Prezident İqor Dodon: Moldava və Azərbaycan ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacaqlar

Prezident İqor Dodon: Moldava və Azərbaycan ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacaqlar
14:50 22 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Moldava və Azərbaycan ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacaqlar.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Moldova Prezidenti bildirib: "Əvvəla, Azərbaycana, Bakıya səfər etmək üçün rəsmi dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimizin prezidentləri çoxdan idi ki, görüşmürdülər və əminəm ki, ali siyasi səviyyədə görüş ikitərəfli münasibətlərimizə yeni təkan verəcək.

Biz çox böyük məsələlər blokunu müzakirə etdik, lakin əgər onları strukturlaşdırsaq, onda əsasən üç istiqamət alınacaq. Bunlar iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir".

İ.Dodonun sözlərinə görə, iqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir: "Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı bu ilin sonunadək keçirilsin.

Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq biz ikitərəfli iqtisadi münasibətlərimizə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünü təşkil etməyi planlaşdırırıq. Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır".

Dövlət başçısı əlavə edib: "Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq.

Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.

Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaq və o vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR