"Erməni xalqı hakimiyyəti işğal edən bir qrupun girovundadır" - Aynur Camalqızı

"Erməni xalqı hakimiyyəti işğal edən bir qrupun girovundadır" - Aynur Camalqızı
13:53 22 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və Qafqazda oynadığı destruktiv rol təkcə torpaqlarımızın 20 ildən artıqdır işğalda saxlaması, 1 milyondan artıq qaçqın-köçkünlə humanitar fəlakətə səbəb olması, 90-cı illərdə törətdiyi Bakı terrorları, vaxtışırı təxribat və s. saymaqla bitməyən əməllərlə yekunlaşmır, bu siyasət bölgənin informasiya məkanını da sözün həqiqi mənasında işğal edib və bu, daha böyük miqyasda həyata keçirilir.

Publika.az xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda keçirilən beynəlxalq ictimai forumdakı çıxışında deyib. Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, ekspertlərin iştirak etdiyi forumda “Ermənistanın işğalçılıq siyasəti: informasiya təhlükəsizliyinin təmin olunmasında medianın rolu” mövzusunda xüsusi məruzə edən A.Camalqızı bildirib ki, əslində Ermənistan Qafqazın informasiya mühitini də işğal edib:

“Əgər Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, ümumilikdə Azərbaycanın 20 faiz torpağını bütün beynəlxalq normalara zidd olaraq, BMT qətnamələrini heçə sayaraq işğalda saxlayırsa, bu siyasətin nəticəsi bölgənin informasiya mühitini 80 faiz işğal edib.

Ermənistan hakimiyyəti ölkədəki diktaturanı, korrupsiya və talançılığı, iqtisadi iflası ört-basdır etmək üçün öz xalqını yalançı “Böyük Ermənistan” ideologiyanın və dırnaqarası patriotizmin girovuna çevirib. Bu ölkənin inkişafı üçün çalışan və rəsmi siyasət nəticəsində xalqın sürükləndiyi uçurumdan çıxış yolları axtaran istənilən şəxs bir anda “vətən xaini” elan olunur. Biz bunu bir neçə ay öncə Ermənistanda total saxtakarlıqla müşahidə olunan seçkilər zamanı işğal siyasəti və bunun dəhşətli nəticələri barədə açıq-aşkar danışan Levon Ter-Petrosyana münasibətdə aydın müşahidə etdik.

Erməni xalqı faktiki olaraq Ermənistanda hakimiyyəti işğal edən bir qrupun girovundadır. Onların yürütdüyü dağıdıcı siyasət isə informasiya məkanını bütünlüklə təsir altında saxlayır”.

A.Camalqızı bu informasiya təhdidinin ümumi mənzərəsini də təqdim edib:

“1. Ermənistan hakimiyyətinin girovunda olan media bütövlükdə öz siyasətini Azərbaycana qarşı təbliğat üstündə qurub; Bu media, tutaq ki, Azərbaycanın işğal altında saxlanılan nəzarətsiz ərazilərinin narkoticarətin bölgədəki əsas ocağına çevrilməsi və yerli sakinlərin bu dəhşətlərdən necə əziyyət çəkməsini ictimailəşdirə bilmir.

2. Erməni mediası Yaxın Şərqdəki terrorçuların Qarabağda yerləşdirilməsinə yalnız hakimiyyətin işğal siyasətinin tərkib hissəsi kimi haqq qazandırmağa çalışır və buna müəyyən mənada nail olur;

3. Beynəlxalq qurumlar və ictimaiyyət saxta erməni iddiaları və yalanları ilə doldurulur;

4. İnformasiya manipulyasiyaları ilə Azərbaycan cəmiyyətində informasiya təcavüzünə cəhd edilir;

Ermənistanın təxribatçı informasiya siyasəti əslində bölgənin demokratikləşməsi və Qərbə inteqrasiyasında ən ciddi əngəldir. Demokratik cəmiyyət ilk növbətə azad media və müstəqil qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti strukturlarının formalaşmasından keçir. Bu ölkədə isə media faktiki olaraq yalançı ideoloji savaş aparmaqla, informasiya manipulyasiyaları və təxribatla məşğuldur”.

A.Camalqızı bildirib ki, ermənilərin bu özünüməhvə aparan siyasətinin bölgədə informasiya təhlükəsizliyinə ciddi zərbəsinin qarşısını almaq üçün Azərbaycan mətbuatından çox şey tələb olunur:

“1. İnformasiya manipulyasiyasını müəyyənləşdirmək üçün peşəkar yanaşma; Son dövrlər Ermənistan rejiminin cəbhədə baş verənlərlə bağlı yanlış informasiyalar yayaraq, Azərbaycan cəmiyyətini çaşdırmağa hesablanan addımlar atması kimi təhlükəli tendensiya yaranıb. Media olaraq bu məsələdə üzərimizə böyük məsuliyyət düşür. Çünki Azərbaycanda dövlətin mediaya müdaxiləsi yoxdur və istənilən jurnalist əldə etdiyi məlumatı yaymaq hüququna malikdir. Lakin yaradılmış azad və sərbəst mühitdən qeyri-peşəkar istifadə hallarının olduğunu da təəssüflə qeyd etməliyik. Bəzən sensasiya yaratmaq məqsədilə, bəzən qeyri-peşəkarlıq nəticəsində erməni yalanlarını tirajlayan media quruluşlarımız olur. Xüsusilə cəbhədə baş verənlərlə bağlı qarşı tərəfin təxribatçı informasiyalarının ictimaiyyətləşdirilməsi kimi neqativ hallarla üzləşirik. Hesab edirəm ki, bu məsələdə media üzərinə düşün missiyanın fərqində olmalıdır.

2. İnformasiya təhlükəsizliyində başlıca amillərdən biri informasiya resurslarına kiber-hücumlarıdır. Ermənistanda düşünülmüş şəkildə Azərbaycanın informasiya resurslarına daimi hücumların həyata keçirilməsi isə heç kəsə sirr deyil. Əlbəttə, bunun çox ciddi fəsadını müşahidə etməmişik, çünki bizim informasiya məkanımız layiq olunan səviyyədə qorunur. Ancaq bu hücumların dəf edilməsi və daimi nəzarət əsas işimizdən birinə çevrilməklə, vaxt, enerji və maddi itkilərlə müşayiət olunur.

3. İnformasiya təhlükəsizliyində artıq qəbul olunub ki, xarici təhdiddən daha çox, daxili təhdid mühüm rol oynayır. Belə ki, xarici təhdid burda 20 faiz civarında ölçülürsə, daxili təhdid 80 faizlə qiymətləndirilir. Ona görə də informasiya təhlükəsizliyində daxildəki təhdidlərlə mübarizə də bizim üzərimizə əlavə məsuliyyət qoyur. Bu təhdidlərin sırasında mühafizə olunan informasiyaların mövcud olduğu təşkilatlardan xəbər sızıntısının qarşısını almaq milli təhlükəsizliyə aid məsələdirsə və bununla rəsmi qurumlar məşğul olursa, hazırda heç bir sərhəd tanımayan və tam açıq, istənilən fikri ictimailəşdirmək fürsəti verən sosial şəbəkələrdəki təhdidin qarşısının alınması həm də medianın üzərinə düşür. Hər şeydən öncə ona görə ki, artıq sosial şəbəkələr onlayn medianın əsas informasiya mənbəyi rolunda çıxış etməyə başlayıb və bu tendensiya dünyanın ən nüfuzlu media qurumlarında da tətbiq olunur. Sadəcə, bu informasiya mənbələrinin yoxlanılması, dəqiqləşdirilməsi, başqa sözlə desək, yayılan xəbərlərə peşəkar münasibət olduqca vacibdir. İkincisi, sosial şəbəkələrdə təhlükəsizliyi təhdid edən informasiyanın dərhal qarşısının alınması üçün təsdiqlənmiş xəbərlərin də dövriyyəyə buraxılması bizim məsuliyyətimizə aiddir. Bu sırada isə əlbəttə ki, “əlçatan” və “tam” kimi kateqoriyalarla izah edilən informasiyaların əldə edilməsinə rəsmi qurumların müvafiq şöbələri də yardımçı olmalıdırlar.

Bir misal çəkək: Azərbaycan dilini yaxşı bilən ermənilər müxtəlif sosial şəbəkələrdə Azərbaycan adları ilə qeydiyyatdan keçir və ictimai rəyi yönləndirməyə hesablanan yanlış məlumatlar paylaşırlar. Dəfələrlə sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinin ermənilərin bu oyunlarına aldandığının şahidi olmuşuq. Bir neçə ay öncə Ermənistanın cəbhədə növbəti təxribatları zamanı erməni istifadəçilər sosial şəbəkələrdə “Hərbi məlumatlar” adlı səhifə yaratmışdı. Bu səhifədə Azərbaycan Ordusu ilə bağlı yalan məlumatlar yayılırdı. Həmçinin, hazırladıqları saxta videolar paylaşılırdı.

Əlbəttə, bu informasiya təxribatının qarşısı alındı. Ancaq növbəti belə təhdidlərin olacağı da şübhəsizdir.

Bəzən isə sosial şəbəkə istifadəmilərinin məsuliyyətsiz paylaşımları da informasiya təhlükəsizliyini təhdid edir. Fikrimizcə, bu təhdidlərin qarşısını almaq üçün ilk növbədə sosial şəbəkələrdən istifadə ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bununla yanaşı, hesab edirik ki, məxfi olmayan, tam və əlçatan informasiyaların vaxtında ictimailəşməsi bu təhdidin qarşısını alan əsas vasitədir. Belə ki, ictimaiyyətin diqqət mərkəzində olan fövqəladə olay zamanı bu tip informasiya təhdidinin daha böyük auditoriyaya yayılma ehtimalını nəzərə almaqla, ən qısa tezliklə tam informasiyaların tirajlanması vacibdir. Tam və əlçatan informasiyaların təminində isə media qurumları ilə bərabər, rəsmi qurumların aidiyyəti şöbələrinin də operativliyi çox mühümdür. İnformasiya boşluğunun yaranması informasiya təhdidi üçün böyük imkanlar açır.

3. Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə apardığı kimi, mediamız da Ermənistan təbliğat vasitələrinin girovuna çevrilən erməni ictimaiyyətinin, xüsusilə Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin tam və dolğun informasiya ilə təmin olunması istiqamətində addımlar atmalıdır. Bu sırada bir neçə media qurumumuzun erməni dilində versiyalarını yaratması və Azərbaycan vətəndaşları olan ermənilərə onların öz dilində informasiya çatdırması yönündə atdığı addımlar təqdirəlayiqdir. Hesab edirəm ki, bu istiqamətdə işləri davam etdirmək uğurlu nəticələrə gətirib çıxarardı.

Əlbəttə, burada məqsəd heç bir tərəf tutmadan dolğun və tam informasiyaların çatdırılmasıdır. Məsələ burasındadır ki, erməni media qurumları yalnız Qarabağ məsələsində deyil, beynəlxalq informasiyada da erməni ictimaiyyətini birtərəfli, daha çox Rusiya mediasının mövqeyindən məlumatlandırırlar və bir çox hallarda informasiya blokadasına alırlar. Dünyadakı son proseslər və Qərbin mövqeyi, Qərb informasiya vasitələrinin tam və dolğun informasiyası bir çox hallarda erməni ictimaiyyətinə çatdırılmır və beləliklə, bu cəmiyyətdə antiqərb təsəvvürlərinin yaranmasına köklənən təbliğat qurulur. Ən azı Azərbaycan vətəndaşları olan ermənilərin bu yanlış yönləndirmədən xilas olması üçün bizim medianın da üzərinə missiya düşür. Bu missiya isə yalnız peşəyə sədaqət, dəqiq və qərəzsiz informasiyanın yayılmasını təmin etməkdir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR