“Skype”ın fəaliyyətində qlobal nasazlıq aradan qaldırılıb

“Skype”ın fəaliyyətində qlobal nasazlıq aradan qaldırılıb
15:35 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyasına məxsus “Skype” messencerinin nümayəndələri iyunun 19-da servisin fəaliyyətində baş verən nasazlığın aradan qaldırılmasını açıqlayıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, iyunun 21-də axşam dərc edilən məlumata görə, problem tam aradan qaldırılıb. Şirkət nasazlığa nəyin səbəb olması barədə məlumat vermir.  
 
Qeyd edək ki, “CyberTeam” haker qruplaşması “Skype”ın işində nasazlığın yaranmasına görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma nümayəndələrinin sözlərinə görə, “Skype”a qarşı “DDoS” hücumu onlar tərəfindən təşkil edilib, lakin indiyədək bəyanat öz təsdiqini tapmayıb.
 
Xatırladaq ki, iyunun 19-da “Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan qlobal nasazlıqdan şikayətlənməyə başlayıblar. Messencerlə bağlı problemlər haqqında məlumatlar iyunun 20-21-dək sosial şəbəkələrdə yayılmaqda davam edib.
 
2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş verib. İstifadəçilər bildirişlərdə, eləcə də məlumatların göndərilməsində problemlərlə qarşılaşıblar.
 
Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.
 
Qeyd edək ki, “Skype Technologies” şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə “Microsoft” korporasiyası “Skype”ı  8,5 milyard dollara satın alıb. 

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48599-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR