlardan olub. Hətta Nyu-Yorkda qadınların səs vermə hüququnun olmadığı zamanlarda o, seçkilərdə iştirak edib. Qalmaqallı ölümü ilə yadda qalan Hollun tanışları belə, onun həqiqətən kişi olduğuna inandıqlarını deyiblər. Sinə xərçəngindən əziyyət çəkən Hollun həkimi belə ölüm anına qədər onun qadın olduğunu hiss etməyib. O, kimliyini peşəkar şəkildə gizlədib.
1809-cu ildə Edinburqa gedən gəmiyə minən 18 yaşlı sərnişin Marqaret Enn Bakli, sahilə Ceyms Barri adlı cavan oğlan kimi enir. Özünü hərbi həkim kimi təqdim edən Barri Britaniya imperiyası ilə birgə vuruşurdu. Bir dəfə güllələnərək dünyasını dəyişən Barri öləndə belə qadın olduğunu qəbul etməyib. Onun ölümündən sonra belə Barrinin dostları onun qadın olduğuna dair iddiaları inkar edib.

Qadınlıqdan imtina etmək çətin olub

Misirin Luksor şəhərindən olan 65 yaşlı Sisi Abu Dauxun həyatı 1970-ci ildən sonra dəyişib. Həyat yoldaşı vəfat edən qadın balaca qızı ilə çox çətin günlər yaşayıb. Qadın olduğu üçün ərinin ailəsi tərəfindən işləməyə icazə verilməyib. Ata evində təhsil almaq şansı olmayan Sisi mühafizəkar ailədə böyüyüb. Ona tez-tez yenidən ailə qurmalı olduğu deyilirdi.
Sisi bilirdi ki, heç kimin köməyi olmadan da qızını böyüdə bilər. Təhsilsiz olması ona ofis işlərində işləməyə imkan vermirdi. Heç bir sahədə iş təcrübəsi olmayan Sisi nəhayət, kişi olmağa qərar verir. O, saçlarını qırxaraq geniş paltarlar geyinməyə başlayıb. Bununla o xarici görünüşünü gizlətməyə çalışıb. Qadın olmaqdan imtina etməyin çətin olduğunu deyən Sisi bu addımı məhz qızına görə atdığını deyib.
Bundan sonra o, tikintilərdə, fermalarda ağır zəhmət tələb edən işlərdə çalışıb. Deyir ki, heç kim onun qadın olduğundan şübhələnmirdi: "Onlar mənim yaxşı işçi olduğumu deyirdilər. Mənimlə dostluq etməyə çalışan bir neçə nəfər mənə hətta siqaret də təklif edirdi".
Sisi yeni həyatının üstünlüyünü belə izah edib: "Qadın olmaq çətindir. Kişi olmağın ən yaxşı tərəfi yolda gedərkən heç kimin sənə söz atmaması, haqqında həqiqətdən kənar şayiələrin yayılmamasıdır. Ən önəmlisi də odur ki, azad və söz sahibisən".
Hazırda qadın olduğu bəlli olsa da, həyatında heç bir dəyişiklik baş verməyən Sisi 2015-ci ildə Misir prezidenti Abdel Fattax tərəfindən "mükəmməl ana" kimi mükafatlandırılıb. Sisi prezidentin qarşısına 45 ildir əynindən çıxartmadığı köhnə kişi geyimində çıxıb. (publika.az)

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR