Mobil qurğuların sayı 2 dəfə artacaq

Mobil qurğuların sayı 2 dəfə artacaq
08:42 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış "Ericsson" şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə mobil genişzolaqlı şəbəkələrə qoşulmaların sayı 4,6 milyard təşkil edib ki, bu da ötənilki göstəricilərdən 25% daha çoxdur. 2022-ci ilə bu göstəricinin 8,3 milyardadək, mobil rabitə şəbəkələrində trafikin həcminin isə 8 dəfə artacağı gözlənilir.

Məlumata görə, 2017-ci ilin yanvar-martında təxminən 107 milyon nəfər mobil internetdən istifadəyə başlayıb. Beləliklə, hər gün 1 milyondan çox yeni istifadəçi mobil internetə qoşulur.

"Ericsson Mobility Report" adlı hesabata görə, 2018-ci ildə "LTE" texnologiyası dünyada geniş yayılacaq. 5 il ərzində "LTE" abunəçilərinin sayı 2,5 milyarda yaxınlaşıb, halbuki "3G" şəbəkəsində buna 8 il vaxt lazım olub. 2017-ci ilin birinci rübündə "LTE" şəbəkəsində yeni istifadəçilərin sayı 250 milyon nəfər artıb.

"Ericsson" şirkətinin proqnozuna görə, 2022-ci ilə 500 milyondan çox abunəçi (əşyalar interneti qurğuları nəzərə alınmır) beşinci nəsil şəbəkəsindən istifadə edəcək və dünya əhalisinin 15%-i sözügedən şəbəkənin əhatə zonasında yaşayacaq.

"Ericsson" şirkətinin proqnozuna görə, yaxın illərdə videoməzmun mobil trafikin həcminin artımına səbəb olacaq. 2016-cı ilin sonuna mobil genişzolaqlı şəbəkələrdə ötürülən məlumatların ümumi həcmində videonun payı 50% təşkil edib. 2022-ci ilin sonuna kimi bu göstərici 75%-dək artacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR