"Atamın oğlu da olsa, söyüşü bağışlamıram" - Silsilə cinayət törədən şəxs

"Atamın oğlu da olsa, söyüşü bağışlamıram" - Silsilə cinayət törədən şəxs
12:05 22 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl, dələduzluq, soyğunçuluq törətməkdə təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror  ittiham aktını nəticəvi hissəsini elan edib. 
 
İttihama görə, Z.Məmmədov Bakıda apteklərdən birində Tərlan Aslanovun etibarından sui-istifadə edib onun mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmayıb və oradan uzaqlaşıb.
 
Bundan başqa o, Firuddin Hüseynovdan su qızdırıcısı almaq üçün razılaşıb. Evdə qızdırıcını alan zaman aralarında mübahisə yaranıb. Bu zaman Z.Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək F.Hüseynovun başından bir neçə zərbə vurub. F.Hüseynov oradaca ölüb. Z.Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.
 
Z.Məmmədov digər cinayət əməlində isə Bakı sakini Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə talayıb.
 
İttihamlara görə Zakir Məmmədov özünü qismən təqsirli bilib.
O, soyğunçuluq etmədiyini deyib: "Rəhmətliyin mənə borcu var idi, 100 manatı da ona görə ölmədən əvvəl mənə vermişdi. Pul yerə düşməmişdi. Dələduzluq etmişəm, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm. Rəhmətlik söyüş söydü, ona görə vurdum. Mən söyüşü bağışlamıram, atamın oğlu da olsa". 
 
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi, F.Hüseynovun qardaşı Fazil Hüseynov dindirilib. O bildirib ki, hadisə günü qardaşına zəng etsə də, o, telefonuna cavab verməyib: "Bacım və bacım oğlu ilə evinə getdik. Mənzilin qapısı bağlı idi. Bacım oğlunda açar var idi, onunla qapını açdı, içəri girib evdə meyiti gördük".
  
Təqsirləndirilən şəxsin qardaşı Kamran Məmmədov ifadəsində hadisə olan binanın qarşısında olduğunu dilə gətirib: "Qardaşımı gözləyirdim. Mən heç nəyin şahidi olmamışam. Sadəcə maşında oturub Zakiri gözləyirdim. O, bloka girib yuxarı qalxdı. Mən qara "Mercedes" taksidə gözləyirdim. Sonra sakitcə düşüb gəldi. Üstündə qan yox idi, həyəcanlı da deyildi. Mənə də heç nə demədi".
  
Peoses iyunun 30-da davam edəcək.
 
Qeyd edək ki, qətli törədən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var. Qətl hadisəsi 2017-ci il fevralın 5-də baş verib. 64 yaşlı Firuddin Hüseynovun Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində meyiti tapılıb.
 
Qətl hadisəsindən əvvəl Z.Məmmədov dələduzluq etdiyi üçün axtarışda olub. 
 
Ona Cinayət Məcəlləsinin müaviq maddələri ilə ittiham verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR