Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanlarının nümayəndələri Azərbaycanda səfərdədir

Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanlarının nümayəndələri Azərbaycanda səfərdədir
17:17 22 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin azərbaycanlı həmkarları ilə görüşü keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya ölkələri üçün "Nəzarət-buraxılış məntəqələrinin potensialının gücləndirilməsi əsasında Əfqanıstandan şimal marşrutu yolu ilə narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və sərhəd sahəsində qarşılıqlı fəaliyyət ofislərinin yaradılması" layihəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan gömrük, sərhəd və daxili işlər orqanlarının təmsilçiləri iştirak edib.
Tədbirdə giriş sözü ilə DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və sərhəd sahəsində qarşılıqlı fəaliyyətin önəminə toxunaraq bu işdə təcrübə və məlumat mübadiləsinin zəruriliyini vurğulayıb. O, qeyd edib ki, bütün dünyada aktual məsələlərdən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müvafiq tədbirlərin daha çevik və səmərəli şəkildə həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq xüsusilə əlverişli şərait yaradır.
Öz növbəsində, digər çıxış edənlər bu görüşün Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələri üçün xüsusi maraq doğurduğunu və qarşılıqlı fəaliyyətə mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin "Sərhəd əməkdaşlığı" regional layihəsi barədə məlumat təqdim olunub.
Daha sonra görüşdə Azərbaycanda gömrük nəzarəti sistemi, transsərhəd əlaqələr və əməkdaşlıq, idarələrarası əməkdaşlıq və hüquqi əsaslar, DGK əməkdaşları üçün texniki təchizat və tədris proqramları, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıq sahəsində vəziyyət mövzusunda diskussiya keçirilib.
Qeyd edək ki, Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır. İyunun 21-də nümayəndə heyəti Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna baş çəkib, postun rəhbərliyi ilə görüşüb. Eyni zamanda, postun fəaliyyəti ilə yaxından tanış olan qonaqlar onları maraqlandıran məsələlər ətrafında müzakirə aparıblar.
Mərkəzi Asiya dövlətlərinin hüquq-mühafizə orqanları nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində sonuncu görüşün iyunun 23-də Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda keçirilməsi nəzərdə tutulub.
Bundan öncə nümayəndə heyəti eyni məqsədlə Gürcüstanda da səfərdə olub.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/merkezi-asiya-dovletlerinin-huquq-muhafize-orqanlarinin-numayendeleri-azerbaycanda-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR