Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir (VİDEO)

Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir (VİDEO)
13:36 22 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Mərkəzi tərəfindən uşaqların asudə vaxtlarını səmərəli keçirilməsi, eləcə də sakinlərin, qonaqların həftə sonlarında maraqlı istirahəti məqsədilə silsilə tədbirlər, əyləncə proqramları təşkil edilir.

Bu tədbirlərdə əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli, mənalı və maraqlı təşkili ilə bərabər, həm də faydalı keçirilməsidir. Belə ki, tədbir təşkilatçıları tərəfindən uşaqlarda yaradıcı təfəkkürün və dünyagörüşün formalaşdırılması əsas hədəf seçilib. Eləcə də, uşaqların fiziki sağlamlığı prioritet seçilərək onlarda idmana maraq oyatmaq məqsədilə xüsusi tədbir düşünülüb.

Tədbir təşkilatçıları tərəfindən bu bazar günü nəzərdə tutulan şahmat turniri isə uşaqların asudə vaxtlarını həm də zehni məşğələlərlə faydalı keçirmələrinə şərait yaradacaq.

Trend-in məlumatına görə, beləliklə, iyunun 24-də saat 16:00-da Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti rəsm dərsi təşkil olunacaq. Dərslərdə 4-16 yaş arası uşaqlar iştirak edə bilər.

Tədbirin məqsədi uşaqların rəssamlığa marağının artırılması, eləcə də onlar üçün açıq havada maraqlı əyləncənin təşkilidir.

Rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, Rəssamlar İttifaqının üzvü, “Tonus Klubu”nun müəllimi Röya Həsənova keçəcək.

Dərsə giriş sərbəstdir.

Rəsm üçün bütün ləvazimatlar dərs zamanı veriləcək. Uşaqların rəsm ləvazimatlarını özləri ilə gətirməsinə və əvvəlcədən qeydiyyata ehtiyac yoxdur.

Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında “East or West” qrupu konsert proqramı ilə çıxış edəcək.

Konsert “Colorbots Show” ilə müşayiət olunacaq.

Həftəsonunu maraqlı, əyləncəli keçirmək istəyənlər “East or West”in açıq havada keçiriləcək konsertinə dəvətlidirlər. Giriş sərbəstdir.

İyunun 25-i saat 10:00-da isə Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün taekvando dərsi təşkil olunacaq.

Dərsi taekvando üzrə ikiqat Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov keçəcək.

Yaş həddi 5-16, giriş sərbəstdir.

İştirak etmək istəyənlər dərsə taekvando formasında (dobok) qoşula bilər. Eləcə də marağı olanlar taekvondoçuların çıxışını izləyə bilər.

Bundan başqa, iyunun 25-də saat 17:00-da Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçiriləcək. Tədbirdə 5-16 yaşlı şahmatçılar iştirak edə bilər.

Tədbirin məqsədi şahmatın ölkədə təbliği və uşaqların açıq havada səmərəli vaxt keçirməsinin təşkilidir.

Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri nəzarət edəcək.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Turnirdə iştirak ödənişsizdir.

Yerlər məhdud olduğu üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyatdan keçmək üçün iştirakçının adı, soyadı və doğum tarixini info@heydaraliyevcenter.az e-mail ünvanına göndərmək xahiş olunur.

Əlavə məlumat üçün: (012) 565 26 17

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR