Tarixdə 22 iyun İZİ: düşmənə qanudduran azərbaycanlılar - FOTOLAR

Tarixdə 22 iyun İZİ: düşmənə qanudduran azərbaycanlılar - FOTOLAR
13:03 22 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bildiyiniz kimi, 22 iyun tarixi İkinci Dünya müharibəsinin başladığı gündür.

Publika.az İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolunu qısa da olsa diqqətinizə çatdırır.

Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.

1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.

Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!"

Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

Beləliklə, iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Azərbaycan faşizmə qarşı müharibədə

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynnbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü.

Moskvanın müdafiəsində

Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi.

Stalinqradın müdafiəsində

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Şimali Qafqaz uğrunda

Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

77-ci milli atıcı diviziya

Azərbaycanın 77-ci milli atıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı.

223-cü milli atıcı diviziya

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı.

402-ci milli atıcı diviziya

Tərkibi 90% azərbaycanlılardan ibarət olan 402-ci milli atıcı diviziya 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı- Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə fərqlənmişdi.

416-cı milli atıcı diviziya

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, "Taqanroq diviziyası" adına layiq görüldü.

Bakı nefti

1941—1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı neftinin Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi.

Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.

Arxa cəbhə

Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib. Ölkə qospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

22 iyun dünya tarixinin ən kədərli səhifələrindən biri sayılır.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/203563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR