İqor Dodon Azərbaycan Prezidentini Moldovaya rəsmi səfərə dəvət edib

İqor Dodon Azərbaycan Prezidentini Moldovaya rəsmi səfərə dəvət edib
14:37 22 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ “Əvvəla, Azərbaycana, Bakıya səfər etmək üçün rəsmi dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimizin prezidentləri çoxdan idi ki, görüşmürdülər və əminəm ki, ali siyasi səviyyədə görüş ikitərəfli münasibətlərimizə yeni təkan verəcək”.
“Report” xəbər verir ki, bunu iyunun 22-də Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 
“Biz çox böyük məsələlər blokunu müzakirə etdik, lakin əgər onları strukturlaşdırsaq, onda əsasən üç istiqamət alınacaq. Bunlar iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı bu ilin sonunadək keçirilsin",-deyə dövlət başçısı bildirib. 
O qeyd edib ki, Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq ikitərəfli iqtisadi münasibətlərə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünün təşkil olunması planlaşdırılır: "Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır.
Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq".
"Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.
Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaq və o vaxta qədər hansı konkret ışlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun”, -deyə İ.Dodon əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-qor-dodon-azerbaycan-prezidentini-moldovaya-resmi-sefere-devet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR