“SOCAR Methanol” istehsal gücünü iki dəfə artıracaq

“SOCAR Methanol” istehsal gücünü iki dəfə artıracaq
10:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunun illik istehsal gücünün 2019-cu ildə 500 min tona çatdırılması nəzərdə tutulur.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev Moskvada keçirilən “Metanol 2017” konfransında bildirib.
O qeyd edib ki, zavodda istehsal bərpa olunandan 80 min ton metanol istehsal edilib. “Bu il zavodda 250 min ton metanol istehsalı planlaşdırılır. Metanol zavodunun layihə gücü isə ildə 650-700 min ton təşkil edir. 2019-cu ildə Azərbaycanda qaz hasilatının gözlənilən artımı zavodun məhsul istehsalında da əhəməyyətli artıma imkan yaradacaq. Bu məqsədlə bu il müəssisədə əsaslı təmir işləri həyata keçiriləcək. Gələcəkdə isə şirkət profilaktik işləri hər il deyil, iki ildə bir dəfə həyata keçirməyi planlaşdırır”.
Baş direktor yerli bazarın payının 10-15%-ə çatdırılmasının vacibliyini də qeyd edib. Hazırda metanolun ümumi satışında daxili bazarın payı 5% təşkil edir.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” şirkəti tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu bu ilin yanvar ayından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini bərpa edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR