Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? - VİDEO - FOTO

Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? - VİDEO - FOTO
17:17 22 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün baş bəlasına çevrilib.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı reportaj yayımlanıb.

Avro 2, Avro 4, Avro 5 standartlarına keçid, keyfiyyətin daha da artacağına və ekoloji cəhətdən təmiz yanacağın olacağına dair inam formalaşdırdı. Ancaq aparılan müşahidələr və ortaya çıxan nəticələr göstərir ki, sürücülər benzinin keyfiyyət və kəmiyyətində hələ də aldadılır. İstifadəçilərin sözlərinə görə, yanacağın tərkibindəki oktanın faizi aşağı salınır ki, alınan benzin daha tez sərf olunsun.

Sürücü: "10 litr benzin alıb vurursan, gedib evə maşını qoyub səhər görürsən ki, bitib. Buxarlanma çoxdur. Benzin yox səviyyəsindədir". 

Sürücülər üçün yaşanan problem ancaq benzinin tez bitməsi ilə yekunlaşmır. Keyfiyyətsiz yanacaq avtomobillərin detallarını da tez sıradan çıxardır. Belə olduğu halda da sürücü əlini bir dəfə deyil, dəfələrlə cibinə atmalı olur.

Ölkəmizin bütün bölgələrinə yanacaq bir yerdən satışa çıxarılır. Ancaq maraqlısı budur ki, yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti müxtəlif olur. Belə nəticəyə gəlmək olar ki, benzinin keyfiyyətsiz olmasında sahibkarların rolu daha çoxdur. YDM əməkdaşları isə avtomobildə yaşanan hər problemin benzinin üzərinə atılmasını da doğru hesab etmirlər.

Elnur Həmidov (YDM əməkdaşı): "Bir dənə yekə maşın saxladaq, görək narazı olan varmı. Bir dənə də köhnə maşın saxladaq, ili köhnədir, maşın düzgün işləmir, ustaya getmir. Hər şeyi də benzinin üstünə qoyurlar. Düzdür, benzinin xarabı da var. Hamısını qoymaq olmaz bizim üstümüzə".

Keyfiyyət problemi ilə yanaşı, həm də avtomobilin çəninə yanacağın az vurulması məsələsi də var. Əksər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyəti bir başqa, benzinin az vurulması isə başqa bir problemdir. Yəni sürücülər ancaq benzinin keyfiyyətindən deyil, kəmiyyətindən də korluq çəkirlər.

Bəxtiyar Əmirli (ekspert): "40 litrlik benzin bakına 50 litrlik benzin yerləşdirirlərsə, bu elə kəsimdən xəbər verir. Bu artıq pul deməkdir".

Bir sıra ölkələrdə bu problem artıq öz həllini tapıb. Yanacaqdoldurma məntəqələrində xüsusi qurğular qoyulur ki, istehlakçı aldığı benzinin miqdarının düzlüyünü bu aparatla yoxlaya bilir. Eyni zamanda istehlakçılar üçün müstəqil laboratoriyalar fəaliyyət göstərir. Həmin laboratoriyalarda benzinin keyfiyyətindən şübhəli qalan istehlakçılar analizin cavabı ilə tanış olmaq imkanları əldə edirlər.

Hər halda biz bu sahədə yaşanan problemləri çəkib, çıxış yolunu göstərməyə çalışdıq. Onların həllinə gəldikdə isə, bu artıq aidiyyatı qurumların üzərinə düşən məsələdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar?

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR