Düşmənin səngər döyüşü SSENARİSİ: Bakıdan İrəvana SƏRT SÖZLƏR - FOTOLAR

Düşmənin səngər döyüşü SSENARİSİ: Bakıdan İrəvana SƏRT SÖZLƏR - FOTOLAR
14:18 22 İyun 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forum öz işinə başlayıb.



Publika.az
xəbər verir ki, forumun moderatoru, BMAM sədri Rufiz Qonaqov Ermənistanın status-kvonu qorumaq üçün əlindən gələn hər şeyi etdiyini, təmas xəttində təxribata əl atdığını deyib. Hazırda cəbhə xəttində erməni təxribatının davam etdiyini diqqətə çatdıran R.Qonaqov Qarabağ münaqişəsinin regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu vurğulayıb.

Prezident Administrasiyasının rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun sədr müavini Vüsal Quliyev bildirib ki, son iki əsrdə erməni millətçilər tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” xülyasını həyata keçirimək üçün xalqımıza qarşı terror və soyqırımı aktları həyata keçirib: “XX əsrin sonlarında mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal altına düşüb. İşğal olunmuş ərazilərin hamısında etnik təmizləmə siyasəti həyata keçirilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub”.

PA rəsmisi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

“Azərbaycan dövlətinin əsas siyasi xətti də ərazi bütövlüyümüzün bərpasıdır. Aprel döyüşlərində Azərbaycan ordusu düşmən üzərində böyül qələbə qazandı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan sülh istəmir. Həmçinin, dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Prezident İlham Əliyev bu fikirləri də ərazi bütövlüyümüzün yaxın dövrdə bərpa olunacağına böyük ümidlər yaradır”, - deyə V.Quliyev qeyd edib.



Milli Məcisin deputatı, professor Elman Nəsirov forumda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə” məruzəsi ilə çıxış edib.

E.Nəsirov bildirib ki, 1988-91-ci illərdə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münaqişə deyildi: “SSRİ dağılandan sonra isə beynəlxalq münaqişəyə çevrildi. Bu gün Qarabağ münaqişəsi dünyada həlli mürəkkəb olan problemlərdən biridir. Bunun səbəbləri isə regionda böyük güclərin maraqlarının olmasıdır”.

Millət vəkili hesab edir ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycan mövqeləri ilə yanaşı, Rusiya, ABŞ, İran, Türkiyə, ABŞ və Avropa İttifaqı kimi qlobal və regional güclərin maraqları üst-üstə düşməlidir.

“Bu gün münaqişədə dördün birə nisbəti var. Yəni Ermənistan və Minsk qrupunun həmsədr ölkələri olan ABŞ-Rusiya-Fransa xristian ölkələridir, Azərbaycan isə müsəlman ölkəsidir. Burada müsəlman ölkəsinə qarşı təcavüz var. Paritetin yaranması üçün Türkiyə, Pakistan, Qazaxıstan kimi müsəlman ölkələr də münaqişənin həlli prosesinə cəlb edilməlidir”, - deyə o vurğulayıb.



“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” məruzəsi ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev hazırda təmas xəttində baş verənlərə diqqət çəkib və qeyd edib ki, bu, II Dünya müharibəsi ssenarisini xatırladır: “Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdiddir. Bunun da kökündə Ermənistanın Azərbaycana təcavüzü dayanır. 1994-cü ildə imzalanan atəşkəs sazişi işğalın aradan qaldırılmasına zəmin yaratmalı idi. Lakin ötən müddət ərzində Ermənistan atəşkəs sazişindən, həmçinin, bu müddətdə qəbul edilmiş sənədlərdən işğalçılıq siyasətini davam etdirmək üçün sui-istifadə edib. Hazırda təmas xəttində II Dünya müharibəsinin səngər döyüşünün ssenarisi var. Bu regional təhlükəsizlik üçün böyük təhdiddir”.

H.Hacızadə qeyd edib ki, danışıqlar prosesinin hazırkı mərhələsində Ermənistanın strategiyası dəyişməyib.

“Ermənistan danışıqları imitasiya edir və bunun arxasında gizlənərək, beynəlxalq ictimaiyyəti aldadır. Halbuki, beynəlxalq ictimaiyyət, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri substantiv danışıqların aparılması çağırışı edir. Azərbaycan daim substantiv danışıqları dəstəkləyib və bu gün də belə danışıqlara tam hazırdır. Sonuncu dəfə prezidentlərin Sankt-Peterburq görüşündə substantiv danışqılar aparılıb. Bu görüşdə Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, qaçqınların geri qayıtması məsələsi əsas müzakirə mövzusu idi. Lakin Ermənistanın işğal strategiyasının mahiyyəti dəyişməyib”, - deyə XİN sözçüsü vurğulayıb.

H.Hacıyev həmsədrlərin regiona son səfərinə toxunaraq, Azərbaycan ictimaiyyətinin haqlı etiraz etdiyini bildirib. Onun sözlərinə görə, Minsk qrupu ictimaiyyətin bu etirazından nəticə çıxartmalıdır.



Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Ermənistanın işğalçılıq siyasəti: Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən əsas faktor kimi” mövzusunda çıxış etdiyi məruzədə münaqişə ətrafında beynəlxalq aktorların maraqlarından danışıb.

Forumda “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı xüsusi məruzə ilə çıxış edib.

"Erməni xalqı hakimiyyəti işğal edən qrupun girovluğundadır" - Aynur Camalqızı

Habelə Qarabağ Araşdırmaları Mərkəzinin sədri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzün nəticələri”, Filalogiya elmləri namizədi Rövşən Məmmədov “Ermənistanın işğalçılıq siyasətinin ifşasında media və sosial şəbəkələrin fəaliyəti”, Milli Məclis jurnalının baş redaktoru Ülviyə Abdullayeva “Qafqazın başı üzərində nüvə kabusu: “Metsamor” Atom Elektrik Stansiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, forumda Azərbaycanda akreditasiya olunmuş diplomatik korpusların nümayəndələri, Milli Məclisin deputatları və siyasi ekspertlər də iştirak edib.

Asif,

Fotolar: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR